Geri

22/04/21

LDU BEYNƏLXALQ ƏLAQƏLƏRİNİ ONLAYN FORMATDA DAVAM ETDİRİR.


Lənkəran Dövlət Universiteti (LDU) ilə qardaş Türkiyə Cümhuriyyətinin Kars Kafkas universiteti arasında təhsil əlaqələrini genişləndirmək və mobilliyi artırmaq məqsədilə tədbirlər davam etdirilir. 22 aprel 2021-ci il tarixində bu ali təhsil ocaqları arasında növbəti onlayn dərs baş tutub. COVİD-19 pandemiyasına görə Microsoft Teams platforması üzərindən onlayn yayımlanan dərsə hər iki universitetin professor-müəllim heyəti, baytarlıq ixtisası üzrə təhsil alan tələbələr qoşulub.
LDU-nun rektoru vəzifəsini icra edən prof. Natiq İbrahimov tədbir iştirakçılarını salamlayaraq belə dərslərin keçirilməsinin hər iki universitet üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb, Kafkas Universitetinin rektoruna, mühazirə keçən müəllimlərə və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. LDU-nun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, dosent Zaur Məmmədov iki universitet arasında ortaq razılaşmaya əsasən pandemiya dönəmində onlayn dərslərin hər həftə davam etdiriləcəyini deyib.
Kars Kafkas Universitetinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri, professor Hacəli Nəcəfoğlu da çıxışında LDU-nun rektoru prof. Natiqİbrahimovu və tədbir iştirakçılarını salamlayaraq qarşılıqlı elmi əlaqələrin hər iki tərəf üçün böyük önəm daşıdığını, gələcəkdə də davam etdirilməsinin vacibliyini deyib. Pandemiyadan sonra əlaqələrin genişləndirilməsinin, təcrübə mübadilələrinin davamlı keçirilməsinin zəruriliyini qeyd edib, bütün bu tədbirlərin yüksək səviyyəli kadr hazırlığına müsbət təsirini xüsusi vurğulayıb.
Baytarlıq fakültəsinin dekani prof. Mete Cihan Kafkas Universiteti rəhbərliyinin bu dərsləri dəstəklədiyini bildirib və növbəti dərsi fakültənin professoru Cihan Kaçarın aparacağını tədbir iştirakçılarına anons edib.
Kars Kafkas Universitetinin Baytarlıq fakültəsinin dekan müavini dos. Erol Aydın Baytarlıq təbabəti 1-cü tədris ili tələbələrinə Qida gigiyenası və təhlükəsizliyi fənnindən «İribuynuzlu mal-qara yetişdirilməsinə müasir iqtisadi baxış və bu prosesdə baytar həkiminin rolu» mövzusunda geniş məruzə edib. Slaydlarla müşayiət edilən məruzədə iki ölkədə iri buynuzlu mal-qara yetişdirilməsi müqayisəli təhlil olunaraq, mövcud problemlərə toxunulub və bu sahədə baytar həkiminin rolu, görə biləcəyi işlər qiymətləndirilib. Lənkəran Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin dekan müavini Ruslan Mirzəyev, Baytarlıq və aqrar fənlər kafedrasının müdiri dos. Məlahət Ağayeva, fənn müəllimi Elşad Ağayev məruzə ətrafında fikirlərini bildiriblər.
Sonda dosent Erol Aydın tələbələrin suallarını cavablandırıb.
Qeyd edək ki, məruzənin mətni və slaydlar tələbələrin elektron ünvanlarına göndəriləcək.
LDU BEYNƏLXALQ ƏLAQƏLƏRİNİ ONLAYN FORMATDA  DAVAM ETDİRİR.


Mənbə:
Paylaş: