Geri
Hədəflər yüksək, uğurlar böyük
Müsahibimiz Lənkəran Dövlət Universitetinin rektoru
professor Natiq İbrahimovdur
Bu il Lənkəran Dövlət Universitetini (LDU) bakalavriat səviyyəsi
üzrə 880, magistratura səviyyəsi üzrə 145 nəfər bitirdi. Artıq növbəti tədris
ili üçün plan yerlərinin sayı da, görüləcək işlərin planları da hazırdır. LDU
elə bu ildən başlayaraq dünya universitetlərinin olduğu siyahılara düşməyə,
dünyanın müxtəlif yerlərindən oxumaq üçün Azərbaycana gələnlərin diqqətini cəlb
etməyə çalışacaq. Rektor, professor Natiq İbrahimov “Azərbaycan müəllimi” qəzetinə
həm növbəti tədris ili üçün planlardan, həm də gələcək hədəflərdən bəhs edib.
İş şəraitini ildən-ilə yaxşılaşdırırlar
- Geridə qoyduğumuz tədris ili LDU üçün necə bitdi, uğurlu
idi?
- Hətta “ən uğurlu il”, - deyə bilərik. Üstəlik,
universitetimizin 30 illik yubileyini qeyd etdiyimiz bir ildən söhbət gedir.
Yeri gəlmişkən, bu münasibətlə ölkə başçısı təhsil quruculuğu və peşəkar kadr
hazırlığı sahəsindəki xidmətlərinə görə iki əməkdaşımızı “Əməkdar müəllim” fəxri
adı, üç əməkdaşımızı isə “Tərəqqi” medalı ilə təltif etdi. Deyə bilərəm ki, fəaliyyətimizə
aid uğurlarımız ilboyu davam edib. Məsələn, universitetin H.Abdullayev küçəsi-19
ünvanında yerləşən 2-ci tədris korpusunun ərazisində müasir tipli yeni 5 mərtəbəli
tədris binasını tədris ilinin elə ilk günündə müəllim və tələbələrimizin
ixtiyarına verdik.
- Universitetdə iş şəraitini yaxşılaşdırmaq planlarınız, deyəsən
gələn il də davam edəcək?
- Elədir, universitetin inzibati binasının genişləndirilməsi
layihəsi var.Yaxın zamanlarda tikinti-quraşdırma işlərinə başlamağı
planlaşdırırıq. Hesab edirik ki, layihənin gerçəkləşməsi əməkdaşlarımızın iş şəraitinin
yaxşılaşdırılmasına imkan verəcək. Maddi-texniki bazamızı möhkəmləndirməklə
yanaşı, kadr hazırlığının keyfiyyətinə ciddi təsir edəcək daha bir plan isə
klinikadır. 1 saylı korpusun ərazisində xarici ölkələrin təcrübəsinə əsaslanaraq,
beynəlxalq tələblərə cavab verən “Baytarlıq klinikası” tikməyə hazırlaşırıq.
LDU-nun qəbul planında yeni ixtisaslar var
- Kadr hazırlığının keyfiyyətindən bəhs etmişkən, LDU-nun qəbul
planı təsdiqlənib.Məlumata görə, burada 40 ixtisas üzrə hazırlıq təşkil ediləcək.
Aralarında yeni olanlar varmı?
- Hazırda 5 fakültə, 13 kafedrada 5400 tələbəyə təhsil
veririk. Universitet ildən-ilə böyüyür.2023/2024-cü tədris ili üzrə qəbul
planında 2005 yer ayrılıb. Bakalavriat səviyyəsində 40 ixtisas üzrə qəbul
aparılacaq. Təbii ki, aralarında yeni ixtisaslar da var. Bu il psixologiya,
informasiya təhlükəsizliyi, turizm bələdçiliyi kimi yeni ixtisaslar üzrə kadr
hazırlığını təşkil edəcəyik. Hər il olduğu kimi, bu dəfə də yeni ixtisasların
verilməsi zamanı əmək bazarının tələbləri, regionda yerləşən müəssisələrdə
kadrların hazırlanmasına dəstəyin verilməsi kimi məsələlərə xüsusi diqqət
yetirilib. Növbəti illər üçün qəbul planında tələbələrə daha geniş perspektivlər
yaradacaq yeni ixtisasların verilməsi və qəbul sayının daha da artırılması
planlaşdırılır.
- Bakalavriatda 8 ixtisas üzrə qəbul, sadəcə dövlət sifarişi
əsasında aparılır. Bunun səbəbi nədir?
- Doğrudur, bakalavriat səviyyəsində aqronomluq, aqromühəndislik,
bağçılıq və tərəvəzçilik, baytarlıq təbabəti, meşəçilik, şərabçılıq,
torpaqşünaslıq və aqrokimya, zoomühəndislik ixtisasları üzrə kadr hazırlığı
yalnız dövlət sifarişi əsasında aparılır. Aqrar sahənin inkişafına hesablanan
ixtisaslara həm region, həm də ölkə üzrə tələbat çox olduğundan qəbul yalnız
dövlət sifarişi əsasında həyata keçirilir. Bu ixtisaslar üzrə peşəkar kadrların
hazırlanması üçün LDU-da müvafiq tədris-təcrübə bazası yaradılıb. Aqrar sahə
üzrə kadr hazırlığının keyfiyyətinin daha da yüksəldilməsi məqsədi ilə Türkiyənin
Kafkas (Qars), Çukurova və digər universitetləri ilə əlaqələr qurmuşuq. Həmin
universitetlərlə imzalanan “Akademik Əməkdaşlıq Protokolu” çərçivəsində
professor-müəllim heyəti tədrisə cəlb edilir.
- Magistratura səviyyəsi üzrə 30-a yaxın ixtisasa qəbul aparılır.
Burada vəziyyət necədir? Qəbul planı dolurmu?
- 2023/2024-cü tədris ilində magistratura səviyyəsi üzrə də
qəbul planı təsdiq edilib və plana görə 29 ixtisas və 33 ixtisaslaşma üzrə 303
qəbul yeri nəzərdə tutulur. Eyni zamanda MBA proqramı çərçivəsində magistr
hazırlığı həyata keçirilir. Həm MBA (Biznesin təşkili və idarə olunması (sosial
xidmət sahələri üzrə)), həm də digər ixtisaslarda bir sıra yeni ixtisaslaşmalar
üzrə (Fizika fənninin tədrisi metodikası və metodologiyası, Kompüter sistemləri
və şəbəkələri, Bitki anatomiyası və morfologiyası, Mamalıq, ginekologiya və
süni mayalanma, Sosial-mədəni sahələrdə xidmətlərin təşkili, Otelçilik) kadr
hazırlığı həyata keçiriləcək. Hər il qəbul planının 80-85 faizdən çoxu dolur.
Qeyd edim ki, magistratura səviyyəsi üzrə kadr hazırlığı aparılarkən əsas diqqət
universitetdə kadr potensialının gücləndirilməsinə yönəldilir. Təhsilini müvəffəqiyyətlə
başa vuran magistrantların bir çoxu universitetdə müəllim, tyutor və s. kimi vəzifələrdə
çalışır.
Burada imtahanların vaxtına tələbə qərar verir
- LDU-nun adı tələbələrə yönəlik addımlarla daha çox
hallanır. Xüsusən, bakalavr və magistrlərin təhsil şəraitini rahatlaşdıran
addımlarınız barədə mətbuatdan oxuduq.
- Elədir. Tələbələrimiz üçün bir çox addımlar atmışıq. Məsələn,
ölkədə ali təhsil müəssisələri arasında ilk dəfə bizdə imtahanların vaxtının təyin
olunmasında tələbələrə seçim hüququ verildi. Yaz imtahan sessiyasının təşkilində
tələbələrin arzu və istəkləri nəzərə alındı. Bütün fakültələr üzrə imtahanlar
iki növbədə təşkil olundu və verilən seçim imkanından istifadə edərək imtahana
düşən fənlərin gününü və saatını onlayn qaydada tələbələr özləri müəyyənləşdirdilər.
Bu yenilik tələbələrə imtahan biletlərini kompüter vasitəsilə birbaşa elektron
bazadan götürmək, eləcə də imtahanları operativ verib sessiyanı daha tez
yekunlaşdırmaq şansı verdi. Eyni zamanda, imtahan nəticələri operativ olaraq
universitetin elektron bazasında da yerləşdirildi. Tələbələrimiz üçün
addımlarımız davam edəcək. Sırada oğlan tələbələrimiz üçün 250 nəfərlik
mehmanxana tipli yataqxana var.
Doktorantları LDU-nun ixtisaslı kadr potensialını gücləndirir
- Doktorantura səviyyəsi üzrə təhsilin təşkili vəziyyəti necədir?
Doktorantura səviyyəsində dövlətin həyata keçirdiyi proqram da var. LDU-da bu təhsil
səviyyəsi üzrə kadr hazırlığı ilə bağlı yeni və ya uğurlu saydıqlarınızı bilmək
maraqlı olardı.
- Universitetimizdə elmi mühitin inkişafında doktorant
hazırlığının xüsusi yeri var. Son illərdə fəlsəfə doktoru proqramı üzrə qəbul
plan yerlərinin sayı bir neçə dəfə artırılıb, elmlər doktoru proqramı üzrə isə
universitet əməkdaşları ölkəmizdəki nüfuzlu ali təhsil müəssisələri və elmi təşkilatlara
təhkim ediliblər. Hazırda 10-a yaxın doktorant dövlət hesabına təhsil alır.
Eyni zamanda “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil
sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində
xaricdə doktoranturada təhsil üçün müraciət edənlərə imkanlar yaradılır.
Respublika və ölkə xaricində elmi müəssisələrlə elmi-tədqiqat əlaqələri
qurulduğundan, doktoranlarımız özlərinə həmin təşkilatlardan həm elmi rəhbər
seçir, həm də elmi-tətqiqat işləri aparırlar. LDU doktorantlarına dünyanın
elmmetrik bazalarına çıxış imkanı yaradır, onlara yüksək indeksli impakt
faktorlu elmi jurnallarda məqalə çapı və beynəlxalq konfranslarda iştirak üçün
dəstək veririk.
Müxtəlif sahələri əhatə edən və Azərbaycan, türk, ingilis və
rus dillərində məqalə dərc edən 3 elmi jurnalımız fəaliyyətdədir. Hər üçü
Prezident yanında Ali Attestasiya Komissiyasının məqalələrin dərc olunması
tövsiyə edilən dövri elmi nəşrlər siyahısına və eyni zamanda beynəlxalq elmi
indeks bazalarına (İNDEKS COPERNİCUS, E-Library (RİNÜ)) daxildir. Universitetin
növbəti hədəfi jurnalları Scopus və Web of Science bazalarına daxil etməkdir. Məhz
buna görədir ki, doktorantlarımızın böyük əksəriyyəti öz dissertasiya işlərini
vaxtında uğurla müdafiə edib müvafiq diplomları alaraq həm universitetin elmi-tədris
bazasının inkişafına, həm də ixtisaslı kadr potensialının formalaşmasına
yardımçı olurlar.
Əcnəbi tələbələrin hazırlıq kursu açılır
- Əcnəbi tələbə və professor sayı ilə bağlı məlumat verə bilərsinizmi?
Tədris prosesinə xaricdən müəllim-professorlar cəlb edirsizinizmi?
- LDU-da son illərdə istər bakalavriat, istərsə də
magistraturada təhsil alan tələbələrin müasir biliklərə yiyələnmək və dünyaya
inteqrasiya olunmasında başlıca istiqamətlərdən biri də onların əcnəbi müəllimlərlə
təmasıdır. Bu fərqlilik mübadilə proqramlarında daha çoxdur. Bununla
yanaşı,Türkiyədə çalışan yüksək reytinqli professorlar universitetə dəvət
edilir. Xüsusən, baytarlıq ixtisası üzrə 3 professor-müəllim tədris ili boyu tələbələrimizə
mühazirələr oxuyub, birgə təcrübələr aparıb, müvafiq kafedralarda seminarlar
verib. Eyni zamanda doktorantlarımıza xaricdə çalışan nüfuzlu alimlər
koordinasiyalı şəkildə elmi rəhbərlik edir.
Əcnəbi tələbələrin qəbulu onlayn platforma üzərindən
aparılır, hazırda Türkiyə, Rusiya və Gürcüstandan olan tələbələrimiz universitetdə
təhsil alır. Bu ildən LDU-da əcnəbi tələbələrin hazırlıq kursunun açılmasına da
razılıq verilib. Hesab edirəm ki, bundan sonra xarici tələbə sayı daha da
artacaq.
Gənclərin əmək bazarı öyrənilir, işəgötürənlərin tələbləri
müəyyənləşdirilir
- Kadr hazırlığından danışarkən qısamüddətli təhsili unutmaq
olmaz. Müasir universitetlər, sadəcə verdiyi müxtəlif səviyyələr üzrə təhsil
yox, həm də qısamüddətli təhsillə - kursların təşkili ilə nəinki qazanır, həm də
tanınır. Bazarın tələbi də daha çox qısamüddətli təhsilə - ixtisasartırma və
ixtisasdəyişmə kurslarınadır, elə deyilmi?
- Çox aktual bir problemə toxunursunuz. Müasir dövrdə hər
bir dövlətin iqtisadi və sosial siyasətinin aktual məsələlərindən biri tam məşğulluğun
təmin olunmasıdır. Çünki insan resurslarından səmərəli istifadə ölkənin
iqtisadi inkişafında başlıca rol oynayır. Bu problemlərin həlli üçün gənclərin əmək
bazarının mütəmadi olaraq öyrənilməsi və işəgötürənlərin tələblərinin müəyyənləşdirilməsi
mühüm əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə universitetimiz İqtisadiyyat
Nazirliyinin Lənkəran Regional idarəsi ilə birgə regionda daha çox kadr tələbatı
olan peşələri müəyyənləşdirib. Bura baytar köməkçiləri (texnikləri), kompüter
operatorları, texnikləri və proqramçıları, gül, tərəvəz və meyvə ustaları,
aşpaz, barmen, otel işçisi, sığorta mütəxəssisi, bağbanlar, calaqçılar,
bitkiçilikdə zərər və ziyanvericilərlə mübarizə ustası, arı ustası, fermerlər,
dayələr, satıcılar, məişət texnikası cilingəri və təmiri ustası və digər peşə
sahibləri aiddir. Həmin peşələr üzrə qısa (3-9 ay) və ortamüddətli (12-18 ay)
kursların proqramları hazırlanaraq İqtisadiyyat Nazirliyinin Lənkəran Regional
idarəsi ilə razılaşdırılıb.Bununla yanaşı, qəbul planında, əsasən qeyri-neft
sektorunun, xüsusilə aqrar və iqtisadiyyat sahələrində gələcəkdə tələbata
ehtiyacı olan zəruri ixtisaslar üzrə mütəxəssis hazırlığına üstünlük verilir.
Aparılan işlərdən biri də yaxın gələcəkdə regionun işsiz kadrlarının, o cümlədən
gənclərin və qadınların həmin proqramlar üzrə təlimlərə cəlb olunmasına
hesablanıb.Bu məqsədlə universitetin əməkdaşları layihələr hazırlayaraq Avropa
İttifaqına təqdim ediblər. Layihələrdə Avropa İttifaqı universitetlərinin
qabaqcıl texnologiya və təcrübəsi, həmçinin Aİ-nın maliyyə dəstəyindən istifadə
etməklə müasir tipli aqrar təsərrüfatı, emal və satış müəssisəsinin
yaradılması, gənclərin peşə hazırlığına və əmək bazarına cəlb edilməsi, region
universitetlərinin elmi və tədris potensialının gücləndirilməsi, Aİ dəyərlərinin
təşviqi, Aİ universitetləri ilə inteqrasiyanın genişləndirilməsi nəzərdə
tutulub.
- Tyutor hazırlığı kurslarına da başlanılıb. Xatırlayırıq
ki, “Azərbaycan müəllimi” qəzetinə verdiyiniz müsahibələrdən birində təcrübəsiz
gəncləri işə alır, onları işdə yaxşı tyutorlar kimi yetişdirir, amma sonradan
onların başqa, hətta Bakıda fəaliyyət göstərən universitetlərə getdiyindən
narahatlığınızı ifadə edirdiniz. Bu, hələ tyutorların universitetlərimizdə yeni
ştat olduğu vaxtlar idi. Artıq üzərindən illər keçib və LDU bu sahə üçün
kadrlar hazırlamağa başlayıb...
- Universitetimizdə tədrisin keyfiyyətini yüksəltmək və tədrisi
kredit sisteminin tələblərinə uyğun təşkil etmək məqsədi ilə hər il tyutor
hazırlığı kursları təşkil edilir. Bunun sayəsində tələbələrə özünün təhsil
trayektoriyalarını müəyyən etmək imkanı yaradılır. Bu il də iyulun 12-dən
hazırlıq kursuna başlanıb. Kursu müvəffəqiyyətlə başa vuraraq yüksək nəticələr əldə
edən namizədlər universitetdə işlə təmin olunurlar. Tyutorların vaxtilə Bakıda
fəaliyyət göstərən universitetlərə getdiyi faktı da danılmazdır. Amma bu, artıq
keçmişdə qalıb. Universitetimizdə iş şəraiti yaxşılaşdırılıb, əmək haqları
artırılıb və nəticədə tyutorların da sayı artıb.
LDU güləşçilərinin səsi beynəlxalq yarışlardan gəlir
- Mətbuatdan izləyirik ki, idman nailiyyətləri var tələbələrinizin.
Adətən, idman karyerasını universitetlərdə də davam etdirən gənclər azdır. Çoxu
X-XI siniflərə qədər məşğul olur, qəbul imtahanı ərəfəsində də məşqlərini
dayandırır. LDU-da bunun baş verməməsi, tələbələrinizin idmanda və başqa sahələrdə
məşğuliyyətlərini davam etdirmələri üçün xüsusi iş aparılırmı?
- LDU-da müxtəlif idman klubları fəaliyyət göstərir. Tələbəlrin
arzu və istəklərini, həmçinin bacarıqları nəzərə alınaraq MMA (döyüş),
“Grappling” (güləş), cüdo, boks, voleybol, futbol, qol güləşi, stolüstü tennis,
şahmat, trenajor, kikboksink idman növləri üzrə bölmələri yaradılıb. Bir müddət
əvvəl isə oğlanlardan ibarət basketbol komandası qurulub vəqızlardan ibarət
komanda da formalaşdırılır. Tələbələrimizin komanda şəklində rayon səviyyəsində
keçirilən idman yarışlarında, fərdi idman növlərində isə beynəlxalq və
respublika səviyyəli yarışlarda kifayət qədər uğurları var. Məsələn, Kəmaləddin
Şükürov beynəlxalq turnirdə “Grappling” (güləş) idman növündə 75 kiloqram çəki
dərəcəsində 1-ci yer, dünya kubokunda 80 kq dərəcəsində 2-ci yer tutub.
“Grappling” idman növündə daha bir - Arif Ağayev adlı tələbəmiz dünya kubokunda
2-ci yeri qazanıb. Dünya kubokunda bu idman növü üzrə uğur qazananlarımız
çoxdur. Emin Mustafazadə 60 kq. çəki dərəcəsində, Zülfüqar Əhədli 70 kq.-da,
İdris Mirzəzadə isə 65 kq. çəki dərəcəsində I olub.
Əməkdaşlıqda fərq qoymurlar
- Bölgə universitetləri ilə əməkdaşlığa başlamısınız. Belə əməkdaşlıqlardan
gözləntilər nədir? Hansı formada əməkdaşlıq nəzərdə tutulur?
- Əməkdaşlıqda paytaxt və bölgə universitetlərinə fərq
qoymuruq. Bölgə universitetləri ilə qarşılıqlı konfrans, simpoziumlar təşkil
edir, tədris-elmi əlaqələrimizi möhkəmləndiririk. Məsələn, Mingəçevir Dövlət
Universiteti ilə 2021-ci ildən başlamışıq. Vaxtaşırı birgə konfrans və tədbirlər
keçirir, hər iki universitetdə mövcud laboratoriyalardan birgə istifadə edir, fənn
proqramlarını təkmilləşdirir, tələbə və müəllim mübadiləsi aparır, qarşılıqlı
kreditləri tanıyır,birgə tədqiqat işləri aparırıq.
Azərbaycan Texnologiya Universiteti və Mingəçevir Dövlət
Universiteti ilə aramızda 3 tərəfli memorandum imzalamışıq. Memorandumda üç ali
təhsil müəssisəsinin elm, təhsil, innovasiya fəaliyyəti və beynəlxalq əlaqələrə
dair ümumi maraqlara əsaslanan qarşılıqlı əməkdaşlığı nəzərdə tutulur.
Yaxın müddətdə Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər
İnstitutu ilə də ikitərəfli əməkdaşlığa başlayacağıq.Bununla yanaşı, Bakı Dövlət
Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti, Azərbaycan Dövlət Peqaqoji Universiteti, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı
Avrasiya Universiteti, Azərbaycan İlahiyyat İnstitutu, Sumqayıt Dövlət
Universiteti və AMEA-nın müvafiq elmi tədqiqat institutları ilə əməkdaşlıq
edilir, qarşıda daha yeni istiqamətlər üzrə əlaqələrin planları müəyyənləşdirilir.
- Beynəlxalq əməkdaşlıq planlarınız nədir? Məsələn, ikili
diplom proqramları, ikitərəfli əməkdaşlıqlar sahəsində nə kimi yeniliklər gözlənilir?
Bu günlərdə LDU-da “Avropa şəhərciyi” layihəsi də sıx-sıx müzakirə olunanlar
siyahısındadır. “Erasmus”, “Yaşıl enerji” kimi layihələrdə LDU iştirak edib. Əməkdaşlığın
genişləndirilməsi planı da var yəqin?
- LDU-nun strateji inkişaf planında beynəlxalq əməkdaşlıq sahəsində
məqsəd, vəzifə və hədəflər müəyyənləşdirilib. 2022-2030-cu illər üçün beynəlxalq
təhsil xidmətləri bazarında aktiv iştirak, əcnəbi tələbələrin və müvafiq
ixtisaslar üzrə xaricdən kadr cəlbi, beynəlxalq layihələrin təqdim edilməsi,
ikili diplom layihələrinin genişləndirilməsi kimi məqsədlərimiz var.
Universitetimiz dünyanın nüfuzlu ali məktəb reytinqləri siyahısına - “QS World
University Rankings” və “Webometrics”-ə qoşulub, sıralamaya düşmək və hətta irəliləməyi
hədəfləyirik.
LDU ilə İspaniya, Türkiyə, Polşa ali təhsil müəssisələri
arasında Erasmus+KA1 proqramı çərçivəsində əməkdaşlıq müqavilələri imzalanıb və
həmin müqavilə əsasında akademik heyətin qarşılıqlı mübadiləsi həyata
keçirilir. 2022/2023-cü tədris ilində uğurlarımızdan biri də Avropa İttifaqının
Erasmus+ KA2 proqramı üzrə iki layihədə təmsil olunmağımızdır. “Azərbaycan
universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa
olunan enerji və iqlim dəyişikliyinin azaldılması (REFRESH)”, “Azərbaycanda
İnstitusional Repozitorlar Şəbəkəsi vasitəsilə Tədqiqat Bacarıqlarının İnkişaf
etdirilməsi (DIRNA)” üzrə olan layihələr 3 il müddətində həyata keçiriləcək.2023-cü
ildə koordinatorluğumuzla 2 layihə (Erasmus+ KA2) Avropa İttifaqına təqdim
edilib. Birincisi, “Kənd təsərrüfatı sahibkarlığının inkişafında regional
universitetlərin rolu (RUDA)” layihəsidir və əsas hədəf aqrar sahibkarlığın
inkişafında regional universitetlərin rolunu artırmaqdır. İkincisi, “Əldə
edilmiş təcrübənin təsdiqi ilə ali təhsil diplomuna çıxışın təmin edilməsi
(EHEDA)”layihəsidir - 35 yaşdan yuxarı bu və ya digər səbəbdən ali təhsil
diplomu ala bilməyən və ən azı 5 il iş təcrübəsi olan insanlara imkan yaratmaq
məqsədi daşıyır.Təhsilimizdə məzmun və keyfiyyət göstəricisini təkmilləşdirmək
üçün ikili diplom layihələrinə diqqət yetiririk. Belə ki, 2019-cu ildə UNEC və
LDU arasında İkili Diplom Proqramı haqqında müqavilə imzalanıb. Proqramda tərəfdaş
universitetlərin “İqtisadiyyat”, “Biznesin idarə edilməsi”, “Mühasibat uçotu və
audit” və “Maliyyə” ixtisasları üzrə əyani təhsil formasında təhsil alan tələbələr
iştirak edəcək.
İkili diplom layihələrinin təsis edilməsi istiqamətində
xarici universitetlərlə danışıqlar aparılır, müvafiq razılıqlara gəlinib. Belə
ki, Macarıstanın Kapoşfar və Türkiyənin Kafkas (Kars) Universitetləri ilə ikili
diplomların təsis edilməsi istiqamətində müqavilələr imzalanıb.
LDU-nun xarici əlaqələrində Avropa İttifaqı və ittifaqa
daxil olan ölkələrin universitetləri ilə əməkdaşlıq mühüm yerlərdən birini
tutur. Beynəlxalq əlaqələrimizin inkişafı Avropa İttifaqının nümayəndə heyətinin,
Avropa ölkələrinin səfirlərinin diqqətini cəlb edir. Elə ötən ay - iyunun
9-10-da Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin İttifaqa üzv
olan ölkələrin səfirləri ilə birlikdə növbəti “Avropa şəhərciyi” tədbiri ilə əlaqədar
LDU-da təmsil olunması bu diqqətin göstəricisidir.
Məzunlarının 73 faizdən çoxu iş tapır
- Universitetlər üçün vacib məsələlərdən biri də məzunlarının
iş tapmasıdır. Məzunlarla əlaqələriniz necədir, onlardan geri dönüş alırsınız?
- Məzunların gələcək karyeralarının təşkili və idarəetmə
strukturunda operativliyi təmin etmək məqsədilə universitetdə hər il məzun
yarmarkası keçirilir. Bu istiqamətdə Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq
edirik. Agentlikdən verilən məlumatlara əsasən məzunlarımızın 73.37 faizi işlə
təmin olunub. Bundan əlavə, LDU-nun Təcrübə, potensial inkişaf və karyera bölməsi
məzunlarımızla mütəmadi əlaqə saxlayır və onların iş fəaliyyəti ilə bağlı yeni
məlumatlar müvafiq olaraq bazaya daxil edilir.
- MİQ müsabiqəsinin nəticələri təhlil edilirmi? Məzunlarınızın
qəbul faizi və imtahanlarda göstərdikləri keyfiyyət göstəriciləri barədə yəqin
məlumatlısınız. Sizdə də belə təhlilər aparılırmı?
- LDU-da Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin
təşkilatçılığı ilə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlərin
son 5 ildəki nəticələrinin təhlili ilə bağlı tədbir keçirilib. Tədbirdə son 5
ilin nəticələri, ali təhsil müəssisələrinin bu istiqamətdəki statistik göstəriciləri
slaydlar və diaqramlar əsasında geniş şəkildə şərh edilib, müvafiq müzakirələr
aparılıb. Tədris prosesində qarşıya çıxan çatışmazlıqların aradan qaldırılması
istiqamətində təkliflər və tapşırıqlar verilib. Universitetdə də Keyfiyyət təminatı
şöbəsi fəaliyyət göstərir. Bu şöbənin fəaliyyəti nəticəsində təkcə MİQ
imtahanının nəticələrinin monitorinqi yox, bütün ixtisaslar üzrə monitorinqlər aparılır.
Mövcud çatışmazlıqların aradan qaldırılması üçün tədrisin təşkili prosesində
operativ işlər görülür. Artıq növbəti 5 ildəki hesabatların təhlili nəticəsində
yüksək nəticələrin əldə olunduğunun şahidi olacağıq.
LDU-nun Baytarlıq klinikası heyvandarlıqla məşğul olanlara
xidmət edəcək
- Bəs, növbəti tədris ili üçün hədəfdə nə var?
- Universitetin maddi-texniki bazasının gücləndirilməsi məqsədi
ilə növbəti tədris ilində yeni infrastrukturun yaradılması - oğlan tələbələri
üçün müasir tələblərə cavab verən yeni yataqxana binasının istifadəyə verilməsi
nəzərdə tutulur. 250 tələbə üçün nəzərdə tutulmuş yataqxana binası 5 mərtəbə,
100 otaqdan ibarət olacaq. Universitetin 1 saylı tədris binasında Türkiyənin
Kafqas (Qars) universiteti ilə imzalanmış “Akademik Əməkdaşlıq Protokolu” çərçivəsində
həmin universitetin professor-müəllim heyətinin və əməkdaşlarının dəstəyi ilə
Baytarlıq Klinikası yaradacağıq. Klinikada, sadəcə baytarlıq ixtisasının tələbələri
təcrübə keçməyəcək, həm də regionda heyvandarlıqla məşğul olan fermerlərə, ev
heyvandarlığı təsərrüfatı ilə məşğul olanlara xidmət göstərəcəyik. LDU-da kadr
hazırlığının keyfiyyətini yüksəltmək, müəllim hazırlığının səviyyəsini artırmaq
məqsədilə müasir tələblərə cavab verən yeni laboratoriyaların alınması da əsas
hədəflərdən biridir.