Geri

02/09/24

Elmi şurada yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə edilib


Lənkəran Dövlət Universitetində (LDU) Elmi şura 2024/2025-cü tədris ilində ilk iclasını keçirib. İclası Elmi şuranın sədri, LDU-nun rektoru, professor Natiq İbrahimov açaraq iştirakçıları yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, gündəlikdə duran məsələlər barədə məlumat verib.
Elmi şurada müzakirəyə çıxarılan ilk məsələ-“Universitetin yeni strukturunun təsdiqi və əmək haqlarının artırılması haqqında” Maliyyə, mühasibat və təminat mərkəzinin direktoru (baş mühasib) Rəşad Rzazadə məlumat verib. Məlumatda deyilib ki, professor-müəllim heyətinin əmək haqları yeni tədris ilindən diferensial qaydada artımla ödəniləcək. Həmçinin, 1 ştat professorun vəzifə əmək haqqının 100 manat artırılması nəzərdə tutulur. Universitet əməkdaşlarının maaşlarında tutduqları vəzifədən asılı olaraq 50-200 manat artım olacaq. Tədrisin təşkili və təlim texnologiyaları mərkəzinin, Tyutor xidmətinin təşkili və tələbə biliyinin qiymətləndirilməsi şöbəsində tyutorların əmək haqları 600-800 manat təşkil edəcək. Qeyd olunan dəyişikliyi və əmək haqqı artımını nəzərə alsaq, əmək haqqı fondu 8% artmaqla, universitet üzrə ümumi əmək haqqı fondu praqnoz gəlirlərin 75-80 faizini təşkil edəcək.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov “2024/2025-cü tədris ilinə hazırlığın vəziyyəti” barədə məlumatında bildirib ki, mərkəz tərəfindən müvafiq fakültə dekanları və kafedra müdirləri ilə birlikdə tədrisin təşkili üçün zəruri tədbirlərin görülməsi həyata keçirilib. 2024/2025-ci tədris ilinində ali təhsilin bakalavriat səviyyəsi üzrə 1885, magistratura səviyyəsi üzrə 174 tələbə LDU-nu seçib. Universitet üzrə bakalavriat səviyyəsi üzrə 42 ixtisas üzrə kadr hazırlığı aparılır və bütün tədris planları yenilənib.
LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecdə 2024/2025-cü tədris ilinə hazırlığın vəziyyəti haqqında məlumat verən kollecin direktoru Leyla İbrahimova bu istiqamətdə görülən işlərdən, yeniliklərdən söz açıb. Bildirib ki, 2024/2025-ci tədris ilində kollecə ÜOTB –dan 11 ixtisas üzrə 239 yer, TOTB –dan 13 ixtisas üzrə 294 yer, ümumilikdə 21 ixtisas üzrə (3 ixtisas hər iki təhsil bazasından qəbul aparılır) 533 nəfər qəbul nəzərdə tutulub. Bu il qəbul aparılacaq ixtisaslardan 2 ixtisas UOTB-dan Sosial iş, TOTB-dan Turizm bələdçiliyi ixtisasına kollec üzrə ilk dəfə qəbul aparılacaqdır. I turun nəticələrinə görə ÜOTB-dan 202 tələbə qəbul olunmuş, qəbul planı 85 % yerinə yetirilmişdir. UOTB-dan Dizayn ixtisasına plan yeri 100% yerinə yetirilmişdir.
Kollecdə “Elektron jurnal” layihəsinin tətbiqindən ötrü müvafiq qurumla fiber-optik xəttin çəkilişi yekunlaşıb və cari tədris ilində istifadəsi nəzərdə tutulmuşdur.
2023/2024-cü tədris ilinin yay semestrinin hesabatını Yay semestri üzrə məsul şəxs Vaqif Quliyev təqdim edib.
Beynəlxalq əməkdaşlıq şöbəsinin illik hesabatını təqdim edən şöbənin müdiri Günel Məmmədova bildirib ki, son bir ildə xarici ölkə universitetləri ilə 17 müqavilə imzalanıb, ikitərəfli əməkdaşlıq çərçivəsində 21 müəllim göndərilib, həmçinin 30 müəllim LDU-ya gəlib. Tələbə mübadiləsində 18 tələbə ikili diplom layihəsi çərçivəsində Türkiyə Cümhuriyyətinin müxtəlif ali təhsil müəssisələrinə göndərilib. Lənkəran Dövlət Universiteti (LDU) ilə Qars Qafqaz Universiteti arasında olan Akademik Əməkdaşlıq Protokolu çərçivəsində Baytarlıq ixtisası V tədris ilinin 11 tələbəsi istehsalat təcrübəsi keçmək üçün Türkiyə Respublikasının Qars Qafqaz Universitetinə ezam olunublar. Tələbələrin Türkiyəyə göndərilməsi üçün tələb olunan bütün xərclər Lənkəran Dövlət Universiteti tərəfindən qarşılanıb.
Lənkəran Dövlət Universiteti(LDU) ilə Afyon Kocatəpə Universiteti arasında Erasmus+ KA171 layihəsi çərçivəsində bağlanmış müqaviləyə əsasən LDU-nun Baytarlıq təbabəti ixtisasının 4 tələbəsi 1 semestrlik Afyon Kocatəpə Universitetində təhsillərini davam etdiriblər. Erasmus+KA171 layihəsi ilə LDU - nun Turizm işinin təşkili ixtisasının 2 tələbəsi Polşanın Varmiya Mazuri Universitetində 1 semestrlik təhsilini davam etdirmək şansı qazanıblar. Lənkəran Dövlət Universitetində hal-hazırda 5 əcnəbi tələbə bakalavr və magistr səviyyəsi üzrə təhsil alır. Hesabat dövründə 3 Beynəlxalq konfrans keçirilib.
Elmi və tədris metodiki şurada müzakirə olunmuş tədris vəsaitlərinə nəşr hüququ verilməsi haqqında Baş elmi katib dos. Allahşükür Quliyev çıxış edib. 2 dərs vəsaiti və 10 fənn proqramı təsdiq edilib.
Elmi şurada digər cari məsələlərə də baxılıb və müzakirəyə çıxarılan bütün məsələlər barəsində müvafiq qərarlar qəbul edilib.

Elmi şurada yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə edilib


Mənbə:
Paylaş: