Geri

12/05/23

LDU-nun Elmi şurasında yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə edilib.


Lənkəran Dövlət Universitetində (LDU) Elmi şuranın növbəti iclası keçirilib. Şura iclasını universitetin rektoru, Elmi şuranın sədri prof. Natiq İbrahimov açıb və müzakirə ediləcək məsələlər barədə şura üzvlərini məlumatlandırıb. Elmi şura gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl rektor yeni təqdimat barədə danışıb. Bildirib ki, “Tarix-coğrafiya və incəsənət” fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dos.Zaur Məmmədova rektorun 10 may 2023-cü il tarixli əmri ilə universitetin “ Beynəlxalq əlaqələr və layihələr üzrə” prorektoru vəzifəsinin icrası həvalə olunub.

Elmi şurada “Yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti. Universitet üzrə I kollokviumun nəticələri və II kollokviumların gedişi” barədə “Tədrisin təşkili və təlim texnologiyaları üzrə” prorektor dos. İdrak Əsgərov məlumat verib. Bildirib ki, yaz imtahan sessiyasının yeni qaydalarla keçirilməsi ilə bağlı elektron baza yaradılmış, proqlamlaşdırma işləri həyata keçirilmiş, bütün fənlər üzrə imtahan verəcək tələbələrin siyahısının bazaya yerləşdirilməsi işləri İKT mərkəzi və fakültə dekanlığı tərəfindən yerinə yetirilmiş, kafedralar tərəfindən imtahan sualları bazaya yerləşdirilmiş, hal-hazırda tələbələr tərəfindən seçim aparılmaqdadır. İdrak Əsgərov qeyd edib ki, yaz imtahan sessiyasının əyani təhsilalma forması üzrə 02 iyun 2023-cü il tarixdən 04 iyul 2023-cü il tarixinədək, qiyabi təhsilalma forması üzrə isə 10 iyun 2023-cü il tarixdən 17 iyun 2023-cü il tarixinədək təşkili nəzərdə tutulmuşdur. İmtahanların təşkili və keçirilməsi otaqlar artıq müəyyənləşib. Dos.İ.Əsgərov hazırlıq işlərinin yekunlaşmaqda olduğunu şura üzvlərinin diqqətinə çatdırıb.

LDU-nun “Elm və innovasiya məsələləri üzrə” prorektoru dos. Elvin Əliyev “Universitetdə keçirilən Respublika elmi-praktik konfransının nəticələri haqqında” hesabatında konfransın işini uğurla başa çatdırdığını, bölmə rəhbərləri tərəfindən təsdiq edilmiş konfrans materiallarının yaxın günlərdə universitetin mətbəəsində çap olunacağını deyib.

“LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecdə yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti” barədə kollecin direktoru Leyla İbrahimovanın məlumatı dinlənilib. Məlumatda bildirilib ki, kollecdə 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası əyani təhsilalma forması üzrə tədris qrupları üçün 02.06.2023-cü il tarixdən 04.07.2023-cü il tarixinədək olan müddətdə, qiyabi təhsilalma forması üzrə tədris qrupları üçün isə 05.06.2023-cü il tarixindən 10.06.2023-cü il tarixinədək olan müddətdə keçiriləcək. Leyla İbrahimova imtahan sessiyasına hazırlıq işlərinin yekunlaşmaq üzrə olduğunu deyib.

Universitetin strukturunda qismən dəyişikilik edilməsi barədə Maliyyə və mühasibat şöbəsinin müdiri (baş mühasib) Rəşad Rzazadə məlumat verib.Türkiyə Cümhuriyyətinin Qars (Qafqaz) Universiteti ilə ikili diplom layihəsinin şərtlərinə uyğun olaraq LDU-da ayrıca Baytarlıq fakültəsinin yaranmasının zəruriliyindən danışıb və bununla bağlı 4 əlavə ştatın yaranmasına ehtiyac olduğunu bildirib.

Universitet Elmi və Tədris-Metodik Şurasında baxılan işlərin müzakirəsi barədə Elmi katib Allahşükür Quliyev danışıb. Allahşükür Quliyev “Azərbaycan müəllimi” qəzetində dərc olunan elana əsasən müsabiqənin keçirilməsi məsələsindən də danışıb. Müsabiqədə iştirak etmək istəyən namizədlərin adları açıqlanandan sonra gizli səsvermə keçirilib.

Elmi şurada bir sıra cari məsələlərə də baxılıb. Universitetdə təhsil alan şəhid bacı və qardaşlarına və müharibə iştirakçılarına təhsil haqqı ödənişlərində güzəştlərlə bağlı Maliyyə və mühasibat şöbəsinin müdiri (baş mühasib) Rəşad Rzazadə məlumat verib. Müzakirə zamanı qərara alınıb ki, LDU-da təhsil alan şəhid bacı və qardaşları illik təhsil haqqından, müharibə iştirakçıları isə akademik borca görə yaranmış təhsil haqqından azad edilsinlər.

Elmi şurada müzakirə edilmiş bütün məsələr barədə müvafiq qərarlar qəbul edilib.

LDU-nun  Elmi şurasında  yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti  müzakirə  edilib.


Mənbə:
Paylaş: