Geri
19/07/23
Təhsil Tələbə Krediti Fondu maarifləndirici tədbir keçirib
Tələbə Təhsil Kredit Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə regionlarda təhsil tələbə kreditlərinin verilməsi qaydaları ilə bağlı məlumatlandırıcı sessiyalara start verilib.
Lənkəran Dövlət Universitetinin (LDU) Böyük akt zalında təşkil edilən ilk tədbirdə tələbələr, yuxarı sinif şagirdlərinin valideynləri və məktəb müəllimləri iştirak edib.
Tədbiri giriş sözü ilə Lənkəran Dövlət Universitetinin Beynəlxalq əlaqələr və layihələr üzrə prorektoru vəzifəsini icra edən dos. Zaur Məmmədov açaraq görüşün mahiyyətini açıqlayıb, Təhsil Tələbə Krediti Fondunun əhalinin həssas təbəqəsinə yaratdığı təhsil imkanlarından söz açıb.
“Regional İnkişaf” İctimai Birliyi (#RİİB) Lənkəran regional bölməsinin rəhbəri İlkin Muradov təmsil etdiyi qurumun bu istiqamətdə apardığı işlərdən, maarifləndirmə tədbirlərindən danışıb.
Təhsil Tələbə Krediti Fondunun şöbə müdiri Tehranağa Abdullayev bu haqda geniş məruzə edib. Bildirib ki, Təhsil Tələbə Kreditləri ilə bağlı “Təhsilin əlçatanlığı və əhatə dairəsinin genişləndirilməsi” adlı layihəyə Lənkərandan start verilib və təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması, təhsilin əhatə dairəsinin genişləndirilməsidir. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə verilir, həmçinin Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq qaydaya əsasən, sosial və standart olmaqla iki növü mövcuddur. Güzəştli şərtlərlə verilən sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrdən olan tələbələr istifadə edə bilər. Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlərin tətbiq olunuduğu, həmçinin tələbənin krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytaracağı diqqətə çatdırılıb.
Tədbir iştirakçıları təhsil tələbə kreditlərinin verilməsi, informasiya sisteminin tələbə portalından istifadə qaydaları haqqında ətraflı təlimatlandırılıb, onlara kimlərin hansı hallarda, hansı şərtlər və güzəştlərlə tələbə kreditindən yararlana biləcəyi geniş izah edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Mənbə: