Geri

22/07/24

LDU-nun tələbəsi Paris-2024 Paralimpiya Oyunlarında iştirak hüququ qazanıb


Aldığımız xoş xəbərin sevincini hamınızla paylaşırıq. Lənkəran Dövlət Universitetinin (LDU) tələbəsi, pauerliftinq üzrə millimizin üzvü Ceyhun Mahmudov (54 kq) Paris-2024 Paralimpiya Oyunlarında iştirak hüququ qazanıb. MPK tərəfindən göndərilən sorğu əsasında 2023-cü ildə Dünya Kubokunun qalibi olmuş idmançımıza Beynəlxaq Paralimpiya Komitəsindən paralimpiadada iştirak hüququ (“Bipartite”) verilib.
Fərəhli haldır ki, LDU tələbələri təkcə təhsil uğurları ilə deyil, həm də idman sahəsində qazandıqları nailiyyətlərlə təhsil aldıqları ali təhsil ocağını tanıdır, şöhrətləndirirlər. LDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin V tədris ili tələbəsi Mahmudov Ceyhun Kamil oğlu Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin parapauerliftinq idman növü üzrə milli komandasının 54 kq çəki dərəcəsində üzvüdür.
Xatırladaq ki, Ceyhun Mahmudov 1992-ci ildə Bakı şəhərində anadan olub. Fiziki məhdudiyyətlərinə görə çətin də olsa idmanla mütəmadi məşğul olub, əzmkarlığı sayəsində bir çox idman uğurlarına imza atıb. Belə ki, 29 aprel-01 may 2023 tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirilən parapauerliftinq idman növü üzrə dünya kubokunda 54 kq çəki dərəcəsində fərdi kateqoriyada 152 kq nəticə göstərərək qızıl medal qazanıb. Həmçinin Ceyhun Mahmudov ümumi kateqoriyada 3 cəhdin -142 kq,147 kq, 152 kq cəmində 441 kq nəticə göstərərək daha bir qızıl medal əldə edib. Bu qalibiyyət idmançıya 2023-cü ilin avqust ayında parapauerliftinq idman növü üzrə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatına lisenziya qazandırıb.
Tələbələrimizin bütün uğurlarına, o cümlədən, Ceyhun Mahmudovun idman sahəsində əldə etdiyi nailiyyətlərə ürəkdən sevinir, qalib idmançımızla qürur duyur, fəxr edirik!



LDU-nun tələbəsi Paris-2024 Paralimpiya Oyunlarında iştirak hüququ qazanıb


Mənbə:
Paylaş: