Geri

22/01/24

Düzgün seçim millətin tərəqqisini şərtləndirən əsas amildir


Düzgün seçim millətin tərəqqisini şərtləndirən əsas amildir.
Lənkəran Dövlət Universitetinin rektoru professor Natiq İbrahimov yazır
Azərbaycan xalqı böyük tarixi hadisələr ərəfəsindədir, vacib seçim qarşısındadır. Bu il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini xalqımız, dövlətimiz üçün taleyüklü məsələ hesab edirəm və əminliklə deyə bilərəm ki, düzgün seçim millətin tərəqqisini, dövlətin inkişafını şərtləndirən əsas, vacib amillərdən biridir. Nəzərə alaq ki, bu dəfəki seçki bütün dünyada gedən çox ciddi geopolitik proseslərin fonunda və ilk dəfə olaraq Azərbaycanın bütöv ərazisində, düşmən tapdağından azad olunmuş torpaqlarımızda da keçiriləcək. Böyük sevinc və qürur hissi ilə hər birimiz deyə bilərik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın siyasi həyatında, ümumiyyətlə mövcudluq tarixində misli görünməmiş bir qələbə qazanılıb, dövlətimizin ərazi bütövlüyü bərpa edilib, uzun illər davam edən Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub.
Qazanılan qələbəni, böyük Zəfəri Azərbaycan tarixinin ən şanlı səhifəsi, şərəf, qeyrət salnaməsi hesab edir və düşünürəm ki, bu qələbəni son qərinlərdə baş vermiş heç bir tarixi olay ilə müqayisə etmək olmaz. Bu il ilk dəfə azad edilmiş ərazilərdə seçki keçirilməsi, Azərbaycanın ərazi bütövlüyünün bir daha legitimliyini təsdiqləyir!
Hər bir azərbaycanlı yaxşı görür ki, bu seçkilərin favoriti hazırkı Prezident İlham Əliyevdir. Çünki İlham Əliyevin yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində Azərbaycan misli görünməmiş qələbələrə imza atıb, iqtisadi-sosial, mədəni sahələrdə böyük uğurlar əldə edilib. Ən əsası, İlham Əliyev xalqının prezidenti ola bilib, bir dövlət başçısı kimi hər bir azərbaycanlının etimadını qazanıb. Elə bu səbəbdən qarşıdakı növbədənkənar prezident seçkilərində onun Prezident seçilməsi tamamilə məntiqli görünür.
Təhsil sahəsində çalışdığım üçün cənab İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi böyük diqqət və qayğını xüsusivurğuylamaq istəyirəm. Bu gün qürurla deyə bilərik ki, Azərbaycanda təhsil müasir dövrün tələblərinə uyğun formada inkişaf edir və bu inkişafda ölkə başçısı İlham Əliyevin rolu danılmazdır. Bu ənənə isə çoxdan qoyulub. Xatırltmaq yerinə düşər ki, istər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə Ümummilli lider Heydər Əliyev daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxıb, Vətənin, xalqın tərəqqisində оnların rоlunu yüksək dəyərləndirib. “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir” – deyən müdrik rəhbər Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlərə imza atıb. Böyük dövlət xadimi təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxmamış, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu önə çəkərək demişdir: “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır”.
Ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev təhsili millətin inkişafında ən vacib amil sayaraq bu sahəyə xüsusi önəm verir, qayğı göstərir. Ölkə başçısının: “Təhsil hər bir dövlətin gələcəyidir. Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə, təhsilin keyfiyyəti indi ön plana çıxır. Bu istiqamətdə də islahatlar aparılır. Eyni zamanda, müəllimlərin fəaliyyətini stimullaşdırmaq üçün islahatlar aparılır. Müəllimlərin əməkhaqları qaldırılır. Əlbəttə ki, hər bir məktəbin əsas qiyməti onun fəaliyyətinin göstəriciləri ilə bağlıdır. Hər bir məktəb çalışmalıdır ki, təhsilin səviyyəsi yüksək olsun” fikri dediklərimizin sübutudur.
Xatırlatmaq yerinə düşər ki, yola saldığımız 2023-cü il Azərbaycan təhsilində əlamətdar hadisələrlə yaddaqalan oldu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan müəllimlərinin XVI qurultayı keçirildi. Həmin qurultayda ölkənin çoxminlli təhsil işçilərini təmsil edənlər arasında mən də vardım. Azərbaycan Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına ünvanladığı təbrik məktubunda irəli sürdüyü fikirlər ölkə başçısının təhsilə verdiyi böyük diqqət və qayğının təzahürü sayıla bilər: “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrasına başlanılmasından bəri keçən müddətdə təhsilin bütün pillə və səviyyələrində innovativ təşəbbüslərin tətbiqi genişləndirilmişdir. Təhsil sistemində idarəetmənin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsinə, universitetlərimizin beynəlxalq reytinq cədvəllərində irəliləməsinə, təhsilin elmlə inteqrasiyasının dərinləşdirilməsinə daim xüsusi diqqət yetirilir. Kadr ehtiyatının səriştəlilik baxımından gücləndirilməsi, müəllim peşəsinin ictimai nüfuzunun möhkəmləndirilməsi və müəllim fəaliyyətinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır”.
Təbrik məktubunda da deyildiyi kimi, Azərbaycan təhsil sisteminin mütərəqqi beynəlxalq meyarlara əsaslanması rəqabətqabiliyyətli insan kapitalının hazırlanması prosesinə töhfəsini verməkdədir. İstedadlı gənclərimizin xarici ölkələrin tanınmış ali təhsil müəssisələrində təhsil almalarına dövlətimiz hər bir lazımi dəstəyi təmin edir.
Bu gün böyük fəxr və qürur hissi ilə deyə bilərik ki, Vətən müharibəsindəki parlaq qələbəmizdən dərhal sonra azad olunmuş ərazilərimizdə ən müasir standartlarla tikilən məktəblər artıq fəaliyyətdədir. Bu məktəblərdə gələcəyimizin layiqli vətəndaşları oxuyurlar. Yeni yaradılan Qarabağ Universiteti isə, şübhəsiz, regionda tarixən mövcud olmuş təhsil mühitini çox yaxın vaxtda canlandıracaqdır. Zəfər yolu ilə Şuşaya səfər zamanı gördüklərim bir Azərbaycan vətəndaşı, bir ziyalı kimi köksümü sevinc hissi ilə doldurdu. Sevinirdim ki, erməni qəsbkarlarından azad olunmuş torpaqlarımızda müasir tələblərə cavab verən məktəblərin inşasına başlanılıb, Şuşa şəhərində isə artıq yekunlaşmaq üzrədir. Ölkə başçısının təbrik məktubunda da vurğuladığı kimi : “Ötən dövrün dolğun təhlilini apararaq təhsil sahəsində strateji məqsədlərə nail olmaq və Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulmuş hədəflərə çatmaq əzmi ilə ali məclisinizin ətraflı müzakirələr şəraitində mühüm qərarlar qəbul edəcəyinə və ölkənin intellektual potensialını təhsildə dayanıqlı inkişaf naminə sıx birləşdirəcəyinə əminəm” fikri artıq əməlini təsdiqini tapmaqdadır.
Unutmaq olmaz ki, hazırkı qloballaşma şəraitində milləti millət edən, inkişafını şərtləndirən əsas amillərdən biri də gənc nəslin milli dəyərlərə hörmət, məhəbbət ruhunda tərbiyələndirilməsi, onlara milli yaddaşa sadiqlik, milli köklərə bağlılıq hisslərinin aşılanmasıdır. Prezident İlham Əliyev bu amili yüksək dəyərləndirir: “İnanıram ki, xalqımıza Zəfər sevinci yaşadan igid və qəhrəman övladlarımızın formalaşması naminə müstəsna əmək sərf etmiş fədakar müəllimlərimiz gənc nəslə bundan sonra da mükəmməl bilik verməklə yanaşı, onların milli-mənəvi dəyərlərə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda böyümələri üçün var qüvvə ilə çalışacaqlar".
Danılmaz faktdır ki, prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz son illər ərzində bütün istiqamətlər üzrə böyük nailiyyətlərə imza atıb, dünya siyasətində söz sahibi olan ölkəyə çevrilə bilib. Bu inkişafın dayanıqlı olması üçün Azərbaycanın düzgün seçimə, dövləti daim irəli apara bilən liderə ehtiyacı var. Mən şəxsən fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevə səs verəcəyəm. Çünki böyük Zəfərin qazanılması, Azərbaycanın bütün sahələrdə dinamik inkişafı məhz onun həyata keçirdiyi müdrik daxili və xarici siyasət nəticəsində mümkün olub. Danılmaz faktdır ki, hazırkı dönəmdə elə bir adam yoxdur ki, cənab İlham Əliyevdən yaxşı prezident olmaq imkanına malik olsun. Bu gün İlham Əliyevin gördüyü işlərə, hərtərəfli fəaliyyətinə görə ona alternativ yoxdur!
Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoru, professor.
Düzgün seçim millətin tərəqqisini şərtləndirən əsas amildir


Mənbə:
Paylaş: