Geri
Azərbaycan tarixinin ZƏFƏR lideri
“Millət fərdlərinin deyil, mərdlərinin sayı ilə güclü olur” deyimində çox böyük həqiqət var. Tarix sübut edir ki, xalqın böyüklüyü dünyaya bəxş etdiyi şəxsiyyətlər, onu önə çıxarda biləcək ziyalılar, adını tarixə yazmaq qüdrətində olan liderlərlə ölçülür. Bu gün hər bir azərbaycanlı böyük qürur hissi, fəxrlə deyə bilər ki, Prezident İlham Əliyev məhz belə bir güclü, işıqlı şəxsiyyətdir, sözü ilə əməli üst-üstə düşən, sözün bütün mənalarında millətinin qabağında getməyə layiq, liderlik xüsusiyyətləri ilə xalqını, dövlətini qabağa aparmaq gücündə olan sərkərdədir, dövlət başçısıdır. Ən əsası isə, səmimi, duyğulu, millətinə qəlbən bağlı olan, sevincinə sevinib, qəmindən kədərlənən böyük “İnsan”dır!
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev şəxsiyyətinə çox rakursdan işıq salmaq, çox baxış bucağından baxmaq olar. Onun hakimiyyətdə olduğu 20 il müasir Azərbaycan tarixinin ən keşməkeşli, çətin, ağır, bununla yanaşı ən şərəfli, Zəfərlə yazılmış səhifəsidir. 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı yağılardan geri almaq, dövlətimizin bütövlüyünü qorumaq, millətimizin ürəyində illərlə qor bağlamış Xocalı ağrısını, kürəyindəki xəcalət yükünü götürmək missiyası İlham Əliyevin üzərinə düşdü. Və çox şükürlər ki, ata yolunun layiqli davamçısı bu şərəfli missiyanı uğurla başa çatdıraraq ata vəsiyyətini, gələcək nəsillər qarşısında borcunu şərəflə yerinə yetirdi.
Ali Baş Komandan düşmənə qarşı siyasi mübarizədə sərt, barışmaq mövqeyindən bir addım da geri çəkilməsə də, Şuşada “ Qarabağ şikəstəsi”ni dinləyəndə, Azərbaycan bayrağını yağılardan geri alınmış ərazilərdə dalğalandıranda kövrək, həssas olur, göz yaşlarını saxlaya bilmir. Şəhid ailələri ilə ünsiyyətində ölkə başçısının nə qədər duyğulu olduğunu hamımız görmüşük. Bir fakta diqqətinizi cəlb etmək istəyirəm. Bu günlərdə xalqımız tarixi bir hadisəyə şahidlik etdi. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandalarının qarşılaşmasını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin oyuna baxmaq üçün stadiona gəlmələrini ilin möhtəşəm hadisələrindən biri, dövlət başçımızın 20 illik prezidentlik fəaliyyətinin zəfərli yekunu adlandırardım. Stadiona şəhid ailəsinin üzvlərinin dəvət olunması, Prezident İlham Əliyevin şəhid övladları ilə bir sırada oturması, əhatəsində olması, oyundan əvvəl Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması dövlət başçımızın şəhidlərə göstərdiyi diqqət, qayğı, hörmət və məhəbbətinin təzahürü idi. Ali Baş Komandanın həmin gün etdiyi çıxışı isə Azərbaycan xalqı öz liderinin Zəfər nitqi kimi həmişə xatırlayacaq: “Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq”.
Ölkə başçımız öz fəaliyyəti ilə subut etdi ki, lider- xalq birliyi “ dəmir yumruq” olub düşmənin başında çatlayır: “Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir. Əziz dostlar, dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!”.
İnkarolunmaz həqiqətdir ki, tarixdə həmişə milli birliyə nail ola bilən xalqlar, ölkələr qalib olur. Biz İkinci Qarabağ savaşında, 44 günlük Vətən müharibəsində, 2023-cü ilin sentyabr hadisələrində bir daha şahid olduq ki, böyük Zəfərə məhz milli birliyimizlə, vəhdətimizlə, dövlət rəhbərimizin ətrafında sıx birləşib “dəmir yumruğ”a çevrilməklə nail olmaq mümkün oldu. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, yaşından, dini inancından, milli mənsubluğundan asılı olmayaraq İlham Əliyevin ətrafında sıx birləşdi, hamılıqla “Qarabağ Azərbaycandır” dedi və nəticə də göz qabağındadır-Xankəndidə Azərbaycan bayrağı dalğalanır, Azərbaycan himni səslənir, futbol matçı keçirilir!
Prezident İlham Əliyev sözü ilə əməli bir olan, millətin tərəqqisi naminə mövqeyindən bir addım belə geri çəkilməyən sərkərdə, vətənpərvər liderdir. Vətən müharibəsinin gedişində nəyi nə zaman etmək lazım olduğunu işğalçı Ermənistana, havadarlarına nümayiş etdirdi. Mövqeyindən bir addım belə geri çəkilməyəcəyini bəyan edən Prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında yalnız bir şərt qoydu - torpaqlarımızdan rədd olub getmək! Dedi və etdi!
Prezident seçiləndə “Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına söz verirəm” deyən İlham Əliyev müqəddəs bayrağımızı rayonlarımız işğaldan azad edildikcə şəxsən özü həmin rayonlarda ucaltdı. Bu anları izləmək, dalğalanan Azərbaycan bayrağını seyr etmək necə də qürurverici idi!
“Biz-bu torpaqların sahibləri qurub-yaradırıq, o cümlədən Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq”. Prezident İlham Əliyevin bu çıxışını dövlətimizin gələcək inkişaf proqramının tezisi, böyük quruculuq işlərinin anonsu da adlandırmaq olar.
İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı son illərdə həm siyasi, həm sosial-iqtisadi-mədəni sahələrdə çox böyük uğurlara imza atıb, regionun ən güclü dövlətinə çevrilə bilib. Azərbaycanın mövqeyi həm dünya siyasi arenasında, həm də ticari-iqtisadi münasibətlər baxımından daha da möhkəmlənib. Əhalinin yaşayış səviyyəsi də yüksəlməkdə davam edir. Son günlərdə ölkə başçımızın xalqın maddi təminatını yaxşılaşdırmaq məqsədilə imzaladığı sərəncamlar hamımızın ürəyindən xəbər verir. Bir təhsil işçisi kimi, tələbə və magistrantların təqaüdlərinin, pedaqoji sahədə çalışanların əmək haqqlarının artırılmasına görə ölkə başçımıza rəbhərlik etdiyim kollektivin üzvləri adından minnətdarlığımızı bildirirəm.
Bu gün fəxrlə, içdən gələn qürur, şərəf hissi ilə deyə bilərik ki, möhtərəm prezidentimiz İlham Əliyev Azərbaycan xalqının “Zəfər” prezidentidir. “Millətinin imzasının imzalar içində” olması üçün bütün istedadı, var gücü ilə çalışan ölkə başçımızın- Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyevin doğum günü sevincinə bu gün bütün xalqımız qəlbən şərikdir. Hər bir azərbaycanlı fəxr edir ki, onun vətəndaşı olduğu ölkəyə İlham Əliyev kimi mahir diplomat, güclü sərkərdə, xalqının mənafeyini, milli, dövləti maraqlarını hər şeydən üstün tutan güclü şəxsiyyət, əsl vətən fədaisi rəhbərlik edir. İ. Əliyevin bu gün dünyada ən nüfuzlu dövlət başçılarından biri sayılması hər bir azərbaycanlının qürur yeridir.
Lənkəran Dövlət Universitetinin kollektivi adından Azərbaycan xalqının böyük oğlu, zəmanəmizin ən güclü şəxsiyyətlərindən biri, ZƏFƏR lideri möhtərəm İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, xalqımızın rifahı, Azərbaycanımızın tərəqqisi, dünya dövlətləri içərisində nüfuzunun artması naminə böyük uğurlar, möhkəm can sağlığı , uzun ömür arzu edirik. Azərbaycan İlham Əliyevin rəhbərliyi altında daha da qüvvətlənəcək, işıqlı sabahına inamla gedəcək!
Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoru, professor.