Geri

27/03/24

Martın 27-si Azərbaycanda “Elm günü”dür. LDU elm və təhsilin inteqrasiyasında yeni mərhələdə


Azərbaycan Respublikasında elmin və təhsilin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkə başçısı cənab İlham Əliyevin 9 aprel 2018-ci il tarixli sərəncamı ilə martın 27-sinin Azərbaycan Respublikasında Elm Günü elan olunması bunun bariz sübutudur.
Xatırladaq ki, müstəqillik əldə etdikdən sonra ölkəmizdə elm və təhsilin inkişafı Azərbaycan Respublikasının memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin rəhbərliyi dövründə elmə və alimlərə göstərdiyi xüsusi diqqət və qayğısı bu sahənin dirçəlişinə öz müsbət təsirini göstərdi.
Ümummilli lider Heydər Əliyev elm və təhsilin ölkəmizin inkişafındakı rolundan danışarkən deyirdi: “Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq”.
Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin elm və təhsil sahəsində müəyyənləşdirdiyi siyasi xətti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı tərəfindən bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının parlaq gələcəyinə xidmət edəcək səviyyədə peşəkarlıqla həyata keçirilir və gələcəyə daha böyük nikbinliklə baxmağa əsas verir. Prezident İlham Əliyevin ötən ilin dekabrın 15-də keçirilən Azərbaycan müəllimlərinin XVI qurultayının iştirakçılarına təbrik məktubunda deyildiyi kimi: “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrasına başlanılmasından bəri keçən müddətdə təhsilin bütün pillə və səviyyələrində innovativ təşəbbüslərin tətbiqi genişləndirilmişdir. Təhsil sistemində idarəetmənin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsinə, universitetlərimizin beynəlxalq reytinq cədvəllərində irəliləməsinə, təhsilin elmlə inteqrasiyasının dərinləşdirilməsinə daim xüsusi diqqət yetirilir. Kadr ehtiyatının səriştəlilik baxımından gücləndirilməsi, müəllim peşəsinin ictimai nüfuzunun möhkəmləndirilməsi və müəllim fəaliyyətinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır”.
Bu ilin fevralın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında Elm və təhsil naziri Emin Əmrullayev elmin hədəflərini açıqlayarkən bildirib ki, hazırda bizim ən böyük hədəfimiz Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlamasıdır: “Bu, olduqca çağırışlarla dolu bir məqsəddir. Çünki sentyabr ayında min nəfər gənci Xankəndidəki Qarabağ Universitetində tədrisə cəlb etməliyik. Antiterror tədbirlərindən 1 il keçməmiş hədəfimizə nail olmağı planlaşdırırıq. İlk növbədə, həm ali təhsil müəssisələrimizin, həm də elm adamlarımızın üzərinə böyük məsuliyyət düşür. Biz bu işdə birlik göstərməliyik. Çünki bu, milli layihədir”.
Emin Əmrullayev çıxışında vurğulayıb ki, elmin inkişafı naminə gənclərə verilən imtiyazlar artırılmalı, müəyyən güzəştlər edilməlidir: “Hazırda bu zalda gənc alimlər arxada əyləşib, hesab edirəm ki, bu elm sahəsində gənclərə münasibəti göstərir. Onları özümüzdən uzaq tutmaq Azərbaycan elmində gənclərə verilən rolun göstəricisidir. Gənclərə vəd verməkdənsə, səlahiyyət və maliyyə verməliyik".
Bu gün Lənkəran Dövlət Universitetində (LDU) tələbə-gənclərin hərtərəfli inkişafı, müasir meyarlara uyğun ali təhsil almaları, əmək bazarının tələblərinə cavab verən rəqabətə davamlı kadr kimi yetişmələri, onların ictimai təşəbbüslərinin dəstəklənməsi, idarəetmə və tədqiqat yönlü fəaliyyətə cəlb edilməsi, fəal həyat mövqeyinin formalaşdırılması və möhkəmləndirilməsi, ictimai həyatda təşəbbüskarlıqlarının stimullaşdırılması, gənclərin asudə vaxtının səmərəli təşkili üçün bütün mümkün tədbirləri görməyə çalışırıq.

Artıq bu istiqamətdə müəyyən uğurlara da nail olmuşuq. Son illərdə Lənkəran Dövlət Universitetinə 59 nəfər fəlsəfə doktoru proqramına qəbul olunub, 19 nəfər universitet əməkdaşı isə respublikanın nüfuzlu ali təhsil müəssisələrinə elmlər doktoru proqramına məqsədli təhkim edilib. Sevindirici haldır ki, artıq onlardan 16 nəfəri dissertasiya işlərini müdafiə edərək fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi alıb. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 19 nəfər universitet əməkdaşına dosent və professor elmi adı verilib. Lənkəran Dövlət Universitetində son illərdə qəbul olunmuş magistrantlardan 459 nəfər magistr dissertasiya işlərini müdafiə edərək müvafiq diplom almışdır.
Hazırda ali təhsil müəssisələrinin qarşısına qoyulan ən vacib məsələ elmi-tədqiqat fəaliyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, modern qaydada təşkilidir. Universitetimizdə bu istiqamətə də xüsusi diqqət yetirlir. Son illərdə Lənkəran Dövlət Universitetində fəaliyyət göstərən professor-müəllim heyəti tərəfindən müxtəlif aktual istiqamətlər üzrə 681 elmi-tədqiqat işi aparılıb. LDU ilə dünyanın- Avropanın, qardaş Türkiyənin, MDB məkanının nüfuzlu Ali təhsil müəssisələri və elmi təşkilarları arasında 70 beynəlxalq statuslu, respublikanın nüfuzlu ali təhsil müəssisəsi və elmi təşkilatları arasında isə 23 ikili elmi-tədqiqat müqaviləsi həyata keçirmişdir.
Lənkəran Dövlət Universitetində keçirilən Elmi konfransların say və keyfiyyət dəyişilmələrində də müsbət tendensiyaya nail olmuşuq. Belə ki, son illərdə LDU-da 38 Elmi konfrans keçirilmişdir ki, bunlardan 12-si Beynəlxalq indeksli konfrans olmuş və həmin konfransların işində dünya ölkələrinin müxtəlif nüfuzlu ali təhsil müəssisələri və elmi təşkilatları iştirak etmişdir. Konfrans materiallarında dərc olunan elmi əsərlərin sayı 4110 olmuşdur.
Lənkəran Dövlət Universitetində + “Humanitar elmlər”, “Riyaziyyat və Təbiət elmləri” və “Texnika və Aqrar elmləri” olmaqla 3 Elmi jurnal dərc olunur. Elmi jurnallarda 4 dildə (Azərbaycan, Türk, İngilis, Rus) məqalələr nəşr edilir. Jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) dövri nəşrlər sisteminə, eləcə də İndex Copernicus, Erih Plus və E-Library (РИНЦ) beynəlxalq indeks sisteminə daxildir. Belə ki, son illərdə Elmi Xəbərlər jurnallarında 559 məqalə nəşr olunmuşdur.
Son illərdə Lənkəran Dövlət Universitetinin professor-müəllim heyətinin Web of Science və Scopus indeksli jurnallarda 139 elmi məqalə nəşr etməsini və həmin məqalələrə dünya üzrə 598 istinad verilməsini bu istiqamətdəki fəaliyyətimizin məntiqi uğuru hesab edirəm. Tələbələrin elmə və tədqiqat işlərinə yönləndirilməsində Lənkəran Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin (TEC) xüsusi rolu var ki, onun xətti ilə müxtəlif fakültələr və istiqamətlər üzrə 1033 tələbə elmi-tətqiqat fəaliyyəti ilə məşğul olur. TEC tərəfindən Universitetdə müxtəlif Elmi konfranslar keçirilmiş və konfrans materiallarında tələbələrin 248 elmi tezisi nəşr olunmuşdur.
Elm işlər ilə bağlı gələcək hədəflərimizə gəlincə isə bildirmək istəyirəm ki, əsas hədəfimiz, elmi jurnallarımızı web of science və scopus indeks bazalarına daxil etmək, elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəriciləri (H indeksi) daha da yaxşılaşdırmaq, aktual spesifik elmi-tədqiqat işləri kommersiyalaşmaq, eləcə də universitetimizi elmi istiqamət üzrə QS beynəlxalq reytinqində dünya universitetləri sıralarına daxil etməkdir.
Müasir dövrdə elm və təhsilin rolu, təsir dairəsi artdıqca bütün dünyanın inkişaf etmiş dövlətləri bu sahəyə xüsusi diqqət yetirirlər. Çünki insan elm və təhsillə yüksəlir, dövlət elm və təhsil sahəsində yetişdirilən kadrların, insan kapitalının əldə etdiyi nailiyyətlərlə tanınır. Bu baxımdan LDU-da elm və təhsilin əlaqələndirilməsi, bir-biri ilə inteqrasiya olunmuş şəkildə inkişafı gələcək inkişafımızın əsas prioriteti olaraq qalır.
Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoru, professor.




Martın 27-si Azərbaycanda “Elm günü”dür.  LDU elm və təhsilin inteqrasiyasında yeni mərhələdə


Mənbə:
Paylaş: