Geri

25/02/22

Xocalı faciəsi xalqımızın qan yaddaşıdır.


Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının XX əsrdə yaşadığı ən faciəli tarixlərdən biri olan Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş konfrans keçirilib.

Onlayn keçirilən konfrans Xocalı faciəsinin günahsız qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlanıb.

LDU-nun rektoru, professor Natiq İbrahimov Azərbaycan tarixinin ən ağrılı və faciəli səhifəsi olan Xocalı soyqırımının təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən qəddar cinayətlər siyahısında yer aldığını bildirib, bu faciəni əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürü kimi qiymətləndirib. 44 gün davam edən və Azərbaycan xalqının qələbəsi ilə bitən Vətən müharibəsini Xocalı faciəsinə xalqımızın layiqli cavabı, qisası kimi dəyərləndirən Natiq İbrahimov qanlı soyqırıma ilk dəfə hüquqi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini xüsusi vurğulayıb: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.

Professor Natiq İbrahimov qeyd edib ki, Heydər Əliyevin 1994-cü il fevralın 24-də imzaladığı fərmanla 26 Fevral xalqımıza qarşı törədilən soyqırımı aktı kimi qeyd edilməyə, lokal məkandan çıxaraq beynəlxalq səviyyədə tanınmağa başlanıb. Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinin yetərincə məlumatlandırılması məqsədilə xaricdə yaşayan soydaşlarımız bu işə cəlb olunub, erməni təcavüzü, onun işğalçılıq siyasəti, Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik, dünyaya naməlum qalan çox həqiqətlərin üstünə işıq salınıb.

LDU-nun “Tarix və onun tədrisi metodikası”nın müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kamal Mahmudov “Xocalı faciəsi Azərbaycan tarixinin qan yaddaşıdır” mövzusunda məruzə edib. Məruzədə Xocalı faciəsi baş verən dövrdə Azərbaycanda və dünyada yaşanan hadisələr,faciəni doğuran səbəblər və onun ağrılı nəticələri, ibrət dərsləri barədə ətraflı söz açılıb. Qeyd edilib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülmüş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirmişdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüşdür ki, onların 150 nəfərinin taleyi indiyə kimi də məlum deyil.

Məruzədə qeyd edilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən Azərbaycanın da daxil olduğu İslam Konfransı Təşkilatı (İKT) ilə birlikdə “Xocalıya ədalət” kampaniyası uğurla həyata keçirilir.“Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynadığını deyən Kamal Mahmudov bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

“Tarix və onun tədrisi” kafedrasının müəllimi Aslan İbrahimov çıxışında bildirib ki, Xocalı faciəsi hər il dünyanın 80-dən artıq ölkəsində geniş şəkildə anılır və ictimaiyyətə çatdırılır. Son dövrlər bütün dünyada ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasəti pislənir, Xocalıda törədilmiş qanlı qətliam beynəlxalq hüquq normalarına uyğun olaraq qiymətləndirilir.

Konfransda 26 fevral Xocalı soyqırımına həsr olunmuş sərginin onlayn nümayişi olub.

Anım tədbiri Xocalı dəhşətlərini əks etdirən videorolikin nümayişi ilə başa çatıb.

Qeyd edək ki, Lənkəran Dövlət Universitetində qanlı faciənin 30-cu ildönümü ilə əlaqədar virtual kitab, foto sərgisi və rəsm müsabiqəsi keçirilib, bütün fakültələrdə ilk dərslər Xocalı qətlyamına həsr olunub.

Xocalı faciəsi xalqımızın qan yaddaşıdır.


Mənbə:
Paylaş: