Geri
Elmi şurada LDU-nun “Strateji İnkişaf Planı” təsdiq olunub.
Lənkəran Dövlət Universitetində(LDU) Elmi şuranın növbəti iclasını açan prof.Natiq İbrahimov iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.
İlkin olaraq “2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinin Elmi Şuranın tapşırığına uyğun araşdırılması” barədə məlumat dinlənilib. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dos. İdrak Əsgərov araşdırma nəticəsində aşkara çıxan neqativ hallar, bu halları doğuran səbəblər, işində nöqsana yol verən müəllimlər barədə ətraflı söz açıb, bildirib ki, növbəti semestrlərdə belə hallara təkrar yol verilməməsi üçün bütün qabaqlayıcı tədbirlərin görülməsi qərarlaşdırılıb.
Elmi şurada “2021/2022-ci tədris ilinin yaz semestrinin I kollokviumların nəticələri.II kollokviumun gedişi” haqqında məlumatı da İdrak Əsgərov təqdim edib. Qeyd edilib ki, 2021/2022-ci tədris ilinin yaz semestrinin I kollokviumları 14 mart 2022-ci il tarixində başlamış, 31 mart 2022-ci il tarixində yekunlaşmışdır. Kollekviumlar öncədən fakültələr tərəfindən tədris hissəsinə təqdim olunan nəzarət komissiyaları tərəfindən keçirilmişdir. Yoxlama prosesində bəzi nöqsanlar aşkarlanmış və həmin yazılar digər mütəxəssis müəllimlərə verilərək təkrar yoxlanılmışdır. Bütün hallarda tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi təmin olunmuşdur. İkinci kollekvium isə 14 aprel 2022-ci il tarixində başlamış və 28 aprel 2022-ci il tarixində bitir. Kollekviumların tyutorların iştirakı ilə müəllimlərdən təşkil olunmuş nəzarətçi qruplar tərəfindən nəzərdə tutulmuş tədris qaydalarına uyğun aparıldığını deyən İdrak Əsgərov bu sahədə vəziyyətin qənaətbəxş olduğunu bildirib.
“LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecdə aparılmış monitorinqin nəticələri haqqında” rektorun müşaviri, prof. Mikayıl Məhərrəmov məlumat verib. Monitorinqin nəticələri şura üzvləri tərəfindən geniş müzakirə edilib, yol verilmiş nöqsanların aradan qaldırılması istiqamətində təkliflər səsləndirilib.
Elm və innovasiya məsələləri üzrə prorektor dos. Elvin Əliyev 2022-ci il üçün universitetin doktorant və dissertant hazırlığı üzrə qəbul planı haqqında məlumat verib, həmçinin LDU-da keçiriləcək elmi konfranslara hazırlığın vəziyyəti barədə şura üzvlərini məlumatlandırıb.
Şura islasında “ Universitetin 2022-2030-cu illər üçün Strateji İnkişaf Planı” da təsdiq olunub. Rektorun müşaviri prof. Telman İmanovun təqdim etdiyi plan yekdilliklə bəyənilib.
Elmi şurada universitetin Elmi və Tədris Metodiki Şurasında baxılan işlərin müzakirəsi barədə Elmi katib Allahşükür Quliyevin məlumatı da dinlənilib.
Şura islasında cari məsələlərə də baxılıb, müzakirə olunan məsələlər barədə qərarlar qəbul edilib.
İclası Elmi şuranın sədri, prof.Natiq İbrahimov yekunlaşdırıb, müqəddəs Ramazan bayramı münasibətilə hamını təbrik edərək xoş bayram arzularını çatdırıb.