Geri
05/10/20
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun Beynəlxalq Müəllim Günü münasibəti ilə təbriki
Bu ilki Beynəlxalq Müəllim Gününü olduqca gərgin şəraitdə, xalqımızın taleyüklü Qarabağ probleminin müharibə yolu ilə həll olunduğu bir vaxtda qeyd edirik. Erməni qəsbkarları 30 il müddətində işğal etdikləri əzəli, əbədi torpaqlarımızı, xalqımız üçün qeyrət simvolu olan Qarabağımızı dinc yolla qaytarmayacaqlarını açıq-aşkar bəyan etdikdən, ölkəmizə qarşı növbəti təxribata əl atdıqdan sonra hərb yolu qaçılmaz olub.Artıq şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın bir hissəsini ağır döyüşlər bahasına geri qaytarıb.Mən bu Qələbə münasibətilə bütün Azərbaycan xalqını, Lənkəran Dövlət Universitetinin kollektivini ürəkdən təbrik edirəm!
Bu gün ən şərəfli peşə sahibləri olan müəllimlərin bayramıdır. Əsrlər boyu xalqımızın şərəfli missiya daşıyıcıları olan müəllimlər tərəqqiyə, inkişafa, milli rifaha zəmin yaradıb, gələcəyin yolunu müəyyən ediblər. Müəllim sözü həmişə kamillik, ləyaqət, bütövlük simvolu kimi mənəvi keyfiyyətləri ifadə edib və bu dəyərlərin işığında yetişən nəsillər hər zaman öz layiqli müəllimlərinə bənzəməyə çalışıblar.
Ölkə başçısı cənab İlham Əliyev tərəfindən 24 oktyabr 2013-cü il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” müəllim amilinə, müəllim hazırlığının təkmilləşdirilməsinə və müəllim peşəsinin ictimai nüfuzunun artırılmasına xüsusi önəm vermişdir. Bu gün Azərbaycan müəllimi ona verilən dəyəri hiss edərək öz peşəsinin əsl sahibi olmağa can atır. Bunun sahəsində son illər ölkəmizdə daha hazırlıqlı, daha istedadlı şəxslərin müəllim peşəsinə gəlməsi bizi bu hədəfimizi genişləndirməyə, gələcəyin memarı olan müəllimin inkişafına diqqəti daha da artırmağa səfərbər edir.Çox böyük qürur hissi ilə bildirirəm ki, Lənkəran Dövlət Universitetində hazırlanan pedaqoji kadrlar öz səviyyəsinə, peşəkarlığına , ən əsası ,vətənpərvərliyinə görə daim seçilir.
Əziz müəllimlər, hər birinizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram.Ən böyük bayram sevincini isə, sözsüz ki, işğal altında olan torpaqlarımız tam geri alınandan sonra xalqımızla birgə yaşayacağıq. Bu gün bütün Azərbaycan xalqı Ali Baş komandanın, Azərbaycan Ordusunun arxasındadır və Qələbənin qazanılmasına töhfələrini verir.
Yaşasın müzəffər Azərbaycan ordusu!
Yaşasın qəhrəman Azərbaycan xalqı!
Bayramınız mübarək!
Mənbə: