Geri
18/11/22
LDU-da “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda konfrans
Lənkəran Dövlət Universitetində (LDU) “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda keçirilən konfrans Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə start götürüb.
Konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Tədbiri LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elvin Əliyev açıb və iştirakçıları gündəliklə tanış edib. Elvin Əliyev konfransın mövzusunu təkcə ölkəmiz üçün deyil,bütün dünyada qlobal problem kimi dəyərləndirib, ən ağrılı sosial məsələ adlandırıb, məişət zorakılığını törədən amillər, onun ağrılı nəticələri, cəmiyyət üçün yaratdığı fəsadlar barədə danışıb.
Mövzu ilə bağlı universitetin Sosial məsələlər üzrə prorektoru, filologiya elmləri doktoru Kamran Kazımov geniş məruzə edib. Bildirib ki, ölkəmizdə bu sahədə kifayət qədər işlərin görülməsinə, həyata keçirilən təsirli tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, ölkəmizdə də məişət zorakılığı problem olaraq qalmaqdadır. Məhz buna görə də “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” hazırlanıb və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilib. Kamran Kazımov keçirilən tədbiri də bu sərəncamdan irəli gələn vəzifələrin məntiqi davamı adlandırıb, cəmiyyətin bu sahədə maarifləndirilməsinə böyük ehtiyac duyulduğunu deyib, problemin həlli yollarından bəhs edib. Məruzəçi problemin həllində cəmiyyətin birgə fəaliyyətinə, maariflənməsinə, qadınların ictimai-siyasi fəallığının artırılmasına, erkən nikahların aradan qaldırılamsına ehtiyac olduğunu bildirib və bu sahədə birgə fəaliyyətin vacibliyini xüsusi vurğulayıb.
Məruzə ətrafında universitetin prorektoru Novruz Həsənquliyev, “Pedaqogika, psixologiya və incəsənət fənləri” kafedrasının baş müəllimi Şahin Mehrəliyev, “Xarici dillər” kafedrasının müəllimi Cəmilə İbrahimova, “Kimya və fizika” kafedrasının dosenti Elnur Dadaşov çıxış edərək məsələyə münasibət bildiriblər. Çıxışçılar konkret faktlar əsasında məişət zorakılığının cəmiyyətdə yaratdığı fəsadlardan, onun ağrılı nəticələrindən, günahsız insan ölümlərindən danışaraq həlli yollarını göstəriblər.
Mövzuya yanaşma müxtəlif olsa da, yekun rəy və məqsəd bir olub-cəmiyyətin bu sahədə maarifləndirilməsi, bütün mümkün tədbirlərdən istifadə edilməklə, zorakılıq hallarının qarşısının vaxtında alınması, problemlərin anında çözülməsi.
Konfrans iştirakçıları belə yekdil rəyə gəliblər ki, bundan sonra da universitetdə daha böyük auditoriyanın iştirakı ilə bu istiqamətdə maarifləndirici tədbirlər keçirilsin və cəmiyyətin maarifləndirilməsində tələbələrin gücündən maksimum səmərəli istifadə edilsin.
Mənbə: