Geri
LDU-da “Qarabağ Azərbaycandır” mövzusunda elmi konfrans keçirilib.
26 may 2022-ci il tarixdə Lənkəran Dövlət Universitetində (LDU) Tələbə Elmi Cəmiyyətinin “Şuşa ili”nə həsr olunmuş “Qarabağ Azərbaycandır” mövzusunda II elmi konfransı işinə başlayıb. Konfrans Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə start götürüb.
İkinci Qarabağ savaşında, Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsi konfrans iştirakçıları tərəfindən ehtiramla yad edilib.
Lənkəran Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elvin Əliyev konfransı açıq elan edib və iştirakçılara LDU-nun rektoru, professor Natiq İbrahimovun salamını çatdırıb. Elvin Əliyev universitetdə keçirilən belə mötəbər elmi tədbirin “Qarabağ Azərbaycandır” mövzusuna həsr olunmasının təsadüfi olmadığını, 44 günlük Vətən müharibəsində LDU-nun tələbə və məzunlarının rəşadətlə döyüşdüyünü, 11 nəfərin müqəddəs şəhidlik zirvəsinə yüksəldiyini, həmçinin, son illərdə Lənkəran Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin nəzərəçarpacaq dərəcədə genişləndiyini, tələbələrin elmi işlərə marağının artdığını bildirərək bu sahədə əldə olunmuş uğurlardan söz açıb.
LDU Tələbə Elmi Cəmiyyətinin sədri Ülkər Fərzəliyeva “Azərbaycanda elmin inkişafında Qarabağ səhifəsi” mövzusundakı çıxışında I konfransdan ötən müddət ərzində görülmüş işlərin hesabatını verib, qarşıda duran vəzifələrdən danışıb, tələbələr üçün yaradılan elmi mühitə görə universitet rəhbərliyinə minnətdarlıq edib.
Konfransın plenar iclasında LDU Tələbə Elmi Cəmiyyətinin Aqrar və mühəndislik fakültəsi üzrə sədri Tale Ələskərzadə “Azərbaycanda aqrar sahənin inkişafında Qarabağın rolu”, İqtisadiyyat və idarəetmə fakültəsi üzrə sədri Şəfa Bağırova “Azərbaycanın iqtisadi inkişafının zəfəri-Qarabağ”, Təbiyyat fakültəsi üzrə sədri Şəbnur Əlizadə “Azərbaycanın təbiət muzeyi - Qarabağ”, Tarix, coğrafiya və incəsənət fakültəsi üzrə sədri Qalib Əmənov “Qafqazın ən böyük turizm məkanı - Qarabağ”, Filologiya və ibtidai təhsil fakültəsi üzrə sədri Asiman Qafarlı “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtıdır” mövzularında çıxış ediblər.
Lənkəran Dövlət Universitetinin prorektoru, şəhid atası, dosent Kamran Kazımov çıxışında belə tədbirlərin gənclərin təkcə elmi dünyagörüşünə deyil, həm də vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərdiyini xüsusi vurğulayıb.
Konfransın plenar iclası “Qarabağ Azərbaycandır!” video-filminin nümayişi ilə yekunlaşıb.
Qeyd edək ki, Lənkəran Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin “Şuşa ili”nə həsr olunmuş “Qarabağ Azərbaycandır” mövzusunda II elmi konfransı işini bölmələrdə davam etdirir. Ayrı-ayrı bölmələrdə təqribən 200-ə qədər çıxışın dinlənilməsi planlaşdırılıb.