Geri

15/09/23

LDU-da 15 sentyabr Bilik Günü təntənəsi.


Lənkəran Dövlət Universitetində (LDU) 15 sentyabr Bilik Günü tədbirini LDU-nun rektoru, professor Natiq İbrahimov açaraq universitetin professor-müəllim-tələbə heyətini, valideynləri yeni tədris ilinin başlanması və Bilk Günü münasibəti ilə təbrik edib. Universitet rəsmisi I kursa qəbul olunmuş tələbələrə xoş arzularını bildirərək seçimlərində yanılmadıqlarını, bu ali təhsil ocağında kamil mütəxəssis kimi yetişmələri üçün hər cür şəraitin yaradıldığını, lazımi qayğı ilə əhatə olunacaqlarını deyib. Ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından, prezident İlham Əliyevin bu sahəyə yüksək diqqətindən söz açan professor Natiq İbrahimov LDU-da son 5 ildə aparılan çox istiqamətli işlərdən söz açarkən yeni tədris korpuslarının, tələbə yataqxanalarının inşasını, modern tədris laboratoriyalarının quraşdırılmasını, xarici universitetlərlə beynəlxalq əlaqələrin genişləndirilməsini, yeni elmi kadrların hazırlanmasını universitetin inkişafında mühüm istiqamət kimi dəyərləndirib, bu il istifadəyə verilən 250 yerlik oğlan tələbələr üçün nəzərdə tutulmuş yataqxana binasını 2023/2024-cü tədris ilinin ən uğurlu yeniliyi adlandırıb və bu istiqamətdə işlərin davamlı aparılacağını qeyd edib. Rektor çıxışını valideyn və tələbələrə xoş arzularla bitirərək yeni tədris ilində hamıya uğurlar arzu edib.
Tədbirdə çıxış edən tələbələr bu ada layiq olacaqlarına, kamil mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.
Sonra professor Natiq İbrahimov LDU-ya yeni qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüşərək arzu və təkliflərini dinləyib.
Qeyd edək ki, hazırda LDU-da 43 bakalavriat, 35 magistr ixtisaslaşması üzrə 6 min nəfərə yaxın tələbə təhsil alır. 2023/2024-cü tədris ilində Lənkəran Dövlət Universitetinə 1622 bakalavr ( II turun qeydiyyatı davam edir) və 254 magistr qəbul olunub.

LDU-da  15 sentyabr Bilik Günü təntənəsi.


Mənbə:
Paylaş: