Geri
01/03/23
LDU-da növbəti imtahan sessiyasının keçirilməsində yeniliklər gözlənilir.
Bu barədə Lənkəran Dövlət Universitetində (LDU) fəaliyyət göstərən Elmi şuranın 28 fevral tarixində keçirilən iclasında söz açılıb. Elmi şuranı açan universitetin rektoru, şuranın sədri prof. Natiq İbrahimov cari tədris ilinin növbəti semestrində qarşıda duran əsas vəzifələrdən, ali təhsil müəssisəsinin hədəflərindən söz açanda semestr imtahanlarının keçirilməsi formasında dəyişliklərin edilməsinin vacibliyini xüsusi vurğulayıb.
Elmi şurada ilkin müzakirəyə çıxarılan “2022/2023-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri. Yaz semestrində tədrisin vəziyyəti” barədə “Tədrisin təşkili və təlim texnologiyaları” üzrə prorektor dos. İdrak Əsgərov ətraflı məlumat verib. Məruzəçi diaqramlar vasitəsilə ayrı-ayrı fakültələr və bütövlükdə universitet üzrə 2022/2023-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinin təhlilini verib, ötən illə müqayisədə əldə edilmiş uğurlardan danışıb, eyni zamanda aşağı göstəricilərin səbəbləri açıqlanıb.
Məruzə ətrafında keçirilən müzakirədə qarşıdakı imtahan sessiyasının daha modern formada keçirilməsi, tələbələrin təkliflərinin nəzərə alınması və s. barədə fikir mübadiləsi olub, məsələ ilə bağlı komissiyanın, işçi qrupun yaradılması Elmi şura tərəfindən qərara alınıb.
“Universitetin “Elmi Xəbərlər” jurnalının yeni seriyaları haqqında” universitetin Elm və tədqiqat işləri şöbəsinin müdiri Ülkər Babayevanın məlumatı dinlənilib. Ülkər Babayeva Elmi şura üzvlərini universitetdə keçiriləcək “Zona fənn olimpiadaları”na hazırlığın vəziyyəti ilə də tanış edib.
“LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecdə payız semestrinin imtahan sessiyasının nəticələri. Yaz semestrində tədrisin vəziyyəti” barədə kollecin direktoru Leyla İbrahimova geniş məlumat verib.
Universitetin Elmi və Tədris Metodiki Şurasında baxılan işlərin müzakirəsi haqqında Elmi katib Allahşükür Quliyevin məlumatı dinlənilib.
Elmi şurada bir sıra cari məsələlərə də baxılıb və müzakirəyə çıxarılan bütün məsələlər barədə müvafiq qərarlar qəbul edilib.
Mənbə: