Geri
05/05/23
LDU-da H.Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş respublika elmi konfransı keçirilib.
Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş respublika elmi konfransı canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
“Heydər Əliyev Azərbaycanın böyük uğurla reallaşdırılan iqtisadi strategiyasının banisidir” mövzusunda keçirilən elmi konfransı universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru , dos. İdrak Əsgərov açıb. İdrak Əsgərov konfrans iştirakçılarına rektor, professor Natiq İbrahimovun təbrikini çatdırıb. Çıxışında bildirib ki, Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu öndərin gərgin fəaliyyəti və qətiyyəti sayəsində Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks inkişaf proqramlarının icrasına başlanmışdır. Ümummilli liderin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparılmış, sənaye və kənd təsərrüfatının bütün sahələrində inkişafa nail olunmuş, yeni sənaye sahələri yaradılmış, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırılmışdır.
LDU-nun “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı dos.Gülbəniz Əliyeva “Heydər Əliyev Azərbaycanın böyük uğurla reallaşdırılan iqtisadi strategiyasının banisidir” mövzusunda geniş məruzə edib. Məruzəçi bildirib ki, Heydər Əliyevin çoxşaxəli fəaliiyətində müstəqil dövlət quruculuğu, mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar münasibətlərinə keçid istiqamətində islahatlar, Azərbaycanın dünyaya tanıdılması, ölkəmizin iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının gücləndirilməsi, yeni neft strategiyası, ərazilərimizin işğaldan azad edilməsi üçün güclü iqtisadiyyat, güclü ordu tandeminin əsaslarının yaradılması və sair bu kimi məsələlər xüsusi yer tutur. Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişafında, eləcə də müstəqilliyimizin iqtisadi əsaslarının möhkəmləndirilmsində Heydər Əliyevin böyük xidmətləri olub. Məruzədə qeyd edilib ki, Azərbaycanın bu günkü uğurları müasir Azərbaycan dövlətinin banisi Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilərək həyata keçirilmiş islahatlara söykənir. Həmin vaxtı aparılmış islahatlar hesabına Azərbaycanda bazar münasibətlərinə söykənən sosial yönümlü iqtisadiyyatın bərpası və inkişaf etdirilməsi mümkün olmuş, ölkə əhalisinin həyat səviyyəsi yüksəldilmişdir. Heydər Əliyevin əsasını qoyduğu iqtisadi siyasətin ardıcıl olaraq davam etdirilməsi nəticəsində Azərbaycan dünyada güclü iqtisadiyyat formalaşdırmış və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi tanınmışdır.
Məruzə ətrafında universitetin “ Maliyyə idarəetməsi və audit” kafedrasının müdiri dos.Əlixan Bədəlov, “Pedaqogika, psixologiya və incəsənət” kafedrasının müdiri dos.Afiq Əliyev, “Tarix və onun tədrisi metodikası” kafedrasının əməkdaşı dos.Emin Məlikov çıxış ediblər. Çıxışlarda qeyd edilib ki, bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlətçilik məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır. Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevin xidmətlərini heç zaman unutmayacaq.
Natiqlər Ulu öndərin cənub bölgəsinə, o cümlədən Lənkərana etdiyi səfərlər, regionda sənayenin və aqrar sahənin inkişafı istiqamətində gördüyü işlər, quruculuq fəaliyyəti barədə ətraflı söz açıblar.
Plenar iclasdan sonra konfrans işini bölmələrdə davam etdirib. Qeyd edək ki, “Ulu öndərin rəhbərliyi dövründə Azərbaycanın iqtisadi inkişafı” və “Heydər Əliyev və Azərbaycanın sosial-mədəni inkişafı” bölmələrində ümumilikdə 130 tezis dinləniləcək.
Mənbə: