Geri

06/01/22

LDU-da payız semestrinin imtahan sessiyasına start verilib.


Bu gündən Lənkəran Dövlət Universitetində (LDU) 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib. İmtahanlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10.12.2021-ci il tarixli F-570 saylı əmrinə müvafiq olaraq əyani formada keçirilir.

LDU-nun rektoru, professor Natiq İbrahimov imtahanların gedişini izləmək məqsədilə bu gün universitetin tədris korpuslarına baş çəkib, vəziyyətlə əyani tanış olub. Rektor professor-müəllim heyəti ilə görüşü zamanı onları tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və imtahanlarda şəffaflığın təmin edilməsi üçün bütün imkanlardan maksimum səmərəli istifadə etməyə çağırıb. İmtahanların keçirilməsi zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na ciddi riayət etməyin vacibliyini xüsusi vurğulayıb. İmtahanlarda tələbələrə və professor-müəllim heyətinə uğurlar arzulayan rektor Natiq İbrahimov imtahan sessiyasının davam etdiyi müddət ərzində prosesə gündəlik nəzarət edəcəyini, neqativ hallara yol verən şəxslərin ciddi cəzalandırılacağını bildirib.

Qeyd edək ki, LDU-da bütün fakültələr üzrə imtahanlar əvvəlcədən təyin olunmuş günlər üzrə saat 09:00-da başlanacaq və 11.30-da sona çatdırılacaq. İmtahan nəticələrinin universitetin rəsmi saytında(www.lsu.edu.az) operativ yerləşdirilməsi təmin ediləcəkdir.

Sessiya dövründə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər tədbirləri həyata keçirmək məqsədi ilə rektor Natiq İbrahimovun sədrlik etdiyi Operativ Qərargah yaradılıb(025-5-27-86; 025-5-24-17).

Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların və şikayətlərin operativ olaraq araşdırılması və müvafiq qərar qəbul edilməsi məqsədi ilə yaradılmış Apellyasiya komissiyaları bu gündən fəaliyyətdədir və bütün tədris korpuslarında onlar üçün müvafiq otaqlar ayrılıb.

Tələbələrin imtahanlara hazırlığının səmərəli təşkili üçün universitetin Elmi kitabxanası da gücləndirilmiş iş rejiminə keçirilib. Kitabxana hər gün 08.30-dan 17.30-dək fəaliyyət göstərəcək. Xatırladaq ki, yeni rekonstruksiya olunmuş Elmi kitabxanada müasir oxu zalları və elektron kitabxana tələbələrin ixtiyarına verilib.

Qeyd edək ki, 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün bu gündən 01.02.2022-ci il tarixinədək, qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyəsinin I-IV tədris ili qrupları üçün 06.01.2022-14.01.2022, V tədris ili qrupları üçün 26.01.2022- 01.02.2022-ci il tarixlərində əyani keçiriləcəkdir.

LDU-da payız semestrinin imtahan sessiyasına start verilib.


Mənbə:
Paylaş: