Geri

28/05/24

LDU-da “28 May - Azərbaycan tarixinin şanlı səhifəsidir” mövzusunda tədbir keçirilib


Lənkəran Dövlət Universitetində (LDU) universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kolleclə birgə “28 May-Azərbaycan tarixinin şanlı səhifəsidir” mövzusunda bayram tədbiri keçirilib. Tədbirdə ilk öncə vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Universitetin Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Emin Məlikov “Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilk tariximizdə yeri” mövzusunda məruzə edib. Müsəlman Şərqində ilk demokratik respublika hesab edilən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106 ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edən Emin Məlikov 28 Mayı Azərbaycan tarixinin şanlı səhifəsi, qürur tarixi adlandırıb. Bildirib ki, bu il ilk dəfə olaraq bayram Azərbaycanın bütöv ərazisində-Şuşada, Xankəndində, Laçında, Kəlbəcərdə, Qazaxın erməni qəsbkarlarından azad olunmuş kəndlərində keçirilir. E. Məlikov qeyd edib ki, cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddətdə - 23 ay ərzində çox böyük işlər görə bilib. Bu qısa dövrdə dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılıb. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilib, Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikası yaradılıb.
Tarix və onun tədrisi kafedrasının dosenti Müşfiq Bayramov “Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli-mənəvi dəyərlərimizin inkişafı” mövzusunda çıxış edib. Çıxışda bildirilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür, qazanılmış nailiyyətlər hər bir Azərbaycan vətəndaşında qürur hissi doğurur.
Məruzə və çıxışlardan sonra LDU-nun və Sosial və Aqrar-Texnoloji Kollecin tələbələrinin ifasında maraqlı konsert proqramı nümayiş edilib. Konsert proqramında vətənpərvərliyi, dövlətçiliyi, milli-mənəvi dəyərləri tərənnüm edən musiqi nömrələri, şeirlər səslənib.Tədbirin sonunda LDU-nun və kollec tələbələrinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106 ildönümünə həsr etdikləri rəsm əsərlərinə baxış olub.

LDU-da “28 May - Azərbaycan tarixinin şanlı səhifəsidir” mövzusunda tədbir keçirilib


Mənbə:
Paylaş: