Geri
02/10/20
Qələbə günü uzaqda deyil!
Azərbaycan xalqı çox məkrli, arxalı qəvi bir düşmənlə öz ərazisində çox haqlı olaraq öz torpaqları uğrunda mübarizə aparır. Bizim tərəfimizdən bu müharibə çox ədalətli Vətən müharibəsidir, çünki biz işğal olunmuş öz halal torpaqlarımıza iddialıyıq. Xalqımız öz Prezidentinin ətrafında sıx birləşərək xalqla dövlətin birliyini və həmrəyliyini nümayiş etdirməklə yanaşı, qələbəyə böyük əzm və inamlarını da ifadə etmiş oldu.
Biz bu mübarizədə Prezidentimizin böyük siyasi iradəsinə, qətiyyətli mövqeyinə və şərlə debatda fərqli mürtəce, neondertal düşüncələri sındıran, məhv edən, dünya efir məkanında kimin kim olduğunu aydın, dərin zəkasıyla sübut edən müdrik siyasətinə arxalanırıq. Əminik ki, məhz belə müdrik siyasətin Vətənin dar günündə bir stol ətrafında cəmləşdirdiyi bizim siyasi partiyalarla – ikisi istisna olmaqla – mütəşəkkilliyimiz, birliyimiz qələbəmizə əsas yardımçı olacaqdır.
Dövlət başçımızın gərgin situasiyalarda çevik, məqsədyönlü fəaliyyəti beynəlxalq hüququn, konvensiya sənədlərinin bütün prinsip və normalarına uyğundur. Məhz bu cür mövqe nümayişi bizə dünya dövlətlərinin hörmət və etibarını qazandırmış olur. Nəticədə tərəqqipərvər qüvvələrin torpaq uğrunda haqlı mübarizəmizə dəstəyi gündən-günə çoxalır. Çünki “yurdundan didərgin salınan xalqın öz yurduna qayıtmaq, yaşamaq haqqı var və bu hüquq qorunmalıdır” (M.Saakaşvili). Lakin erməni-faşist iqtidarının məsuliyyətsizliyi, intensiv avantura və təxribatı Dağlıq Qarabağ münaqişəsinin indiki halda sülhlə, dinc yolla həllinə imkan vermir və status-kvonun dəyişilməz qalmasını mümkünsüz edir. Məhz bu amil Azərbaycan xalqının uzun müddətdir ki, həsrətini çəkdiyi torpaqlarına qovuşmaq üçün mübarizəyə qalxmasını qaçılmaz zərurətə çevirmişdir.
Bu gün Şanlı Azərbaycan Ordusu torpaqlarımızın Ali Baş Komandanımızın rəhbərliyi altında geri qaytarılması üçün tarixi bir vəzifənin yerinə yetirilməsində olduqca qətiyyətli, inamlı görünür. Biz Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyat” kafedrasının bütün əməkdaşları möhtərəm Prezidentimizin ətrafında sıx birləşmişik. Və əminik ki, əzəli torpaqlarımızın üstündə tezliklə üçrəngli bayrağımızın yellənəcəyi gün çox yaxındadır!
Elşad Səfərli
“Azərbaycan dili və ədəbiyyat”
kafedrasının müdiri.
Mənbə: