Geri
23/12/22
LDU-da Beynəlxalq elmi konfrans
Lənkəran Dövlət Universitetində (LDU) “Aqrar sektorda innovativ texnologiyaların inkişaf perspektivləri” mövzusunda Beynəlxalq elmi konfrans işinə başlayıb.
Konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov LDU-da cari ildə sayca 5-ci olan hazırkı Beynəlxalq konfransın olduqca aktual mövzuya həsr olunduğunu bildirib, ölkədə və bölgədə aqrar sektorun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb, həllini gözləyən məsələlərdən söz açıb. Rektor çıxışında Lənkəran Dövlət Universitetində aqrar ixtisaslar üzrə tələbə hazırlığı istiqamətində son illərdə böyük uğurlara imza atıldığını, yardımçı təsərrüfatın yaradıldığını, xaricdən elmi laboratoriyaların alındığını, yeni aqraryönümlü ixtisasların açıldığını, “Texnika və aqrar elmləri” Beynəlxalq elmi praktik jurnalın yaxın vaxtlarda nəşrə başlayacağını deyib və hazırda bu sahədə kompleks işlərin davam etdirildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Beynəlxalq konfransın plenar iclasında Lənkəran Dövlət Universitetinin “Aqrar və mühəndislik” fakültəsinin dekanı, dosent Balayar Şahbazov, “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı, dosent Gülbəniz Əliyeva, Kafkas Universitetinin (Türkiyə) professoru Salih Otlu, Lənkəran Dövlət Universitetinin “Maliyyə idarəetməsi və audit” kafedrasının dosenti Natiq Mirzəyev mövzu ətrafında çıxış ediblər.
Konfrans işini günün ikinci yarısında bölmələr üzrə davam etdirir.
Qeyd edək ki, Beynəlxalq konfransın işində ölkənin nüfuzlu ali təhsil ocaqlarının və elmi müəssisələrinin, həmçinin, 8 xarici dövlətin (Belorus, Türkiyə, Gürcüstan, Latviya, Moldova, Polşa, Rusiya, Ukrayna) tədqiqatçıları, alimləri, doktorantları əyani və onlayn formatda iştirak edir.
Konfrans müddətində 150-yə yaxın tezis dinlənilərək müzakirə ediləcək ki, onların da böyük əksəriyyəti xarici ölkələrdən, respublikanın digər ali təhsil ocaqları və elmi müəssisələrindən daxil olub.
Mənbə: