Geri

13/05/22

LDU-da “HOCA AHMET YESEVİ” 6-cı Uluslararası Bilimsel Araşdırmalar Konqresi və Beynəlxalq Çay Konfransı işinə başlayıb.


LDU və Türkiyə Respublikasının İqtisadi inkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə keçirilən “HOCA AHMET YESEVİ” 6-cı Uluslararası Bilimsel Araşdırmalar Konqresi və Beynəlxalq Çay Konfransı Lənkəran Dövlət Universitetinin Böyük akt zalında hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə start götürüb.
Tədbiri giriş sözü ilə Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov açıb. LDU rəsmisi bütün iştirakçıları salamlayıb, belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməklərindən məmnun olduqlarını diqqətə çatdırıb, Azərbaycanla qardaş Türkiyə Cümhuriyyəti arasında son illərdə bütün sahələrdə möhkəmlənən dostluq əlaqələrindən, ikitərəfli münasibətlərin qardaş ölkələrə verdiyi töhfələrdən, 44 günlük Vətən müharibəsində dost ölkənin mənəvi dəstəyindən danışıb. LDU ilə Türkiyənin 30-dan artıq universiteti arasında yaranmış əlaqələrin perspektivlərindən danışan rektor bu günkü konfransın olduqca vacib mövzuya həsr edildiyini xüsusi vurğulayıb və iştirakçılara uğurlar arzu edib.
Beynəlxalq konfransa onlayn qoşulan Türkiyə Respublikasının İqtisadi inkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) prezidenti, doktor Mustafa Latif Emek Beynəlxalq konfransın çayçılıq mövzusuna həsr edilməsini zamanın tələbi adlandırıb, çayçılığın inkişafını qida təhlükəsizliyinin ən qlobal məsələlərindən biri kimi dəyərləndirib, bu istiqamətdə elmi araşdırmaların vacibliyini önə çəkib.
Lənkəran Dövlət Universiteti rektorunun müşaviri, texnika elmləri doktoru, professor Mikayıl Məhərrəmov “Azərbaycanda çayçılıq tarixi: müasir vəziyyət, çayın kimyəvi tərkibi və əhəmiyyətinə dair tədqiqatlar” mövzusunda geniş məruzə edib. Məruzədə Azərbaycanda çayçılığın inkişaf mərhələlərindən, son on illikdə bu sahənin dirçəldilməsi istiqamətində ölkə miqyasında görülən işlərdən, LDU-da bu sahədə aparılan kadr hazırlığından və s. məsələlərdən ətraflı söz açılıb.
Plenar iclasın sonunda İqtisadi inkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) kordinatoru Əlvan Cəfərov təmsil etdiyi qurum adından beynəlxalq konfransın işinə dəstək verdiklərinə görə LDU rəsmilərinə plaketlər təqdim edib.
Qeyd edək ki, 13-15 may aralığında keçiriləcək Beynəlxalq Çay Konfransında 20-dən artıq xarici ölkənin alim və tədqiqatçıları iştirak edir.
Hazırda konfrans işini bölmələrdə davam etdirir.
LDU-da “HOCA AHMET YESEVİ” 6-cı Uluslararası Bilimsel Araşdırmalar Konqresi və Beynəlxalq Çay Konfransı işinə başlayıb.


Mənbə:
Paylaş: