Geri

18/11/22

LDU-da 17 Noyabr- Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib


Lənkəran Dövlət Universitetində (LDU) 17 Noyabr- Milli Dirçəliş Günü ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə Tarix-coğrafiya və incəsənət fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Müşfiq Bayramov açıb və tədbir iştirakçılarını universitetin rektoru, professor Natiq İbrahimovun adından bayram münasibətilə təbrik edib. 17 Noyabr Milli Dirçəliş Gününün Azərbaycan xalqı üçün əhəmiyyətindən danışan M.Bayramov bildirib ki, 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi olub. Öz haqqı, azadlığı uğrunda mübarizəyə qalxan, torpaqlarına sahib çıxmaq istəyən Azərbaycan xalqı bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirib.
Ulu öndər H.Əliyevin milli dövlət quruculuğu sahəsində fəaliyətinindən söz açan Müşfiq Bayramov ölkə başçısı cənab İlham Əliyevin bu kursu inamla davam etdirdiyini, Azərbaycana böyük Zəfər sevincini yaşatdığını deyib.
“Tarix və onun tədrisi metodikası” kafedrasının müdiri, dosent Kamal Mahmudov məruzəsində ermənilərin daim Azərbaycana olan ərazi iddialarından, keçmiş ittifaq rəhbərliyinin Qarabağ məsələsi ilə bağlı apardığı antiazərbaycan siyasətindən, XX əsrin sonlarında xalqımızın milli azadlıq hərakatında göstərdiyi qeyrət və şücaətdən tədbir iştirakçılarına ətraflı söz açıb, bu tarixi Azərbaycanın şərəf salnaməsi adlandırıb.
Məruzə ətrafında Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov çıxış edib. M.Cəfərov çıxışında ermənilərin Topxanada törətdikləri vəhşiliklərdən, xalqımızın qəhrəmanlıq tarixindən, milli müstəqilliyimizə gedən yolda xalqın üzləşdiyi çətinliklərdən, bu yolda verdiyi qurbanlardan, şanlı Zəfərə gedən şərəfli yoldan danışıb.Bildirib ki, bu günkü nəsil bu şanlı, şərəfli tarixin layiqli davamçısı olmalıdır.
Tədbir mövzu ətrafında müzakirə ilə yekunlaşıb.
LDU-da  17 Noyabr- Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib


Mənbə:
Paylaş: