Geri

07/11/25

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun 8 Noyabr-Zəfər Günü və 9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə LDU-nun və universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin professor, müəllim, tələbə, işçi heyətinə Təbriki


Əziz tələbələr, hörmətli professor-müəllim-işçi heyəti, dəyərli valideynlər!
Azərbaycan tarixində xalqımıza qürur, şərəf gətirən günlər, tarixlər çoxdur. 8 Noyabr-Zəfər Günü bu tarixlərin hamısından ucada dayanmağa layiq bayramlardan biridir, 8 Noyabr millətimizin hünər, qeyrət, şücaət səhifəsidir!
5 il öncə Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında 30 il düşmən tapdağında qalan əzəli dədə-baba torpaqlarımızı işğaldan azad etməklə xalqımıza təşnəsi olduğu Qələbə sevincini yaşatdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü, məğlub oldu, xalqımız tarixi Zəfərini qazanmaqla özünü dünyaya qalib xalq kimi tanıtdı.
Bəli, 8 Noyabr Azərbaycan tarixində adi gün deyil. Şəhid qanları ilə yazılmış şanlı tarixdir, şərəf salnaməmiz, qürur günümüzdür, milli yaddaşımızın möhtəşəm oyanışıdır!
44 günlük Zəfərimizin davamı olaraq 2023-cü ilin 19 sentyabrında başlayan, 24 saatdan az davam edən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyin tam bərpa olunması Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını, əzəli-əbədi torpaqlarına sahib çıxacağını, şəhidlərin intiqamının alınacağını bir daha dünyaya nümayiı etdirdi.
Ali Baş Komandan cənab İlham Əliyev qazanılan Zəfəri bütün xalqın qələbəsi kimi dəyərləndirir: “Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı”.
Prezident İlham Əliyevin çıxışında qazanılan qələbədə gənc nəslin rolunu xüsusi vurğulaması təhsil işçilərinin də üzərinə böyük vəzifələr qoyur: “Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək Prezident kimi mənim siyasətimin əsas istiqamətlərindən biri idi və buna nail olduq. Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Bir daha demək istəyirəm, heç vaxt Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə gedirdilər, cəmiyyətdə milli birlik, milli həmrəylik ideyaları üstünlük təşkil etdi”.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında təhsil sisteminin, ali təhsil ocaqlarının, o cümlədən, Lənkəran Dövlət Universitetinin böyük rolu vardır. Xatırladaq ki, II Qarabağ savaşında LDU-nun 11 məzunu şəhidlik zirvəsinə yüksəlib. Bayram günləri ərəfəsində onların ruhunu bir daha ehtiramla yad edirik.
Prezident İlham Əliyevin sözü ilə desək: “İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi. Biz bu ağır yükü çiynimizdən atdıq, bu damğanı boynumuzdan atdıq. Biz indi başımızı dik tutub istənilən tədbirdə, istənilən formatda sözümüzü deyirik. Biz üzümüz ağ, alnımız açıq, müzəffər xalq kimi yaşayırıq”.
Bu tarixi bayramlar-8 Noyabr Zəfər Günü və 9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bütün xalqımızı, o cümlədən, LDU-nun və universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin professor, müəllim, işçi, tələbə heyətini ürəkdən təbrik edir, ən xoş bayram arzularımı bildirirəm.
Bayramınız mübarək! Zəfərimiz mübarək!
Üç rəngli bayrağınla məsud yaşa, Azərbaycan!

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun 8 Noyabr-Zəfər Günü və 9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə LDU-nun və universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin professor, müəllim, tələbə, işçi heyətinə Təbriki


Mənbə:
Paylaş: