Geri
27/10/22
LDU-da Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib.
Zəfər bayramı ərəfəsində Lənkəran Dövlət Universitetində (LDU) çalışan və təhsil alan Qarabağ müharibəsinin iştirakçıları və qazilərlə görüş keçirilib. Lənkəran Şəhər Gənclər və İdman İdarəsi ilə birgə keçirilən tədbir vətənin azadlığı və müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
LDU-nun sosial məsələlər üzrə prorektoru, şəhid atası, dos.Kamran Kazımov tədbirdə iştirak edən müharibə iştirakçılarını və qaziləri universitetin rektoru, prof. Natiq İbrahimovun adından salamlayaraq belə görüşlərin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində böyük rol oynadığını deyib, diskussiya və dialoqun, canlı görüşlərin əhəmiyyətindən danışıb.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun mənfur qonşularımız-erməni qəsbkarları üzərində qazandığı böyük qələbənin gedişatını, 44 günlük Vətən müharibəsinin xronikasını əks etdirən video-rolik nümayiş edilib.
Video-rolikin nümayişindən sonra çıxışlar olub. I və II Qarabağ müharibəsi iştirakçılarından LDU-nun “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri, dos.Qədim Rufullayev, “Coğrafiya və onun tədrisi metodikası” kafedrasının baş müəllimi Qalib Əmənov, LDU HİK sədri Vaqif Quliyev, tyutor Əli Zamanzadə, tələbə Elman Osmanov, Lənkəran Şəhər Gənclər və İdman İdarəsi rəisi Teymur Babazadə çıxış edərək 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı böyük zəfərdən, qəhrəman oğullarımızın şücaətlərindən, erməni qəsbkarlarına qarşı aparılan haqq savaşında oynadıqları roldan danışıblar. Çıxışçılar ölkədə və Lənkəran Dövlət Universitetində Vətən müharibəsi iştirakçıları və qazilər üçün yaradılan şəraitdən razılıq edərək diqqət və qayğıya görə ölkə və universitet rəhbərliyinə minnətdarlıq bildiriblər. 30 ilə qədər düşmən tapdağında qalan əzəli və əbədi torpaqlarımızın geri qaytarılması uğrunda canlarını fəda etmiş şəhid eloğullarımızın, o cümlədən, LDU-nun şəhid tələbə və məzunlarının xatirəsi çıxışçılar tərəfindən ehtiramla anılıb, onların ölməz xatirəsinin xalqın yaddaşında əbədi yaşayacağı bildirilib.
Sonda xatirə şəkilləri çəkilib.
Mənbə: