Geri
Qazanılan uğurlar, qarşıda duran vəzifələr...
Lənkəran Dövlət Universiteti (LDU) yeni-2025/2026-ci tədris ilinə ürəkaçan yeniliklərlə qədəm qoyur. LDU-nun müasir tələblərə cavab verən, zərüri avadanlıq və laboratoriyalarla təchiz olunmuş tədris binaları, inzibati bina, Elmi kitabxana kompleksi, oğlan və qız tələbələr üçün modern şəraitin yaradıldığı yataqxana binaları, tədris-təcrübə bazaları, professor-müəllim heyəti üçün xidməti mənzillər və s. yeni tədris ili üçün cari təmir edilərək tələbə və müəllimlərin istifadəsi üçün tam hazır vəziyyətə gətirilib.
Universitetimizdə
hazırda 6 fakültə, 13 kafedra fəaliyyət göstərir. Tələbə qəbulu tam
yekunlaşmasa da,
ilkin nəticələr onu göstərir ki, ali təhsil üçün LDU-nu seçənlərin sayında ötən
illərlə müqayisədə nəzərəçarpacaq artım müşahidə olunur. LDU-ya qəbul bu il 94,88 % təşkil edib. 600-dən yuxarı bal toplayan tələbənin ali təhsil almaq üçün bizi seçməsi qürurverici haldır.
Ümumiyyətlə, bu ilki qəbulun nəticələrinə görə 500-600 arası bal toplayan tələbələr
ümumi qəbul olunanlar arasında böyük faiz təşkil edir ki, bu da LDU-nun
reytinqinin ildən-ilə artmasının məntiqi nəticəsidir. Ümumilikdə, son illərdə
LDU-ya qəbul olunan tələbələrin sayında 4 dəfəyə yaxın artımın olması göstərir
ki, Lənkəran Dövlət Universiteti yüksəliş yolundadır və seçdiyimiz istiqamət
düzdür.
Universitetdə
kadr hazırlığının keyfiyyətini yüksəltmək, müəllim hazırlığının səviyyəsini
artırmaq məqsədilə tədris bazamızı müntəzəm yeniləyirik. Müasir tələblərə cavab
verən yeni fənn kabinetləri və laboratoriyalar tələbələrin istifadəsindədir.
Bölgədə heyvandarlığın inkişafını dəstəkləmək, bu sahədə ixtisaslı kadrlara
olan tələbatı ödəmək məqsədilə ötən il Baytarlıq fakültəsi yaradılıb. Yeni
fakültənin tədris-təcrübə bazası kimi
baytarlıq cərrahi klinikası inşa olunub. Baytarlıq klinikanın cari tədris ilində
istifadəyə verilməsi mühüm yeniliklərimizdəndir və onun fəaliyyətindən tələbələrlə
yanaşı,
bölgədə yaşayan sahibkarlar da istifadə edə biləcəklər.
2024/2025-ci tədris ilində Lənkəran Dövlət
Universitetində Elm, İKT və Kitabxana mərkəzi tərəfindən universitetin
elektronlaşdırılması istiqamətində bir neçə iri həcmli layihə həyata keçirilib. Belə ki, Elektron kitabxana layihəsi əsasında sistem yaradılıb, hazırda kitabxana fondunun
bazalaşdırılması üzrə işlər sürətlə davam etdirilir. LDU-nun nəzdində fəaliyyət
göstərən Sosial və Aqrar-Texnoloji kollec fiber optik kabellər vasitəsi ilə universitetin
Elektron Təhsil Şəbəkəsinə qoşulub, kollecdə tədris prosesinin və idarəetmənin elektronlaşması üçün müvafiq modullar işlənib
hazırlanıb
və hazırda kollecin tələbə, müəllim və fənn bazalarının yaradılması istiqamətində
işlər davam etdirilir. LDU-nun qızlar və oğlanlar üçün nəzərdə tutulmuş
yataqxanaları avtonom və yüksək sürətli optik internet xətləri ilə təchiz edilib. LDU-nun server
kompleksi həm texniki,
həm də proqram təminatı baxımından yenilənib, Elektron Təhsil Şəbəkəsi
yeni avadanlıq və texnologiyalarla təchiz edilərək müasirləşdirilib. Elektron Universitet
layihəsi daha da genişləndirilərək
ona yeni modullar əlavə edilib
və yenilənmə davam edəcək.
Elektron
universitet layihəsinin inkişafı Azərbaycan ali təhsil müəssisələri içərisində
ilk dəfə LDU-da tələbələrə, özlərinin təyin etdiyi tarixə və vaxta uyğun
imtahan seçmək imkanı vermişdir. Hazırda tələbələr kollekviumlarının vaxtlarını
da sərbəst təyin edə bilirlər. Yeni tədris ilindən isə akademik borclarını ödəmək üçün yenilənmiş
elektron sistem vasitəsilə fənn seçimlərini edərək alt qruplarda təhsil
borclarını ödəyə bilmək imkanı əldə edəcəklər.
Lənkəran
Dövlət Universitetində qızlar üçün 160 yerlik, oğlanlar üçün 250 yerlik tələbə
yataqxanalarının olması LDU-nu maddi imkanları zəif olan tələbələr üçün də əlçatan
edib.
Bu yataqxanaların hər ikisi son illərdə inşa olunub və burada tələbələrin rahat
yaşamı üçün lazımi şərait yaradılıb. 2-3 nəfərlik otaqların hər birində ayrıca
sanitar qovşaqları var, fasiləsiz elektrik enerjisi, isti və soyuq su,
internet, qaz sobası, soyuducu, televizoz-bir sözlə, bütün kommunal xidmətlər təşkil
edilib.
Elm
və tədqiqat istiqaməti üzrə əldə olunan nailiyyətlərə gəlincə, bildirmək istəyirəm ki, Lənkəran
Dövlət Universitetinin təsis etdiyi “Texnika və Aqrar Elmləri” Beynəlxalq
Elmi-praktiki Jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyası tərəfindən Azərbaycan Respublikasinda dissertasiyaların əsas nəticələrinin
dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin Texnika, Biologiya və Aqrar
Elmləri üzrə siyahısına daxil edilib. LDU-nun təsis etdiyi elmi jurnallarda
universitet əməkdaşlarının ümumilikdə 43
indeksli məqaləsi, Web of science və Scopus indeksli jurnallarda isə 54 məqaləsi dərc olunub.
Ötən
tədris ilində Lənkəran Dövlət Universitetində respublika və beynəlxalq səviyyəli
konfranslar keçirilib və konfrans materiallarında 325 tezis və məqalə çap
edilib. Konfransların işində bir sıra xarici ölkələr, 20-dən çox ali təhsil müəssisəsi
və elmi təşkilat iştirak edib. 171 tələbə magistrlik dissertasiyalarını uğurla
müdafiə edərək magistr elmi dərəcəsi
alıb, universitetdə 36 problem üzrə 103 elmi-tədqiqat işləri həyata keçirilib.
Həmçinin, 6 doktorant dissertasiya işini uğurla müdafiə edərək fəlsəfə doktoru
diplomu alıb, 5 doktorantın isə dissertasiya işinin ilkin müzakirəsi həyata
keçirib.
Lənkəran
Dövlət Universiteti yalnız milli səviyyədə deyil, həm də beynəlxalq miqyasda öz
nüfuzunu möhkəmləndirməyə yönəlmiş strateji fəaliyyət həyata keçirən bir ali təhsil
müəssisəsidir. Son illərdə universitetin beynəlxalq əməkdaşlıq istiqamətləri
daha da genişləndirilərək
dünyanın müxtəlif regionlarında fəaliyyət göstərən nüfuzlu universitetlər və
elmi mərkəzlərlə ikitərəfli və çoxtərəfli sazişlər imzalanıb. Bu əməkdaşlıqlar tələbə,
müəllim və bilik mübadiləsini təşviq etməklə LDU-nun beynəlmiləlləşmə
strategiyasına və onun qlobal akademik mövqelərinin güclənməsinə töhfə verməkdədir.
Hazırda
LDU-nun Türkiyə, Avropa dövlətləri (Rusiya, Belarus, Ukrayna, Moldova daxil
olmaqla), həmçinin Qazaxıstan, Qırğızıstan və Özbəkistan universitetləri ilə
ikili əməkdaşlıq və Erasmus proqramı çərçivəsində 44-dən artıq aktiv müqaviləsi
mövcuddur.
2024–2025-ci
tədris ilinin payız semestrində Atırau Dövlət Universitetindən iki qazaxıstanlı
tələbə LDU-da (Xarici dil müəllimliyi ixtisası üzrə, III kurs) bir semestrlik təhsil
alıb
və proqramı uğurla başa vuraraq ölkələrinə qayıdıb. Eyni zamanda, Erasmus+
layihələri çərçivəsində bir sıra tələbələrimiz Polşa, Türkiyə və digər ölkələrin
universitetlərində təhsil və təcrübə proqramlarında iştirak ediblər.
İqtisadiyyat
və İdarəetmə fakültəsinin “Turizm işinin təşkili” ixtisası üzrə tələbələr
Polşanın Varmiya və Mazuri Universitetində, Afyon Kocatepe Universitetində və
Kastamonu Universitetində tam təqaüdlə bir semestr təhsil almışdır. Aqrar və
Mühəndislik fakültəsinin Kompüter mühəndisliyi ixtisası üzrə tələbə Erasmus+ K1
proqramı çərçivəsində Kastamonu Universitetində təhsil alır. Baytarlıq fakültəsinin
V kurs tələbələri 2025-ci ilin fevral–may aylarında Qafqaz (Qars)
Universitetində istehsalat təcrübəsi keçmiş və baytarlıq cərrahiyyəsi, süni
mayalanma, daxili xəstəliklər, mamalıq və ginekologiya sahələrində praktiki
biliklər qazanmışlar. Həmçinin, 2024–2025-ci tədris ilində Türkiyənin Qafqaz
Universitetindən (Qars) doqquz müəllim LDU-ya dəvət edilərək Baytarlıq fakültəsinin
tələbələrinə mühazirələr oxumuşdur.
Lənkəran
Dövlət Universitetinin nümayəndə heyəti Macarıstanın Debrecen Universitetinə və
Rumıniyanın “Dunărea de Jos” Galati Universitetinə rəsmi səfəri çərçivəsində
ikili diplom proqramları, təhsil mübadiləsi və Erasmus+ imkanları müzakirə
olunmuş, əməkdaşlıq müqavilələri imzalanmışdır. Ötən tədris ilində Türkiyə
Respublikasının Sinop Universitetinin rektoru, professor Dr. Şakir Taşdemirin rəhbərlik
etdiyi nümayəndə heyəti Lənkəran Dövlət
Universitetində olub, tərəflər arasında imzalanan ikitərəfli müqaviləyə əsasən
birgə elmi konfransların təşkili, tələbə və müəllim mübadiləsi, ikili diplom
proqramlarının həyata keçirilməsi, eləcə də akademik heyətin mobilliyinin
artırılması nəzərdə tutulub.
28–29
may 2025-ci il tarixlərində Özbəkistanın Əndican şəhərində keçirilən “Azərbaycan–Özbəkistan:
Ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” mövzusunda Birinci
Rektorlar Forumunda iştirakımız, bir sıra özbək universitetləri ilə ikili
diplom proqramları və birgə tədqiqat layihələrinə dair müqavilələrin imzalanması ötən tədris ilinin ürəkaçan
uğurlarındandır.
8–14
iyun 2025-ci ildə Rumıniyanın “Dunărea de Jos” Galati Universitetindən nümayəndə
heyətinin LDU-da səfəri, ikitərəfli razılaşmalar universitetin beynəlxalq əməkdaşlığının
genişlənməsinin göstəricisidir.
Eyni
zamanda, Özbəkistan nümayəndə heyəti Lənkəran Dövlət Universitetinə səfər edərək
universitetimizin fəaliyyəti, tədris mühiti və beynəlxalq əməkdaşlıq istiqamətləri
ilə yaxından tanış olublar. Görüşdə təhsil və elm sahəsində əməkdaşlığın inkişaf
etdirilməsi, tələbə və müəllim mübadiləsi, habelə birgə layihələrin icrası
perspektivlərini müzakirə etmişik. Bu kimi beynəlxalq görüşlər Lənkəran Dövlət
Universitetinin beynəlxalq əlaqələrinin genişlənməsinə və Türk dünyası ölkələri
arasında təhsil əməkdaşlığının möhkəmlənməsinə mühüm töhfə verməkdədir.
Ən
əsas uğurumuz beynəlxalq reytinq sistemlərində iştirakımız və əldə etdiyimiz nəticədir.
Times Higher Education (THE) Impact Rankings 2025 nəticələrinə əsasən, LDU TOP
1001–1500 intervalında qərarlaşmış və dayanıqlı inkişafa verdiyi töhfələrinə
görə beynəlxalq nüfuz qazanmışdır. QS Stars Audit qiymətləndirməsində
universitet ümumilikdə 3 ulduz, tədris, məşğulluq və yaxşı idarəetmə sahələri
üzrə isə 5 ulduz, infrastruktur və ekoloji təsir sahələrində 4 ulduz əldə
etmişdir. Bu göstəricilər LDU-da tədrisin keyfiyyətini, məzunların əmək
bazarında rəqabət qabiliyyətini və universitetin şəffaf idarəçilik prinsiplərini
təsdiqləyir.
Yuxarıda
qeyd olunan faktlar Lənkəran Dövlət Universitetinin yalnız milli səviyyədə
deyil, qlobal elmi və təhsil məkanında da fəal mövqeyə malik olduğunu nümayiş
etdirir. Universitet beynəlxalq əməkdaşlıqlarını genişləndirməyi, elmi
potensialını artırmağı və dünya universitetləri sırasında mövqeyini daha da
möhkəmləndirməyi strateji hədəf kimi müəyyənləşdirib. Hazırda LDU Times Higher
Education (THE) və QS World University Rankings üçün məlumatların hazırlanması
və təqdim olunması üzərində sistemli iş aparır ki, bu da onun beynəlxalq
nüfuzunun daha da artmasına xidmət edəcəkdir.
Lənkəran
Dövlət Universiteti hər il öz komandasını yeni, keyfiyyətli, ixtisaslı,
hazırlıqlı, müasir tələblərə cavab verən mütəxəssislər hesabına zənginləşdirir.
LDU-da professor-müəllim və işçi heyətinin işə qəbulu bu məqsədlə yaradılmış
işçi komissiyası tərəfindən, şəffaf şəkildə həyata keçirilir.
Cari
tədris ilindən başlayaraq professor-müəllim heyətinin əmək haqlarının
diferensial qaydada ödənilməsi üçün mexanizm hazırlanması nəzərdə tutulub.
Bildirim ki, universitetimizdə əmək haqları vaxtaşırı olaraq artırılır.
Ali
təhsil üçün Lənkəran Dövlət Universitetini seçən gəncləri tələbə adı
qazanmaları münasibətilə təbrik edir, bizi seçdiklərinə, etimad etdiklərinə görə
bütün LDU kollektivi adından minnətdarlığımı bildirirəm. Yeni - 2025/2026-cı tədris
ilinin başlanması münasibətilə Lənkəran Dövlət Universitetinin bütün tələbə-professor-müəllim-işçi
heyətinə yeni tədris ilində uğurlar arzu edirəm.
Yeni dərs iliniz mübarək!
Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoru, professor.