Geri
Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun 5 Oktyabr-Beynəlxalq Müəllim Günü münasibəti ilə Təbriki
5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü ən şərəfli, müqəddəs peşə sahibləri olan müəllimlərin bayramıdır. Müəllim ən böyük bağbandır, sönməyən günəşdir, yanar ürəkdir. “Mən dünyada müəllimdən yüksək ad tanımıram”(H. Əliyev), “Müəllimlik, hər şeydən əvvəl, bir Tanrı sənətidir”(Platon), “Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz” (Sokrat).
Əsrlər boyu xalqımızın şərəfli
missiya daşıyıcıları olan müəllimlər tərəqqiyə, inkişafa, milli rifaha zəmin
yaradıb, gələcəyin yolunu müəyyən ediblər. Müəllim sözü həmişə kamillik, ləyaqət,
bütövlük simvolu kimi mənəvi keyfiyyətləri ifadə edib və bu dəyərlərin işığında
yetişən nəsillər hər zaman öz layiqli müəllimlərinə bənzəməyə çalışıblar.
Ulu öndər Heydər Əliyevin sözü ilə desək: “Özünü müəllimliyə
həsr etmiş insan ən şərəfli insandır”. Bu gün böyük fəxr və iftixar hissi ilə
deyə bilərik ki, məhz müəllim ordusunun
mübariz, vətənpərvər ruhda
yetişdirdiyi gənc nəsil
torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda əzm və dəyanətlə
döyüşdü, qanı və canı bahasına 30 ilə qədər düşmən tapdağında qalan yurd yerlərimizi
azad etdi, Qarabağ nisgilimizə son qoydu, indi də həmin torpaqları göz bəbəyi
kimi qoruyur, abadlaşdırır. Zəfər savaşında canlarından keçən qəhrəman şəhid təhsil işçilərimizi bu gün bir daha ehtiramla yad edir, qazilərimizə can
sağlığı arzulayıram.
Bu gün Azərbaycan müəlliminə böyük dəyər
verilir. Bunun sayəsində son illər ölkəmizdə daha hazırlıqlı, daha istedadlı şəxslərin
müəllim peşəsinə gəlməsi bizi bu hədəfimizi genişləndirməyə, gələcəyin memarı
olan müəllimin inkişafına diqqəti daha da artırmağa səfərbər edir. Çox böyük
qürur hissi ilə bildirirəm ki, Lənkəran Dövlət Universitetində,
universitetimizin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecdə hazırlanan kadrlar öz səviyyəsinə, peşəkarlığına, ən əsası,
vətənpərvərliyinə görə daim seçilir. Prezident İlham Əliyev tərəfindən qarşıya
qoyulan vəzifə isə belədir ki, Azərbaycan təhsili ən yüksək tələblərə cavab
verməlidir: “Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir.
Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir
tələblərə cavab verməlidir”.
Əziz müəllimlər, bu gün sizin
bayramınız, sizin gününüzdür. 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə
Lənkəran Dövlət Universitetinin və universitetin nəzdindəki Sosial və
Aqrar-Texnoloji Kollecin pedaqoji kollektivini, professor-müəllim heyətini, müəllimlik
ixtisasında təhsil alan tələbələri ürəkdən
təbrik edir, şəxsi həyatlarında və pedaqoji fəaliyyətlərində uğurlar
arzulayıram.
Bayramınız mübarək!