Geri
İnam uğura aparan yoldur
Bu gün Lənkəran Dövlət Universitetinin daha bir beynəlxalq uğura imza
atmasının şahidi olduq. “Quacquarelli
Symonds” (QS) qlobal reytinq agentliyi tərəfindən keçirilən “QS Stars” audit
qiymətləndirməsində Lənkəran Dövlət Universitetinin fəaliyyəti 3 ulduz
(“yaxşı”) ilə qiymətləndirildi. Ümumilikdə 9 fərqli kateqoriya üzrə fəaliyyəti
dəyərləndirilən Lənkəran Dövlət Universiteti 3 kateqoriya üzrə 5 ulduz
(“mükəmməl”) əldə etdi. Bu, regionda fəaliyyət göstərən ali məktəb üçün çox
böyük nailiyyətdir və uğura gedən yol heç də asan olmayıb.
…Yaxşı yadımdadır, 9 il bundan əvvəl, 2016-cı ilin yay ayları
idi. Yay sessiyası ərəfəsində Lənkəran Dövlət Universitetinə rəhbərlik rektorun
vəzifələrini icra edən professor Natiq İbrahimova tapşırılmışdı. Natiq
müəllimin ilk qərarlarından biri universitetdə tyutor xidmətinin təşkili ilə
bağlı oldu. Bu məqsədlə paytaxtdan mütəxəssis dəvət olundu, lazımi iş şəraiti
yaradıldı, əsasən universitetin öz yetirmələrindən 30-a yaxın məzun tyutor kurslarına cəlb
olundu. Həmin ərəfədə artıq Natiq müəllimin təşəbbüsü ilə universitetin
struktur quruluşunda dəyişikliklər edilmiş, yeni bölmə, şöbə və mərkəzlər
yaradılmış, fakültə və kafedralar daha optimal şəkildə yenidən
formalaşdırılmış, hər bir struktur bölmə üçün fəaliyyət proqramı hazırlanmışdı.
Mənim rəhbərlik etdiyim İnformasiya-kommunikasiya və Kitabxana mərkəzinin
qarşısına da o vaxt üçün fantastik görünə bilən vəzifələr qoyulmuşdu.
Qarşıya qoyulan
həmin vəzifələrin icrası üçün komanda formalaşdırılmalı, ixtisaslı mütəxəssislər
işə cəlb olunmalı, başqa ali məktəblərlə təcrübə mübadiləsi aparılması idi.
Regionda, ixtisaslı mütəxəssislərin azlığı şəraitində qarşıya qoyulan vəzifələrin icrası ilk baxışda mümkünsüz görünürdü. Amma, Natiq
müəllimlə hər görüşümüzdə onun-Ənvər müəllim, biz bu vəzifələrin öhdəsindən
mütləq gələcəyik, bundan ötrü hər nə lazımdırsa ediləcək, deməsi bizi ruhlandırır və həvəsləndirirdi.
Qarşıya qoyulan birinci vəzifə
universitetin elektronlaşdırılması
məsələsi idi. Məsələnin mahiyyəti ilə yaxından tanış olmaq, işin
strukturunu öyrənmək məqsədilə
Azərbaycan Dövlət
İqtisad Universitetinə ezam olundum.
Bu ali təhsil ocağında elektronlaşdırma istiqamətində görülən işlərlə,
o işləri
görən mütəxəssislərlə tanışlıq mənə çox şey öyrətdi. LDU-da tyutor kurslarının aparılması
üçün dəvət olunmuş
mütəxəssislə
rektorluq səviyyəsində
görüşümüz təşkil olundu.
Həmin mütəxəssis tədris prosesinin elektronlaşması
ilə bağlı
məlumat verdi.
Bu, bizə görə
həmin zaman kəsiyi
üçün həqiqətən də
fantastika kimi görünürdü.
Görüşün sonunda Natiq müəullim məndən
“Ənvər müəllim,
nə deyirsiz, biz bu işləri LDU-da görə
biləcəyik,
ya yox?” deyib soruşdu. İçimdən gələn böyük inamla:
“bəli, müəllim,
öhdəsindən gələrik”
- dedim.
Bundan sonra var gücümüzlə işə başladıq. İlk işimiz universitetə İKT sahəsi
üzrə mükəmməl bilikləri olan ixtisaslı kadrları cəlb etmək oldu. Beləliklə,
universitetdə Mayis Eyniyevin başçılığı ilə Elektron Universitet layihəsi
həyata keçirilməyə başlandı. İlk vaxtlar çətinliklərimiz çox idi. Amma, ruhdan
düşmürdük. Çünki hər addımda Natiq müəllimin və o vaxt universitetin Tədrisin
təşkili və təlim texnologiyaları üzrə prorektoru dos.İdrak Əskərovun köməyini, dəstəyini hiss edirdik. İşə inamla girişməyimiz və bizə
göstərilən qayğı və diqqət, etimad öz bəhrəsini verdi. Biz bacardıq!
Ötən illər ərzində Natiq müəllimin elə ideyalarını
həyata keçirdik ki, o ideyalar Azərbaycan təhsilində bir ilk idi, yenilik idi, heç bir ali məktəbdə hələ tətbiq olunmamışdı. Bu
gün Lənkəran Dövlət Universitetinin tələbəsi kollokvium və imtahan cədvəlini öz
istəyinə uyğun qurur, imtahan biletini
ona kompüter verir. Bütün tədris fəaliyyəti elektron bazalaşdırılıb. Hər tədris
ilinin əvvəlində tələbə, müəllim, fənn bazalarının yenidən elektronlaşdırılması
nəticəsində Elektron jurnal, Elektron dərs cədvəlləri yaradılır və tələbələrin
şəxsi kabinetlərinə yerləşdirilir.
Bizim mərkəz təkcə tədris prosesinin deyil, mühasibatlıqda, elmi hissədə,
təsərrüfat fəaliyyətində müəyyən vacib və mürəkkəb proseslərin
elektronlaşdırılmasını müvəffəqiyyətlə həyata keçirir. Elektron Kitabxana
sistemi artıq tam hazırdır və hazırda kitabxana fondunun sistemə
yerləşdirilməsi üzərində işlərimiz davam edir.
Çox böyük qürur və sevinc hissi ilə qeyd edirəm ki, bu gün Lənkəran Dövlət
Universiteti dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinq
sistemlərindən biri olan “Times Higher Education” dünya reytinq siyahısında yer
alıb. Belə ki, LDU dünya reytinqində TOP 1001-1500-də qərarlaşıb. LDU çox
mötəbər beynəlxalq reytinq agentliyinin - “Quacquarelli Symonds” (QS) qlobal reytinq
agentliyinin audit qiymətləndirməsində 3 kateqoriya üzrə 5 ulduza (“mükəmməl”)
layiq görülüb. Çox sevinirəm ki, bu uğurda bizim Elm, İKT və Kitabxana Mərkəzinin də payı
vardır. Buna görə mən ilk növbədə, rektorumuz professor Natiq İbrahimovu, mərkəzimizin
əməkdaşlarını, bütün LDU kollektivini və LDU sevərləri, tələbələrimizi ürəkdən
təbrik edirəm.
Əminəm ki, hörmətli rektorumuz, professor Natiq İbrahimovun rəhbərliyi altında daha böyük
təhsil uğurlarına imza atacaq, Lənkəran Dövlət Universitetinin təkcə elm və
tədris ocağı kimi deyil, həm də böyük mədəniyyət mərkəzinə çevrilməsi istiqamətində qarşıya qoyduğumuz vəzifələrin öhdəsindən
uğurla gələcəyik. Biz buna inanırıq, inam isə uğurun yarısıdır!
Ənvər Şahqubadbəyli
Elm, İKT və Kitabxana mərkəzinin direktoru.