Geri

06/11/25

LDU-da Zəfər Gününün 5 illiyinə həsr olunmuş konfrans keçirilib


Lənkəran Dövlət Universitetində (LDU) Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə 8 Noyabr-Zəfər Gününün 5 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. “Ərzaq, qida təhlükəsizliyi və əhalinin sağlamlığı: Müasir vəziyyət, problemlər və perspektivlər” mövzusunda keçirilən konfransın iştirakçıları ilk əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Konfransı giriş sözü ilə Lənkəran Dövlət Universitetinin Tədris məsələləri üzrə prorektoru vəzifəsini icra edən dos. Zaur Məmmədov açıb. Z. Məmmədov konfrans iştirakçılarına LDU-nun rektoru, prof. Natiq İbrahimovun 8 Noyabr Zəfər Günü münasibətilə təbriklərini çatdırıb, qazanılan böyük qələbəni Azərbaycanın son iki əsrlik tarixinin ən şanlı, qürur səhifəsi adlandırıb, Ali Baş Komandan İlham Əliyevin uğurlu və müdrik siyasətinin əməli nəticəsi kimi dəyərləndirib. Bildirib ki, 8 Noyabr tarixi xalqımızın və ordumuzun Ali Baş Komandanın ətrafında sıx birləşərək Qarabağ münaqişəsinə, illərdən bəri yaşadığımız haqsızlığa “Dəmir Yumruq”la son qoyduğu gündür.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva çıxışında bildirib ki, bu gün biz yalnız Zəfərimizin beşinci ildönümünü deyil, xalqımızın birliyinin, qətiyyətinin və yenilməz ruhunun beş illik təntənəsini qeyd edirik. Natiq Zəfər Gününü xalqımız üçün əbədi qürur simvolu, şərəf və hünər salnaməsi adlandırıb, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirələrinin heç zaman unudulmayacağını, daim yaşayacağını deyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurunun təntənəsinə çevrilən bu tarixi qələbənin əbədiləşdirilməsi məqsədilə 8 noyabr tarixinin “Zəfər Günü” kimi qeyd olunmasını şəhidlərin xatirəsinə böyük ehtiram, ordu-xalq birliyinin möhtəşəmliyinin simvolu adlandırıb.
Elmi konfransda LDU-nun Aqrar və mühəndislik fakültəsinin dekanı dos. Balayar Şahbazov “Ərzaq və qida təhlükəsizliyi milli-iqtisadi təhlükəsizliyin tərkib hissəsi kimi”, Texnologiya və texniki fənlər kafedrasının müdiri dos. Rəşad Əliyev “Ərzaq təhlükəsizliyi və əhalinin davamlı qida təminatı”, LDU-nun dosentləri Fərid Xankişiyev “Aqrar bazarının infrastrukturunun təkmilləşdirilməsi və ərzaq təminatının yaxşılaşdırılması”, Məlahət Ağayeva “İqlim dəyişikliyi və qida təhlükəsizliyi”, baş müəllim Azər Cəlalaov “Tərəvəzlərin kimyəvi çirklənmə problemlərinin müasir elmi araşdırmalarda yeri” mövzusunda çıxış ediblər.

LDU-da Zəfər Gününün 5 illiyinə həsr olunmuş konfrans keçirilib


Mənbə:
Paylaş: