Geri

18/10/23

LDU-da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 32-ci ildönümü ilə bağlı tədbir keçirilib.


Lənkəran Dövlət Universitetində(LDU) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 32-ci ildönümü ilə bağlı keçirilən tədbir torpaqlarımızın bütövlüyü, vətənimizin müstəqilliyi uğrunda qurban gedən şəhidlərin və Ulu öndər H.Əliyevin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

LDU-nun “Tədrisin təşkili və təlim texnologiyaları” üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov tədbir iştirakçılarını salamlayaraq rektor, prof.Natiq İbrahimovun adından təbrik edib. Bildirib ki, 32 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. 2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqləyib. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olunub. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən Ulu Öndər Heydər Əliyev müasir dövlət quruculuğu istiqamətində böyük işlər görmüşdür.

Dos. Zaur Məmmədov çıxışında Azərbaycanın müstəqilliyini tarixi zərurətdən irəli gələn hadisə kimi dəyərləndirib, bu müstəqilliyin əbədiliyinin və dönməzliyinin Ümummilli Liderin adı ilə bağlı olduğunu deyib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ulu Öndərin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi və inkişafa nail olub.

Tədbirdə “Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Emin Məlikov “Azərbaycanın müstəqilliyi əbədidir” mövzusunda məruzə edib. Məruzəçi qeyd edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Belə ki, Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Amma xalqımız bu ağır günlərdə qətiyyət, möhkəm iradə nümayiş etdirərək öz taleyinə sahib çıxdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Ölkəmizə yeni can verən Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndər Heydər Əliyevin bu arzusunu da onun layiqli davamçısı Prezident İlham Əliyev reallaşdırdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi. Artıq işğaldan azad olunmuş ərazilərimizə həyat qayıdır. Dövlətimizin başçısının göstərişinə əsasən azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı icra olunur. Görülən işlər Azərbaycan dövlətinin gücünü, qüdrətini, iqtisadi imkanlarını nümayiş etdirir. Beləliklə, bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır. Özünün müdrik, uzaqgörən və qətiyyətli Liderinin rəhbərliyi ilə möhtəşəm uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!

Məruzə ətrafında çıxış edən Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Mayis Cəfərov bildirib ki, bu il Azərbaycanda Müstəqilliyin Bərpası Günü tamam başqa ab-havada qeyd edilir. 2023-cü ilin sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, qanunsuz silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılmiş və 23 saat müddətində düşmən ağ bayraq qaldırmışdır. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib, Qarabağın hər nöqtəsində eləcə də bütün Azərbaycanda Azərbaycanın üçrəngli şanlı bayrağı dalğalanır.

LDU-da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının  32-ci ildönümü ilə bağlı tədbir keçirilib.


Mənbə:
Paylaş: