Geri

14/06/23

“Heydər Əliyevin xilaskar qayıdışı” mövzusunda konfrans


Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində 15 iyun-Milli Qurtuluş Günü münasibətilə “Heydər Əliyevin xilaskar qayıdışı” mövzusunda konfrans keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Ümummilli lider H.Əliyevin və torpaqlarımızın azadlığı, vətənimizin müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Konfransı giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov açıb və ilk öncə iştirakçıları 15 iyun-Milli Qurtuluş Günü münasibətilə təbrik edib. İcra başçısı Ulu öndər H.Əliyevin 100 illiyi ilə əlaqədar rayonda keçirilmiş tədbirlərdən danışıb və hazırkı konfransı da silsilə tədbirlərin davamı adlandırıb. Bildirib ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir. Ulu öndər Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan xaos, anarxiya və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu və hazırda Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. İcra başçısı 30 il öncə cənub bölgəsində yaşanan xaosdan, H.Əliyevin bu istiqamətdə apardığı müdrik siyasətin uğurlu nəticələrindən danışıb.
Konfransda Lənkəran Dövlət Universitetinin Beynəlxalq əlaqələr və layihələr üzrə prorektoru, dos. Zaur Məmmədov, universitetin “Tarix və onun tədrisi metodikası” kafedrasının dosenti Emil Məlikov mövzu ətrafında geniş məruzə, Q. Zeynalov adına Darquba kənd tam orta məktəbin direktoru Mayis Kazımov çıxış ediblər. Məruzə və çıxışlarda bildirilib ki, Azərbaycanın rəhbəri kimi Heydər Əliyevin hər iki rəhbərlik dövrü məhz ölkəmizin qurtuluşu missiyası ilə başlanmış, sonrakı mərhələdə isə onun sürətli sosial-iqtisadi inkişafına və mədəni intibahına həsr olunmuşdur. Ümummilli lider Heydər Əliyevin Milli Qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir, siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir.
Məruzə və çıxışlarda qeyd edilib ki, xalqımızın hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanır və gələcəkdə də faydalanacaqdır. Milli Qurtuluşun yaratdığı möhkəm zəmin üzərində Azərbaycanda Prezident İlham Əliyev müstəqil milli dövlətçilik siyasətini uğurla davam etdirir, onu siyasi zamanın inkişafına uyğun yaradıcı təkamül nümunələri ilə zənginləşdirir.
Konfrans “Heydər Əliyevin xilaskar qayıdışı” adlı videorolikin nümayişi ilə başa çatıb.

“Heydər Əliyevin xilaskar qayıdışı” mövzusunda konfrans


Mənbə:
Paylaş: