Geri

29/03/24

LDU-da 31 Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib.


Lənkəran Dövlət Universitetində (LDU) 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Anım tədbirində universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbir iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Lənkəran Dövlət Universiteti rektorunun müşaviri, prof. Mikayıl Məhərrəmov 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş kütləvi soyqırım hadisələrini hər il anmaqla bu terroru dünyaya çatdırmağın vacib olduğunu bildirib. M. Məhərrəmov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında ilk dəfə olaraq bu hadisələrə siyasi və hüquqi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması faktları bütün dünyaya bəyan edilib.
Tədbirdə universitetin dosenti, tarix üzrə fəlsəfə doktoru Emin Məlikov “1918-ci il Mart soyqırımı, səbəb, məqsəd və nəticələr” mövzusunda geniş məruzə edib. Məruzədə bildirilib ki, 31Mart soyqırımı öz amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdən biridir. Azərbaycanlıların kütləvi şəkildə doğma yurdlarından sürgün edilməsi və didərgin salınması ilə müşayiət edilən XX əsr tarixinin dəhşətli səhifələrindəndir. Azərbaycan ərazisinə köçürülmüş ermənilər tarixin muxtəlif mərhələlərində - 1905-1906, 1918-1920, 1948-1953, 1988 -1994 və digər illərdə yerli əhaliyə qarşı soyqırım siyasətini həyata keçirmişlər. Ermənilər və onların havadarları tərəfindən Azərbaycan xalqına qarşı yönəldilmiş soyqırım siyasəti mərhələli və sistemli şəkildə həyata keçirilmişdir. Ermənilərin zaman-zaman məkrli siyasət yeridərək “Böyük Ermənistan” xulyasını həyata keçirməyə çalışmalarına baxmayaraq Azərbaycan xalqı onlara hər zaman lazımi cavab verib. 44 günlük Vətən muharibəsində xalqımız Prezident İlham Əliyevin rəhbərliyi altında bir daha mənfur düşmənlərimizə öz gücünü, qudrətini sübut edərək müzəffər ordumuzun gücü ilə tarixi ərazilərimizi ermənilərdən azad edib və Azərbaycanın bütövlüyünə nail olub.
Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, dos. Kamal Mahmudov, LDU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dos. Qədim Rufullayev çıxışlarında 1918-ci il martın 31-də erməni silahlı dəstələrinin Bakıda və bölgələrdə dinc əhaliyə qarşı başladığı dəhşətli qırğınlardan söz açıblar. Çıxışlarda bir daha vurğulanıb ki, baş verənlərin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyev müstəsna rol oynayıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə xalqımızın qazandığı zəfər, əzəli dədə-baba torpaqlarımızın erməni tapdağından azad edilməsi, Şuşada, Xankəndində Azərbaycan bayrağının dalğalanması qəsbkar qonşularımızdan alınan qisas kimi dəyərləndirilib.
Tədbir 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən bəhs edən videoçarxın nümayişi ilə yekunlaşıb. Qeyd edək ki, universitetin Elmi kitabxanasında faciəni əks etdirən əsərlərdən, mətbu və foto-materiallardan ibarət kitab sərgisi təşkil edilib.

LDU-da 31 Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib.


Mənbə:
Paylaş: