Geri

18/05/23

LDU-da “Heydər Əliyevin aqrar elmin inkişafında rolu” mövzusunda elmi-praktik konfrans.


LDU-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Torpaqşünaslıq və Aqrokimya İnstitutu” və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin aqrar elmin inkişafında rolu” mövzusunda birgə elmi - praktik konfrans işinə başlayıb.
Konfrans iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Elmi-praktik konfransı LDU-nun rektoru, prof. Natiq İbrahimov açıb və iştirakçılara uğurlar arzulayıb. Prof.Natiq İbrahimov Ulu öndər H.Əliyevin Azərbaycanda aqrar sahənin inkişafındakı böyük rolundan söz açıb. Bildirib ki, Azərbaycanda aqrar sahənin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır və ümummilli lider həm keçmiş sovetlər dönəmində, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi aqrar sahədə də ciddi islahatlar aparmışdır. Bunun nəticəsində isə resurslardan məqsədyönlü və səmərəli istifadə təmin olunub, sahənin dayanıqlı inkişafı üçün əsaslı baza yaradılıb. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda davam etdirilən uğurlu aqrar siyasət Cənab Prezident İlham Əliyev tərəfindən böyük əzmkarlıqla, uğurla davam etdirilir. Rektor N.İbrahimov bildirib ki, Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi daimi diqqət və qayğı, eyni zamanda imzaladığı son fərman və sərəncamlar nəticəsində kənd təsərrüfatının bütün sahələri dinamik inkişaf edir, köklü dəyişikliklər baş verir və zəruri potensialın formalaşdırılması üçün məqsədyönlü tədbirlərin icrası həyata keçirilir. Prof. Natiq İbrahimov LDU-da aqrar ixtisaslarda mütəxəssis hazırlanması istiqamətində görülən işlərdən danışarkən bildirib ki, bu sahədə dünya ali təhsil müəssisələrinin modern təcrübəsindən istifadə edilir, tələbələrin praktik vərdişlərə yiyələnmələri məqsədilə universitetdə yardımçı təsərrüfat yaradılıb, xaricdən müasir laboratoriyalar alınıb, avadanlıqlar quraşdırılıb və bu iş davam etdirilir.
Elmi-praktik konfransın plenar iclasında AMEA-nın müxbir üzvü, prof. “Torpaqşünaslıq və Aqrokimya İnstitutu”nun baş direktoru prof. Əlövsət Quliyev “Azərbaycanda iqlim dəyişməsi və su problemlərinin yaranması”, institutun əməkdaşı, AMEA-nın müxbir üzvü, prof. Amin İsmayılov “Azərbaycanda rəqəmsal torpaq xəritəçiliyinin əsas xüsusiyyətləri”, LDU-nun dosentləri Balayar Şahbazov “Heydər Əliyevin torpaq islahatları ərzaq təhlükəsizliyinin təminatıdır”, Məlahət Ağayeva “Heydər Əliyev və Azərbaycanda çayçılığın inkişafı” mövzusunda çıxış ediblər.
Plenar iclasdan sonra konfrans işini “Torpaqların genezisi, təsnifatı, təkamülü və geoinformasiya sistemləri”, “Torpaq, su ehtiyatları və onlardan səmərəli istifadə”, “Torpaq biomüxtəlifliyinin qorunması”, “Davamlı kənd təsərrüfatının inkişaf perspektivləri”, “Azərbaycanda çayçılığın inkişafı” bölmələrində davam etdirir.


LDU-da “Heydər Əliyevin aqrar elmin inkişafında rolu” mövzusunda elmi-praktik konfrans.


Mənbə:
Paylaş: