Geri
LDU-da 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib
Lənkəran Dövlət Universitetində (LDU) Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə 27 Sentyabr - Anım Gününə həsr olunmuş konfrans keçirilib. Tədbirdə torpaqlarımızın azadlığı, vətənimizin
ərazi bütövlüyü uğrunda canlarından
keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
“27
Sentyabr-Zəfərə aparan yolun başlanğıcı” mövzusunda keçirilən konfransda çıxış edən
LDU-nun rektoru, professor Natiq İbrahimov Ali Baş Komandan, Prezident İlham
Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı
böyük Zəfərin əhəmiyyətindən, igid
oğullarımızın şucaətindən söz açıb. Bildirib ki, şəhid oğullarımızın qanı
bahasına qazanılan Zəfər 30 ilə qədər düşmən tapdağında qalan
torpaqlarımızı bizə qaytarmaqla yanaşı, həm də xalqımıza baş ucalığı gətirib, şəhid ağrılarımıza
təsəlli olub. LDU-da gənclərin vətənpərvərlik
tərbiyəsinə böyük önəm verildiyini deyən rektor tələbələrin vətənpərvərlik hisslərinin
yüksək olduğunu qeyd edib, 44 günlük Vətən müharibəsində universitetin tələbə və
məzunları arasında 11 nəfərin şəhidlik zirvəsinə yüksəldiyini xüsusi vurğulayıb. Rektor
BMT Baş Assambleyasının 80-ci sessiyasında prezident İlham Əliyevin çıxışının
bütün həmvətənlərimizdə qürur və sevinc hissi yaşatdığını bildirərək ölkə
başçısının nitqindən sitatı konfrans iştirakçılarının diqqətinə çatdırıb: “Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana
qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu
gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni
dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə
necə təmin etməyimizdən danışacağam. Biz mülki şəxslərin mühafizəsini təmin etdik,
qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi
zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi
bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə
uyğun olaraq bərpa etdi. 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası
və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası
kimi tarixə düşdü”.
Çıxışını prezident İlham Əliyevin “44 günlük Vətən müharibəsi bizim şanlı
tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan
qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz
doğma diyarımızdan qovduq” sözləri ilə bitirən prof. Natiq İbrahimov şəhidlərin
xatirəsinin xalqımızın yaddaşından heç zaman silinməyəcəyini, əbədi
yaşayacağını bir daha vurğulayıb.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə
Əliyeva çıxışında 27 Sentyabr tarixinin
ölkəmizdə Anım Günü kimi qeyd edilməsini Vətən müharibəsində qəhrəmancasına
döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilmiş torpaqlarımızda
dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və
zabitlərimizə, şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisi hesab edib. Bildirib
ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının gücünü, iradəsini, birliyini
bir daha bütün dünyaya göstərdi. Göstərdi
ki, xalqımız heç vaxt torpaqlarının işğalı ilə barışmayacaq. Bu müharibədə əsgər
və zabitlərimiz, mülki insanlarımız, bötövlükdə xalqımız əzm və iradə , həmrəylik
nümayiş etdirərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmənə sarsıdıcı zərbələr endirərək böyük qələbəyə imza atdı.
Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dos. Kamal Mahmudov, dos. Emin Məlikov
mövzu ətrafında məruzə ediblər. Məruzələrdə 44 günlük Vətən müharibəsində Azərbaycan
Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı qələbədən,
həmin dövrdə ölkədə yaşanan böyük vətənpərvərlik ab-havasından, qələbənin əhəmiyyətindən,
ordumuzun misilsiz döyüş taktikasından, LDU-da gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi
istiqamətində görülən işlərdən söz açılıb.
Qeyd edək ki, konfrans iştirakçıları tərəfindən I
tədris korpusunda LDU şəhidlərinin xatirəsinə ucaldılmış xatirə abidəsi və şəhid
məzun Vüsal Kazımovun məzarı ziyarət olunub.