Geri

10/11/20

Nə gözəl hissdir QƏLƏBƏ!


Gün o gün olsun ki,qurtarsın dava,
Dağılsın buludlar,açılsın hava.
Alınsın düşməndən intiqam,qisas…
Bu gün həmin gündür...Azərbaycan xalqının tarixinin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı gün. Xalqımız bir qərinə-təqribən 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi cəsur, mübariz Azərbaycan əsgərinin əli , şücaəti ilə yenidən yazdı. 1 milyondan artıq insana 30 ilədək bir müddətdə köçkünlük acısı yaşadan , dədə-baba torpaqlarımıza işğal yolu ilə sahiblənib sərvətini mənimsəyən, mədəni abidələrimizi, yurd yerlərimizi viran qoyan Ermənistan haqq savaşında məğlub oldu!
Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin gecə saatlarında xalqa verdiyi bu müjdəli Qələbə xəbəri bütün Azərbaycanı ayaqda saxladı.Böyükdən kiçiyə hamı bu müjdənin bəxş etdiyi sevinci yaşadı, paylaşdı və paylaşmaqda davam edir.Ermənistan qəsbkarlıq niyyəti ilə başladığı işğalçılıq müharibəsində məğlub tərəf oldu. Əzəli Azərbaycan torpağı olan Qarabağın geri qaytarılması, Xocalının intiqamı uğrunda başladığımız müqəddəs müharibənin xalqımızın böyük və ehtişamlı Qələbəsi ilə sona çatması xalqın və haqqın Qələbəsidir!
Sivil xalqlar tarixləri boyu müharibəni heç vaxt dəstəkləməyiblər. Azərbaycan dövləti də həmişə sülh missiyasını yerinə yetirib, münaqişələrdən qaçaraq əmin -amanlığın tərəfdarı olub.Amma çox təəssüf ki, qəsbkar qonşularımız hərbdən başqa yol qoymadılar. İşğal etdikləri torpaqlarımızdan xoşluqla çəkilmək istəmədilər. Hər bir səbrin də bir həddi-hüdudu olur. Müharibə lənət sayılsa da, Azadlıq uğrunda hər cür müharibə müqəddəs hesab edilib. Azərbaycanın apardığı bu müharibə də müqəddəs müharibə-Vətən müharibəsi idi və Qələbə ilə bitməsi də tarixi məntiqin yekunu oldu.
2020-ci ilin 27 sentyabrında başlanan və 10 noyabr tarixinə kimi davam edən Vətən müharibəsi haqqında hələ tarix kitablarında çox yazılacaq, siyasətçilər çox araşdırma aparacaq, təhlil və diskussiyalarda çox məqamlara aydınlıq gətiriləcək .Bu günümüzün hazırkı həqiqəti, reallığı isə budur ki, bu Vətən müharibəsi Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Ali Baş Komandan İlham Əliyev Qələbə müjdəsini xalqa çatdırarkən, sevinc və həyəcanını bölüşərkən bu məqama xüsusi toxundu: “ Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”.
Bu gün illərdir bizi üzən xəcalət hissini fəxarət duyğuları əvəzləyib.Hamı sevinir.Bütün Azərbaycan bayram ovqatına köklənib.Bayram əhval ruhiyyəsi paytaxt Bakı ilə yanaşı bölgələrdə də hiss olunur.Sevinc sevincə qarışıb.Çalışdığım Lənkəran Dövlət Universitetinin kollektivi ilə Qələbə sevincimizi biz də paylaşdıq. İnanın,sevincindən hamı kövrəlmişdi, hamının gözləri yaşarmışdı! Bu sevinc yaşları idi!Bu sevinci bizə yaşadan möhtərəm Ali Baş Komandan , Azərbaycan Ordusu, Azərbaycan Əsgəri, var olun!
Çox böyük fəxarət hissi ilə demək istəyirəm ki, Milli Ordumuzun tərkibində LDU-nun işçiləri,onların ailə üzvləri, tələbə və məzunlarımız rəşadətlə döyüşürdülərlər. Onların içərisində yaralananlar, şəhid olanları da oldu.Biz onların xatirəsini ehtiramla anır, ruhları qarşısında baş əyirik!Biz onlarla aşkar fəxr edir, qürur duyuruq!
Biz fəxr edirik ki, qəhrəman Azərbaycan xalqı bu qələbəni döyüş meydanında qazandı. 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən, Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Şuşa şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi.Azərbaycan Qələbə zəfərinə əsgərinin rəşadəti ilə imza atdı. Bu gün keçirdiyimiz tədbirdə qərara aldıq ki, çətin çınaqdan xalqımızı üzüağ çıxaran ölkə başçısı möhtərəm İlham Əlievə-Ulu Öndər H.Əliyevin vəsiyyətini laytiqincə yerinə yetirən Ali Baş Komandanımıza sevinc və minnətdarlığımılzı ifadə edən müraciət ünvanlayaq.Yazımı ölkə başçımızın zəfər müraciəti ilə yekunlaşdırmaq istəyirəm.Çünki bu sözlər bu gün bütün xalqımızın arzu və istəklərinin ifadəsidir:
“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.
Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, professor.

Nə gözəl hissdir QƏLƏBƏ!


Mənbə:
Paylaş: