Geri
LDU-da “Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib.
Azərbaycan Respublikası Prezidentinin hər il 27 mart tarixinin "Elm günü" kimi təsis edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar olaraq Lənkəran Dövlət Universitetində (LDU) “Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib. Tədbiri LDU-nun rektorunun müşaviri, texnika elmləri doktoru, professor Mikayıl Məhərrəmov açıb və iştirakçıları “Elm günü” münasibətilə təbrik edib. Bildirib ki, 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın ölkədə elmin inkişafına təkan verdiyini, bu sahədə əsaslı keyfiyyət dəyişiliklərinə yol açdığını, gənc tədqiqatçıların yetişməsinə stimul yaratdığını deyən professor Mikayıl Məhərrəmov Lənkəran Dövlət Universitetində son illərdə bu istiqamətdə görülən işlərdən danışıb, elm və təhsilə kompleks yanaşmanın uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.
Dəyirmi masada Elm və innovasiya məsələləri üzrə prorektor, dosent Elvin Əliyevin “Elm və təhsilə innovativ yanaşma zamanın tələbidir” mövzusunda məruzəsi dinlənilib. Məruzədə bildirilib ki, hazırda dövlət səviyyəsində həyata keçirilən strategiyanın əsas prioritetlərindən biri bilik iqtisadiyyatının formalaşdırılması, təhsil, elm və innovasiya arasında səmərəli əlaqələrin yaradılmasıdır. Azərbaycanda son 10 ildə həyata keçirilən siyasət nəticəsində sosial inkişaf göstəricilərinin əhəmiyyətli dərəcədə yüksəlməsi ölkə başçısının ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması, modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması istiqamətində görülən işlərin nəticəsidir. Elm və təhsilin inkişafına dövlət səviyyəsində göstərilən bu qayğı, əslində, dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə və rifah halının yüksəldilməsinə xidmət edən siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir. XXI əsrin YUNESKO tərəfindən elm və təhsil əsri adlandırıldığını deyən məruzəçi qeyd edib ki, XX əsrdə cəmiyyətin hərəkətverici qüvvəsi elmi-texniki inqilab idisə, müasir mərhələdə humanitar və sosial elmlərin proqnozlaşdırma və optimal təşkilatlandırma funksiyası önə çıxır. Ona görə də, qarşıda duran mühüm vəzifələrdən biri bütövlükdə cəmiyyətin, xalqın elmi-intellektual potensialının mobilizasiyasını və məqsədəuyğun surətdə yönəldilməsini tələb edir. Dosent Elvin Əliyev universitetin “Elmi xəbərlər” jurnalının ötən ildən beynəlxalq indeks sisteminə daxil olması, LDU-da çalışan alimlərin dünyanın ən mötəbər web of science indeksli jurnallarda məqalə dərc etmələrini son illərin böyük elmi uğuru adlandırıb.
Məruzə ətrafında çıxış edən universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Zaur Məmmədov qardaş Türkiyə Cümhuriyyəti və Avropa ölkələri ilə LDU arasında olan elmi əlaqələrdən, birgə təşkil edilən elmi konfrans və seminarlardan, müəllim və tələbə mübadiləsindən, bu əlaqələrin gələcək elmi perspektivlərindən danışıb.