Geri
21/05/25
LDU-da hüquqi mövzuda maarifləndirici tədbir keçirilib
2025-ci ilin Azərbaycanda “Konstitusiya və
suverenlik ili” elan edilməsi, həmçinin “İnsan Hüquqları Aylığı” çərçivəsində Lənkəran
Dövlət Universitetində (LDU) maarifləndirmə tədbiri keçirilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsi ilə birgə
keçirilən tədbiri LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə
prorektoru vəzifəsini icra edən dos.
Zaur Məmmədov açıb. Bildirib ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən
müharibəsində qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq 2025-ci ilin Azərbaycan
Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi böyük məna
daşıyır. “Konstitusiya və Suverenlik İli”-nə həsr olunmuş tədbirin
məqsəd və məramından danışan dos. Zaur Məmmədov qeyd edib ki, müasir Azərbaycan
dövlətinin Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin şah əsərlərindən
biridir. 18 may - 18 iyun tarixlərinin ölkə ərazisində “İnsan Hüquqları Aylığı”
elan edilərək paytaxtda və regionlarda insan hüquqlarını təbliğ edən müxtəlif
aktual mövzularda maarifləndirmə tədbirlərinin keçirilməsini dos. Z. Məmmədov yüksək dəyərləndirib.
Tədbirdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin
hakimləri Esmira Məmmədova və Neymət Məmmədovun mövzu ilə bağlı məruzələri dinlənilib.
Məruzələrdə qeyd olunub ki, xalqımız böyük qürur və fəxarət hissi ilə bu il müəllifi
Ümummilli liderimiz Heydər Əliyev olan Milli Konstitusiyamızın qəbul edilməsinin
30-cu və Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində
qazanılmış tarixi qələbəmizin 5-ci ildönümünü təntənə ilə qeyd edəcək. Bu məqsədlə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 dekabr 2024-cü il
tarixdə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik
İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Mühüm tarixi əhəmiyyətə malik
olan bu sərəncam tarixi Zəfərimizin regionda və dünya siyasətində yol açdığı
yeniliklərin, eyni zamanda, 1995-ci ildə konstitusiyamızın qəbul edilməsindən
ötən dövr ərzində Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyinin təqdimatında
əsaslı rol oynayır. İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə
mexanizmlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin əsasını təşkil edir.
Milli Konstitusiyamızda əksini tapan müddəaların böyük əksəriyyəti də insan
hüquqlarının qorunmasına həsr edilib. Konstitusiyamızın qəbulundan ötən dövr ərzində
bu ali sənədə 3 dəfə: 2002, 2009 və 2016-cı illərdə əlavə və dəyişikliklərin
edilməsi insan hüquqlarının qorunmasının prioritetliyini təsdiqləyir.
Sonda tələbələri maraqlandıran suallar
cavablandırılıb.
Mənbə: