Geri

12/12/24

Heydər Əliyevin xatirəsi LDU-da ehtiramla yad olunub


Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Mərasim iştirakçıları ilk öncə H.Əliyev xatirə parkında ulu öndərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edərək önünə gül-çiçək dəstələri qoyublar.

Anım mərasimi LDU-nun I saylı tədris korpusunda Lənkəran Şəhər İcra Hakimiyyəti və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və bugünkü Azərbaycan” adlı birgə praktiki konfransı ilə davam etdirilib.Tədbir iştirakçıları ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Tədbiri giriş sözü ilə LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov açaraq ulu öndər Heydər Əliyevin şərəfli həyat yolundan və fəaliyyətindən danışıb, ümummilli liderin Azərbaycanın müstəqillik qazanmasında, ölkənin ictimai-siyasi, iqtisadi və digər mühüm sahələrindəki əvəzsiz rolundan bəhs edib, təhsil sahəsinin inkişafına göstərdiyi qayğıdan konkret faktlar əsasında söz açıb.

Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, dos.Kamal Mahmudov “Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının banisidir” mövzusunda məruzə edib. Məruzədə qeyd edilib ki, Heydər Əliyev Azərbaycanın ən yeni tarixinə imzasını atan böyük tarixi şəxsiyyət və qüdrətli dövlət xadimidir. Ötən əsrin 90-cı illərinin əvvəllərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider dünyanın böyük güclərinin maraqlarının toqquşduğu bir şəraitdə fövqəladə missiyanı öz üzərinə götürərək Azərbaycanın müstəqilliyinə yönələn təhlükələri aradan qaldırıb, uzaqgörənliyi, müdrikliyi və zəkası ilə vətəndaş müharibəsinin qarşısını alıb, müasir dövlətçilik sisteminin əsaslarını yaradıb, Azərbaycanın müstəqilliyini dönməz və əbədi edib.

Məruzə ətrafında LDU-nun Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Emin Məlikov, Lənkəran Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Rafiq Quliyev çıxış ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycanın iqtisadi inkişaf modelini müəyyənləşdirən dahi liderin rəhbərliyi dövründə siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində böyük dönüşlərə və irəliləyişlərə nail olunub, ölkənin beynəlxalq aləmdə tanınması və nüfuzunun artması istiqamətində nəhəng işlər görülüb. Prezident İlham Əliyevin ümummilli lider tərəfindən müəyyən edilmiş dövlətçilik kursunu uğurla davam etdirməsi Azərbaycanın gələcəyinə inamın təsdiqidir.

Konfrans Ümummilli lider H.Əliyevin həyat və fəaliyyətini əks etdirən videorolikin nümayişi ilə yekunlaşıb.

Qeyd edək ki, bu gün Lənkəran Dövlət Universitetində keçirilən ilk dərslərdə ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi yolunda gördüyü çoxşaxəli fəaliyyətindən söz açılıb, kitab sərgiləri təşkil olunub.

Heydər Əliyevin xatirəsi LDU-da   ehtiramla yad olunub


Mənbə:
Paylaş: