Geri

29/12/23

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun yeni il Təbriki.


Dəyərli həmvətənlər!
Hörmətli professor-müəllim-işçi heyəti!
Əziz tələbələr!
İllərin qovuşağında hamımız ikili hisslər keçiririk. Başa çatmaqda olan ildən kövrək xatirələrlə ayrılır, yeni-2024-cü ildən daha böyük müjdələr gözləyirik. Böyük fərəh hissi ilə deyə bilərik ki, yola saldığımız 2023-cü il Azərbaycan xalqının həyatında ən yaddaqalan, maraqlı, ən əsası, Zəfər ili oldu. Məhz bu il Azərbaycan dövləti öz ərazi bütövlüyünü tamamilə bərpa etdi, erməni vandallarından azad edilən əzəli torpaqlarımızda böyük quruculuq işləri sürətlə davam etdirildi, Xankəndidə Azərbaycan bayrağı ucaldıldı, Azərbaycan himni səsləndi.
Yola saldığımız 2023-cü ilin yaddaqalan hadisələrindən söz açarkən, futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandalarının qarşılaşmasını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin oyuna baxmaq üçün stadiona gəlmələrini Xatırlamaq istəyirəm. Bu, adicə oyun deyildi, ilin möhtəşəm hadisələrindən biri, dövlət başçımızın 20 illik prezidentlik fəaliyyətinin zəfərli yekunu idi! Stadiona şəhid ailəsinin üzvlərinin dəvət olunması, Prezident İlham Əliyevin şəhid övladları ilə bir sırada oturması, əhatəsində olması, oyundan əvvəl Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması dövlət başçımızın şəhidlərə göstərdiyi diqqət, qayğı, hörmət və məhəbbətinin təzahürü, ilin ən yaddaqalan hadisəsi kimi yaddaşlara yazıldı. Ali Baş Komandanın həmin gün etdiyi çıxış Azərbaycan tarixinə Zəfər nitqi kimi daxil oldu: “Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq”.
2023-cü ilin ən yaddaqalan hadisələrindən biri də Azərbaycan Respublikasının Prezidentı İlham Əliyevin “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncamı oldu. Sərəncama görə, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.
Qarşıdakı 2024-cü ili xalqımız üçün daha əlamətdar, daha yaddaqalan edən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin məhz bu ildə keçirilməsidir. Tam əminliklə demək istəyirəm ki, Azərbaycan xalqı həmrəyliyini bir daha nümayiş etdirəcək, seçkilərdə aktiv iştirakı ilə dövlətimizin layiqli başçısını seçəcək. Bu mötəbər seçki kompaniyasında bütün həmvətənlərimizə uğurlar arzulayıram. Unutmayaq ki, bizim düzgün seçimimiz xalqımızın işıqlı gələcəyi, nurlu sabahı, dövlətimizin inkişafı, tərəqqisi deməkdir.
Qeyd edim ki, 2023-cü il LDU üçün də əlamətdar illərdən oldu. Oğlan tələbələr üçün 250 yerlik yeni tələbə yataqxanasının istifadəyə verilməsi tələbələrə böyük qayğının təzahürüdür. Xatırladım ki, Lənkəran Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalının hər iki seriyası e-library (RSCI) beynəlxalq indeksləmə sistemininə daxil olmaqla yanaşı, “Humanitar elmlər” seriyası dünyanın nüfuzlu beynəlxalq indeksləmə sistemi olan “İNDEKS COPERNİCUS” bazasına da daxil edilib. Lənkəran Dövlət Universitetində yeni elmi nəşr-Texnika və Aqrar elmləri üzrə Beynəlxalq elmi-praktik jurnalın nəşrə başlaması, Baytarlıq fakültəsinin yaradılması da başa çatan ilimizin ürəkaçan hadisələrindəndir.
Əminəm ki, bu quruculuq, yaradıcılıq ab-havası yeni ilimizdə də davam etdiriləcək. Elə bu xoş ovqatla da hamınızı-bütün LDU ailəsini, universitetimizin nəzdində olan Sosial və Aqrar Texnoloji kollecin tələbə-müəllim, işçi heyətini 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni- 2024-cü il münasibətilə ürəkdən təbrik edirəm.
Qoy yeni-2024 -cü il hamınız üçün sülh, əmin-amanlıq ili olsun! Xalqımıza sevinc, fərəh, bolluq, firavanlıq, hər birimizə, ailələrimizə, ölkəmizə xoşbəxtlik gətirsin!
Dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, azərbaycançılıq ideologiyasına sadiq qalan, millətinin tərəqqisinə töhfə verən həmvətənlərimizə yeni uğurlar, can sağlığı, bayram sevincləri, əhval-ruhiyyəsi arzulayıram.
Yeni iliniz mübarək!
Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoru, professor.

Lənkəran Dövlət Universitetinin rektoru, professor  Natiq İbrahimovun yeni il  Təbriki.


Mənbə:
Paylaş: