Geri
16/05/23
LDU-da “Azərbaycanşünaslığın aktual məsələləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib.
Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri”(tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə) adlı Beynəlxalq Elmi konfransın “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı: regional kontekstdə” bölməsi bu gün LDU-da işinə başlayıb.
Beynəlxalq elmi konfransın iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Konfransı giriş sözü ilə Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov açaraq tədbir iştirakçılarını salamlayıb, belə mötəbər tədbirdə iştiraklarından məmnun olduğunu bildirib. Prof. N.İbrahimov Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı LDU-da keçirilən silsilə tədbirlərdən danışıb, bu günki konfransı da həmin tədbirlərin davamı adlandırıb. Bildirib ki, Ulu öndər Heydər Əliyev müstəqillik illərində elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, o cümlədən elm-təhsil problemlərinə kompleks şəkildə yanaşmışdır. Ölkə başçısı bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirmiş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır. Rektor bildirib ki, hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının xoş gələcəyinə xidmət edəcək səviyyədə uğurla davam etdirilir. Eyni zamanda, bütün bunlar elm adamlarının daha da fəallaşmasını, ölkədə həyata keçirilən islahatların elmi əsaslarının işlənib hazırlanmasında xüsusi fəallıq göstərilməsini tələb edir
Beynəlxalq elmi konfransda Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev məruzə edib. Məruzəçi qeyd edib ki, bu günki tədbirin məhz Lənkəranda keçirilməsi təsadüfi deyil. LDU-nun və Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşları BSU-da keçirilən Beynəlxalq konfransda fəal iştirak edərək maraqlı məruzə və tezislər təqdim ediblər. Anar Nağıyev bildirib ki, ümummilli lider hələ Azərbaycana birinci rəhbərliyi dövründə təhsilin inkişafına böyük önəm verib. Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənardakı ali məktəblərə gənclərin göndərilməsi, hərbi kadrların yetişdirilməsi, respublika elmlər akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqillik üçün zəruri intellektual zəmin yaratmışdır. Ulu öndər yaxşı bilirdi ki, yüksək ixtisaslı mütəxəssislər yetişdirilməsi istənilən ölkədə dövlət müstəqilliyinin əsasını təşkil edən ən mühüm amillərdən biridir. Buna görə dahi öndər cəmiyyətin inkişaf zəminini düzgün olaraq təhsildə və maarifçilikdə görürdü, bu sahənin inkişafına diqqət və qayğısını əsirgəmirdi.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov məruzəsində ulu öndərin təhsil siyasətinin əsas istiqamətlərini şərh edərək bildirib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub. “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır” - deyən dahi rəhbər təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşıb. Bu istiqamətdə həyata keçirilən islahatlar təhsilin bütün pillələrini və maddi-texniki bazasını əhatə edib. Ötən əsrin 70-ci illərindən başlayaraq Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan təhsil islahatları bu sahənin inkişafında xüsusi mərhələ təşkil edir. “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir” - deyən Ulu Öndər Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi üçün mühüm işlər görüb.
Məruzə ətrafında LDU-nun “Azərbaycan dili və ədəbiyyat” kafedrasının əməkdaşı, prof. Yədullla Ağazadə, Beynəlxalq əlaqələr və layihələr üzrə prorektoru, dos. Zaur Məmmədov, “Pedaqogika, psixologiya və incəsənət” kafedrasının baş müəllimi Nahidə Cəfərova, BSU-nun əməkdaşı, prof. Piralı Əliyev, Tədris işləri üzrə prorektoru, dos. Ənvər Abbasov, Lənkəran-Astara Regional İdarəsinin əməkdaşları İlham Əhmədov və İlhamə Muradova çıxış ediblər.
Beynəlxalq konfransın plenar iclasından sonra bu ilin aprel ayında LDU-da keçirilmiş regional olimpiada qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Qaliblərə diplom, medallar və xatirə hədiyyələri təqdim edilib.
Beynəlxalq konfransda fəal iştirak edən çıxışçılar da mükafatlandırılıb. Onlara konfrans təşkilatçılarının birgə sertifikatları təqdim olunub.
Mənbə: