Geri
26/04/24
LDU-da “yaşıl” iqtisadiyyatla bağlı Elmi-praktiki konfrans.
Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Yaşıl” iqtisadiyyat və davamlı inkişaf” mövzusunda Elmi-praktik konfrans keçirilib. Elmi-praktiki konfransı giriş sözü ilə Lənkəran Dövlət Universitetinin rektorunun müşaviri, prof. Mikayıl Məhərrəmov açıb və LDU-nun rektoru prof. Natiq İbrahimovun təbrikini konfrans iştirakçılarına çatdırıb. Keçirilən konfransın olduqca vacib qlobal problemə həsr olunduğunu deyən prof. Mikayıl Məhərrəmov bu istiqamətdə dünyada və Azərbaycanda görülən işlərdən söz açıb, LDU-da kadrların hazırlığı prosesində bu amilə xüsusi diqqət yetirildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə mövzu ilə bağlı çıxışında gənclərin qarşısında duran məsələlərdən, bu istiqamətdə görüləcək işlərdən danışıb.
Elmi-praktik konfransda Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı dos. Gülbəniz Əliyeva “Davamlı inkişaf və yaşıl iqtisadi modelə keçid” mövzusunda geniş məruzə edib. Məruzədə bildirilib ki, Hazırda “yaşıl iqtisadiyyat” a keçid bütün dünyada böyük aktuallıq daşıyan çağırışlardan biridir və “yaşıl” iqtisadiyyatın əsas xüsusiyyətləri təbii resurslardan efektiv istifadə olunması, təbii kapitalın qorunub saxlanması və artırılması, çirklənmənin azalması, karbon tullantıları, ekosistem xidmətlərinin və biomüxtəlifliyin itirilməsinin qarşısının alınması, gəlirlərin və məşğulluğun səviyyəsinin yüksəldilməsidir.
Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasının müdiri dos. Aytəkin Əfəndiyeva “Yaşıl iqtisadiyyata sinergetik yanaşma” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, qloballaşan dünyada insanların rifah səviyyəsinin artırılması və tələbatlarının ödənilməsində davamlılığın təmin olunması üçün iqtisadi, sosial və ekoloji aspektlərin hər birinin nəzərə alınması vacibdir.
Məruzələr ətrafında LDU-nun “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasının dosentləri Fərid Xankişiyev, Ülvi Quliyev çıxış ediblər. Çıxışçılar bildiriblər ki, ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir.
Plenar iclasdan sonra konfrans işini “Azərbaycanda yaşıl iqtisadiyyatın inkişaf imkanları” adlı bölmə iclasında davam etdirib. Elmi-praktik konfransın işində LDU ilə yanaşı ölkənin digər ali təhsil ocaqlarının da professor-müəllim heyəti, gənc tədqiqatçıları mövzu ilə bağlı tezislərlə çıxış ediblər.
Mənbə: