Geri

14/09/22

LDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib.


Lənkəran Dövlət Universiteti (LDU) nəzdində fəaliyyət göstərən Elmi Şuranın ilk iclası sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən həlak olan şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Elmi Şuranın sədri, LDU-nun rektoru, professor Natiq İbrahimov bildirib ki, mənfur qonşularımızın-erməni qəsbkarlarının törətdiyi genişmiqsaylı təxribatın qarşısı alınarkən Milli Ordumuzun çoxsaylı hərbi qulluqçusu şəhid olduğuna görə ölkəmizdə, o cümlədən, Lənkəran Dövlət Universitetində 15 sentyabr – “Bilik Günü” təntənəli şəkildə qeyd edilməyəcək və universitetdə bütün fakültələrdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.
Qeyd edək ki, yeni tədris ilinin ilk Elmi Şurasında müzakirəyə çıxarılan məsələlər əsasən 2022/2023-cu tədris ilinə hazırlığın vəziyyəti barədə olub. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dos. İdrak Əsgərov universitetdə yeni tədris ilinə hazırlıq işlərinin demək olar ki, başa çatdığını deyib. Bildirib ki, kafedralar üzrə dərs yükləri bölünüb, dərs cədvəlləri hazırlanıb, müəllimlərə metodiki tövsiyələr verilib. İ.Əsgərov yeni tədris ilində olacaq yeniliklər barədə də şura üzvlərini məlumatlandırıb.
Universitetin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı görülən işlər haqqında Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektor Azər Əliyevin hesabatı dinlənilib. Azər Əliyev 5 mərtəbəli yeni tədris korpusunun inşasının uğurla yekunlaşdığını, yeni tədris ilində tələbələrin istifadəsinə tam hazır olduğunu deyib. Qeyd edib ki, həmin korpusda hər növbədə 1200 tələbə təhsil ala biləcək. Azər Əliyev digər tədris korpuslarında və Qızlar yataqxanasında da cari təmir işlərinin yekunlaşdığını, yeni, lazımi avadanlıqlarla təmin olunduğunu şura üzvlərinin diqqətinə çatdırıb.
LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecdə 2022/2023-cu tədris ilinə hazırlığın vəziyyəti barədə hesabatı direktor əvəzi Leyla İbrahimova təqdim edib.
Universitetin “Baytarlıq və aqrar fənlər” kafedrasının dosenti Məlahət Ağayeva bu il 5-9 sentyabr tarixlərində Türkiyə Cümhuriyyətinin Qafqaz (Qars) Universitetinə işguzar səfərin yekunları barədə şura üzvlərini məlumatlandırıb.
Elmi Şurada cari məsələlərə də baxılıb və müvafiq qərarlar qəbul edilib.
Sonda Elmi Şuranın sədri, professor Natiq İbrahimov şura üzvlərinə və LDU-nun tələbə-professor-müəllim heyətinə yeni tədris ilində uğurlar arzu edib.

LDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib.


Mənbə:
Paylaş: