Geri

01/04/22

ABŞ səfirliyi Lənkəranda Amerika guşəsinin açılışını edib.


ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberger Astara və Lənkərana işgüzar səfəri çərçivəsində aprelin 1-də Lənkəran Dövlət Universitetində(LDU)olub. Səfir burada ABŞ Beynəlxalq İnkişaf Agentliyi(USAİD)tərəfindən maliyyələşdirilən kompüter laboratoriyasının, Amerika güşəsinin açılışlarına qatılıb.
Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovla tanışlıq görüşündən sonra səfir Örl Litzenberger universitetin qızlar yataqxanasını gəzib, burada tələbələr üçün yaradılan şəraitlə əyani tanış olub. USAİD tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən təşkil olunan kompüter laboratoriyasında tələbələrlə görüşən səfir onlarla tanışlıqdan məmnun qaldığını bildirərək deyib: “Biz gənc azərbaycanlıların uğur qazanması üçün əlimizdən gələni etmək istəyirik. Mən burada gənclərdə belə bir potensialı görürəm və bilirəm ki, yalnız bir əlavə kömək olsa, onlar gələcəkdə çox şeyə nail ola bilərlər. Buna görə də ABŞ hökuməti azərbaycanlı gənclərə sərmayə qoyur”.
Səfir LDU-dakı kompüter laboratoriyasında 17 yeni kompüterin tələbələrin istifadəsinə verildiyini deyib. Litzenberger Lənkəran Dövlət Universitetinin II saylı tədris korpusunda yaradılmış Amerika guşəsinin açılış mərasimdə də iştirak edib. Açılış mərasimini universitetin rektoru, professor Natiq İbrahimov açaraq hörmətli qonağın LDU-ya səfərini, bu günkü tədbirin məramını yüksək dəyərləndirib. Bildirib ki, keçmiş ittifaq dağılandan sonra Azərbaycan təhsili Amerika və Avropa istiqamətini götürdüyündən LDU da fəaliyyətini bu yönümdə qurub, tədrisin məzmunu tam yenilənib, yeni laboratoriyalar, fənn kabiləri yaradılıb, praktik təlim ön plana keçib. Rektor Amerika guşəsini məhz Lənkəran Dövlət Universitetində yaratdıqlarına görə cənab səfirə minnətdarlıq edib.
ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer LDU ilə bağlı xoş təəəssüratını tədbir iştirakçıları ilə bölüşərək burada gördüklərindən məmnun qaldığını deyib, yeni açılacaq guşəni Amerika-Azərbaycan münasibətlərinin təməl daşı adlandırıb: “Amerika guşələri və xalqlarımız arasında əlaqələrimiz Azərbaycan vətəndaşları ilə münasibətlərimizin təməl daşıdır. Burada görəcəyimiz iş – ingilis dili proqramları, gənclərin cəlb edilməsi, iş və təcrübə artırılması üzrə kurslar insanların həyatında müsbət fərq yaradacaq.”
Səfir müasir dünyada ingilis dilinin daim artan roluna da diqqət çəkib: “İngilis dili dünyaya, daha zəngin həyata və yaxşılaşdırılmış məşğulluq perspektivlərinə körpüdür. Dünyanın daha çox hissəsi şəhərinizin təbii gözəlliyi və inanılmaz mədəni irsi haqqında öyrəndikcə, turistlərin sayı artacaq. Biz yerli əhaliyə yerli turizm biznesin genişlənməsindən faydalanmağa və onun idarə etməsinə kömək etmək məqsədi ilə Şəki gənclərinə məktəbdən kənar ingilis dili təlimini təklif edirik”.
Qeyd edək ki, mərkəz və guşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Maker Space-də (Yaradıcılıq Məkanında) yüksək innovativ texnologiya layihələrində iştirak etmək imkanları yaradır. Guşələr, bacarıqların artırılması üzrə peşəkar proqramlar həmçinin, mühazirələr, ingilis dili danışıq klubları və hər bir icma numayəndəsi üçün təcrübələrinin artırılması üzrə peşəkar proqramlar təklif edir. LDU-da açılan və sayca 7-ci olan Amerika guşəsi də bu məqsədə xidmət edir.
Mərkəzdə səfir Litzenberqer LDU-nun tələbələri ilə açıq söhbət edib, onları maraqlandıran sualları cavablandırıb.

ABŞ səfirliyi Lənkəranda Amerika guşəsinin açılışını edib.


Mənbə:
Paylaş: