Geri

08/12/22

LDU-da 2 Beynəlxalq konfrans işinə başlayıb


8 dekabr 2022-ci il tarixində Lənkəran Dövlət Universitetində LDU ilə Türkiyə Respublikasının “İqtisadi inkişaf və Sosial Tədqiqat İnstitutu”nun (İKSAD) birgə təşkilatçılığı, 22 ölkənin iştirakı ilə keçirilən “Beynəlxalq Suptropik və sitrus meyvələri” və “İpək Yolu” Beynəlxalq Elmi Tədqiqatlar Konfransları işinə başlayıb.
Konfrans iştirakçıları ilk öncə Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Sonra Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himnləri səslənib.
Konfransın plenar iclasını Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov açıb. LDU rəsmisi bu günlərdə 30 illik yubileyini qeyd edəcək Lənkəran Dövlət Universitetində elmi mühitin formalaşdırılması istiqamətində görülən işlərdən, müxtəlif mövzularda keçirilən Beynəlxalq və respublika səviyyəli elmi konfranslardan, universitetin professor, müəllim, doktorant və dissertantlarının həmin konfranslarda fəal iştiraklarından, elmlə istehsalatın uzlaşdırılması sahəsində görülən çoxşaxəli işlərdən söz açıb. Bildirib ki, Lənkəran Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalının hər iki seriyası e-library (RSCI) beynəlxalq indeksləmə sistemininə daxil olmaqla yanaşı, “Humanitar elmlər” seriyası dünyanın nüfuzlu beynəlxalq indeksləmə sistemi olan “İNDEKS COPERNİCUS” bazasına da daxil edilib. Professor Natiq İbrahimov bildirib ki, Lənkəran Dövlət Universitetində bu yaxınlarda daha bir elmi nəşr-Texnika və Aqrar elmləri üzrə Beynəlxalq elmi-praktik jurnal nəşrə başlayır. Rektor 2022-ci il üzrə Lənkəran Dövlət Üniversiteti əməkdaşlarının 30-a yaxın elmi məqaləsinin dünyanın nüfuzlu “web of science” bazasına daxil olmasını universitetin, eləcə də ölkənin elmimetrik reytinqinə müsbət təsir göstərəcəyini, birgə təşkil edilən Beynəlxalq tədbirlərin universitetdə elmi mühitin formalaşdırılmasına şərait yaradacağını vurğulayaraq, bu cür konfransların bundan sonra da mütəmadi təşkilində maraqlı olduqlarını bildirib, tərəfdaş universitetlərə əməkdaşlığa görə minnətdarlıq edib.
İKSAD rəhbəri Mustafa Latif Emek konfransda çıxışında bu cür tədbirlərin ölkələr arasında elmi əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini deyib və bütün iştirakçılara uğurlar arzulayıb. Daha sonra Gaziantep Universitetinin əməkdaşı, dos. Yunus Emre Tansü, Çukurova Universitetinin bölmə rəhbəri Sadettin Baloğlunun çıxışları dinlənilib.
“Beynəlxalq Suptropik və sitrus meyvələri” konfransında Lənkəran Dövlət Universitetindən professor Mikayıl Məhərrəmov, “İpək Yolu” Beynəlxalq Elmi Tədqiqatlar konfransında dosent Kamal Mahmudov məruzə ediblər.
İKSAD-ın Azərbaycan üzrə baş koordinatoru Əlvan Cəfərov qurumun xatirə hədiyyəsini Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimova təqdim edib.
Beynəlxalq konfranslar işini bölmələrdə davam etdirir.
Qeyd edək ki, konfranslarda universitetlərin professor-müəllim heyətləri, doktorant, magistrant, həmçinin tələbələr iştirak edirlər. Konfranslarda 200-ə yaxın elmi məqalə və tezis dinləniləcəkdir.
Xatırladaq ki, konfrans sabah da işini davam etdirəcək.
LDU-da 2 Beynəlxalq konfrans işinə başlayıb


Mənbə:
Paylaş: