Geri
Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko LDU-da olub.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə birgə Lənkəran şəhərində təşkil etdiyi “EU4Lankaran” proqramının rəsmi açılış mərasimindən sonra səfir Peter Mixalko və nümayəndəliyin təmsilçiləri Lənkəran Dövlət Universitetində (LDU) olublar. Görüş rəsmi qurumun Lənkərana işgüzar səfəri çərçivəsində baş tutub. Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko ilə LDU-nun professor-müəllim-tələbə heyətinin görüşü universitetin böyük akt zalında keçirilib.
Tədbiri universitetin rektoru, professor Natiq İbrahimov açaraq hörmətli qonaqları salamlayıb və onlara LDU, burada keçirilən təhsil islahatları, Avropa və dünya təhsilinə inteqrasiya istiqamətində atılan addımlar və s. barədə məlumat verib. Rektor Erasmus+ təhsil proqramını yüksək dəyərləndirdiyini deyərək LDU-nun bu təhsil proqramında fəal iştirakından danışıb. Qeyd edib ki, universitet bundan sonra da bu ali qurumun həyata keçirəcəyi təhsil layihələrində iştirak etməyə hazırdır.
Tədbirdə çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko isti qarşılanmaya görə universitet rəhbərliyinə minnətdarlıq bildirib və təmsilçisi olduğu qurumun təhsillə bağlı layihələrindən, bu sahədəki yeniliklərdən, Erasmus+ təhsil proqramına maddi dəstəyin ikiqat artırılmasından və s.mövzulardan danışıb.
Tədbirdə Erasmus+ təhsil proqramının Milli koordinatoru və Gənc Avropa Səfirlərinin mühazirələri dinlənilib. ERASMUS+ proqramının Milli ofisinin nümayəndəsi Pərviz Bağırov bu proqramın mahiyyəti, məqsədləri, Azərbaycan universitetləri üçün əhəmiyyəti və onlara qəbul şərtləri ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb, onların əsas istiqamətləri, müraciət qaydaları , bu proqamların tələbələr, akademik heyət və universitet əməkdaşları üçün təklif etdiyi imkanlardan danışıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.