Geri
Xocalı faciəsi xalqımızın qan yaddaşıdır
Lənkəran
Dövlət Universitetində (LDU) Azərbaycan xalqının XX əsrdə yaşadığı ən faciəli
tarixlərdən biri olan Xocalı qətlyamının 32-ci ildönümünə həsr olunmuş “Xocalı
soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir” mövzusunda konfrans keçirilib.
LDU-nun Böyük akt zalında keçirilən konfrans
Xocalı faciəsinin günahsız qurbanlarının və canlarını Azərbaycanın ərazi
bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə
başlanıb.
Lənkəran
Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov Azərbaycan tarixinin ən ağrılı və faciəli səhifəsi olan Xocalı soyqırımının təkcə
xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən qəddar cinayətlər siyahısında
yer aldığını bildirib, bu faciəni əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri
soyqırımların daha bir dəhşətli təzahürü kimi qiymətləndirib. 44 gün davam edən və Azərbaycan xalqının qələbəsi
ilə bitən Vətən müharibəsini Xocalı faciəsinə xalqımızın layiqli cavabı, qisası
kimi dəyərləndirən prof. Natiq İbrahimov qanlı soyqırıma ilk dəfə hüquqi qiymətin
məhz Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini xüsusi vurğulayıb:
“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz
qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik
aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
Xocalı faciəsi iki yüzdən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı
apardığı soyqırım siyasətinin qanlı səhifəsidir”. Universitet rəsmisi bu il ilk
dəfə Xocalıda faciə qurbanlarının xatirəsinin anılmasını ilahi ədalət kimi dəyərləndirib.
Bildirib
ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda
keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də
Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə
Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə
qalmadığını bir daha nümayiş etdirir. Rektor çıxışını Azərbaycan
Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin sözləri ilə
tamamlayıb: “Biz Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq.
Biz
heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın.
Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə
çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik”.
LDU-nun
“Tarix və onun tədrisi metodikası”sı kafedrasının müdiri, dos. Kamal Mahmudov “Xocalı
soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir” mövzusunda məruzə edib. Məruzədə Xocalı faciəsi
baş verən dövrdə Azərbaycanda və dünyada yaşanan hadisələr, faciəni doğuran səbəblər
və onun ağrılı nəticələri, ibrət dərsləri, Ulu öndər Heydər Əliyevin Xocalı dəhşətlərinin
dünyaya çatdırılması istiqamətində çoxşaxəli fəaliyyəti və s. barədə ətraflı söz açılıb. Bildirilib ki, Heydər Əliyevin 1994-cü il fevralın 24-də
imzaladığı fərmanla 26 Fevral xalqımıza qarşı törədilən soyqırımı aktı kimi
qeyd edilməyə, lokal məkandan çıxaraq beynəlxalq səviyyədə tanınmağa başlanıb.
Məruzəçi
32 il öncə baş verən Xocalı soyqırımını Azərbaycan xalqının tarixində qanla
yazılmış səhifə adlandırıb,
qətlyam törədənlərin hələ də
layiqli cəzalarını almadığını qeyd edib. Azərbaycan Respublikasının prezidenti
İlham Əliyevin “Xocalı xalqımızın sağalmaz dərdidir, xalqımıza qarşı törədilən
soyqırımdır” fikrini dəstəkləyən məruzəçi
erməni qəsbkarlarının tarix boyu xalqımıza olmazın faciələr yaşatdığını
deyərək gəncləri unutqan olmamağa, tarixin ibrət dərslərindən lazımi nəticə çıxarmağa çağırıb, bu gün
dünyanın onlarla ölkəsində Xocalı faciəsinin
soyqırım kimi qəbul edilməsini düzgün yeridilən xarici siyasətimizin nəticəsi
kimi dəyərləndirib.
Tarix-coğrafiya və incəsənət fakültəsinin
dekanı dos.
Afaq Qasımova, Tarix və onun tədrisi metodikası
kafedrasının dosenti Müşfiq Bayramov çıxışlarında bildiriblər
ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan
Xocalı şəhərində genosid aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər
ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil
olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər
valideyinlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin
girov götürülmüşdür ki, onların 150 nəfərinin taleyi indiyə kimi də məlum
deyil. Xocalı
soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində hüznlə
qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın
26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir,
konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri
əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini
əks etdirən kitablar sərgilənir.
Anım
tədbirində Xocalı dəhşətlərindən bəhs edən videorolik nümayiş edilib.
Sonra
Xocalı faciəsini əks etdirən rəsm sərgisinə baxış olub.
Qeyd
edək ki, bu gün Lənkəran Dövlət Universitetində ilk dərslərdə Xocalı faciəsi
qurbanlarının xatirəsi ehtiramla yad edilib,
Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış xatirə abidə kompleksi
professor-müəllim-tələbə-işçi heyəti tərəfindən ziyarət olunub.