Geri

17/06/21

Şuşa Bəyannaməsinin təhsil və mədəniyyətimizin inkişafında rolu


Şuşa bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində daha geniş, çoxşahəli əməkdaşlığa imkan yaradan, ölkələrimizin strateji müttəfiqlik münasibətlərini ən yüksək səviyyəyə qaldıran tarixi bir sənəddir və belə bir sənədin Milli Qurtuluş Günündə, Azərbaycanın mədəniyyət paytaxtında imzalanması mühüm mənəvi və siyasi əhəmiyyət kəsb edir.

Bəyənnamədə iki qardaş ölkənin siyasi iqtisadi, müdafiə məsələləri ilə yanaşı, günümüzdə xüsusi aktuallıq kəsb edən təhsil, gənclər və idman, səhiyyə, sosial sahələrdə əməkdaşlığın genişləndirilməsi qeyd olunur. Bu isə Türk dünyasının davamlı inkişaf yoluna hesablanmış birgə təhsil və təlimlərin keçirilməsi, müasir texnologiyalara əsaslanan yeni tədqiqat modellərinin qurulması ilə təhsil, elm və mədəniyyət sahəsində görüləcək işlərə birbaşa təkan verir. Bəyannamədə qeyd olunan əməkdaşlığa istinad nöqtəsi isə ortaq tarixi milli-mənəvi dəyərlərimiz ilə yanaşı Türk dünyasının liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsi Ulu öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə qardaşlığının ən dəqiq ifadəsi olan “Bir millət, iki dövlət” şüarı vurğulanmaqla hər kəsin səbirsizliklə gözlədiyi hüquqi-siyasi statusu qazandı.

Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyini müəyyən edən Bəyannamədə beynəlxalq münasibətlər sistemində BMT, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Şurası da daxil olmaqla beynəlxalq təşkilatlarla iş zamanı bir-birinə qarşılıqlı dəstək göstərmələri xüsusilə əhəmiyyətlidir. Təhsil, elm və mədəniyyət sahələrində Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY çərçivəsində həyata keçirilən fəaliyyətlərin genişləndirilməsinə yer verilir. Şuşa Bəyannaməsində digər sahələrə toxunulduğu kimi, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq yeni, lakin təbii təməllərə, xalqlarımızın milli-mənəvi dəyərlərinə bağlı keyfiyyət mərhələsinə qədəm qoyur. Araşdırma göstərir ki, ölkələrin iqtisadi, sosial və mədəni tərəqqisində ən önəmli rol oynayan amillərdən biri də təhsil və tərəqqinin sürətidir. Ölkənin təhsil proqramının milli olması zəruriətinin şüura hakim olması şərti ilə Türkiyə Cümhuriyyətinin Ali təhsil müəssisələri və elmi tədqiqat institututları ilə təcrübə mübadiləsi və əməkdaşlıq önə çəkilir.

Hesab edirik ki, zamanında imzalanmış müqavilələr və sənədlərdə həlli gözlənilən və ya günün tələblərindən doğan bəzi problemlərin məhz Bəyannamə vasitəsilə həlli mümkün olacaqdır. Belə ki, təhsil sahəsində: diplomlar arası bərabərsizlik, məzunların təyinatı həlli, müxtəlif sahə və ixtisas sahiblərinin xüsusi elm, sənət dili yaratması tarixi bir zəruriət kimi qəbul ediləcəkdir.

Demokratik təhsil hər bir şəxsin qabiliyyətinə, ölkənin ehtiyaclarına və inkişaf imkanlarına uyğun məktəb və peşəni seçə bilməsidir. Dünyada bənzəri olmayan və eyni soydan gələn, eyni tarixi, dili və mədəniyyəti paylaşan insanların bir-birlərini tanımaları məqsədi daşıyan tələbə mübadiləsinin genişlənməsi, hər iki ölkənin tədqiqatçılarının araşdırmalar aparması, konqreslər, simpoziumlar, festivallar, sərgilər keçirməsi, kitab çapları, yüksək indeksli dərgilərdə birgə məqalələrin dərc edilməsi, birgə təhsil müəssisələrinin inşa edilməsi, mədəniyyət sahəsində iki ölkə mədəniyyətinə dair geniş işlərin görülməsi və digər sahələri özündə ehtiva edən inkişafa gətirəcəkdir.

Məlumdur ki, Azərbaycan ilə Türkiyə TÜRKSOY-un yaradıcı üzvləridir. Bu təşkilatın məqsədi-dili türkcə olan ölkələr arasında qarşılıqlı dostluq əlaqələri qurararq, ortaq türk tarixi mirasını və bütün mədəni dəyərləri araşdıraraq ortaya çıxarmaqdır. Qafqaz və türk xalqlarının mədəniyyətlərinin əsl ünsürlərindən olan Azərbaycan - türk mədəniyyəti Orta Şərqin eyni mədəni genlərini daşıyan bir qisim ölkələrlə yanaşı, Türkiyə ilə birlikdə ortaq mədəni arena yaradacaqdır.

Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi bir daha bunu sübut edir ki, bu əlaqələr iki ölkə arasında ümumi maraqlardan doğan, təbii zəruriətdən irəli gələn yeni bir keyfiyyət mərhələsidir. Bəyannamə digər sahələrlə yanaşı, təhsil, elm və mədəniyyət sahəsində inkişafa təkan verəcək gözləntiləri aşağıdakı istiqamətlər üzrə müəyyənləşdirmək olar:

- Ortaq mədəni tədbirlər və Mədəniyyət günləri intensiv keçiriləcəkdir;

- Hər iki ölkənin şəhərləri arasında əməkdaşlığın inkişafı məqsədilə qardaşlaşmış şəhərlərin sayı artırılacaq;

- İşğaldan azad olunmuş torpaqlarımızda ortaq mədəniyyətimizi təbliğ edən mədəniyyət müəssisələrinin yaradlmasını təmin edəcək;

- Ümumtürk mədəniyyətini özündə birləşdirən TÜRKSOY-un fəaliyyətini intensivləşəcək;

- Müxtəlif sahələri əhatə edən türkdilli elmi jurnalların təsis olunması sürətlənəcək;

- İki ölkənin zəruriət daşıdığı sahələr üzrə yüksək ixtisaslı kadr hazırlanma proresini inkişaf etdirəcək;

- Müasir təhsilə yiyələnmək məqsədilə iki qardaş ölkə arasında Tələbə mübadiləsini sürətləndirəcək;

- Hər iki ölkənin tələbələrinin və məzunlarının təhsil pillələri üzrə akademik göstəriciləri qarşı tərəfdə tanınacaq;

- Diplomların bütövlüklə tanınması və ikili diplom layihələrinin işlənilməsi təmin ediləcək;

- Beynəlxaql təhsil layihələrində əməkdaşlığı daha da genişləndirəcək;

Yuxarıda sadalanan gözləntilərin sistematik həyata keçirilməsi iki ölkə arasında keyfiyyətcə yeni mərhələnin yüksəlməsinə xidmət etməklə yanaşı, ali təhsil sistemində, o cümlədən, Lənkəran Dövlət Universitetinin xarici əlaqələrinin inkişafına yeni perspektivlər vəd edir.

Bəyannamədə yer alan prinsiplər göstərir ki, Azərbaycan və Türkiyə hər zaman olduğu kimi bundan sonra da bir yerdə olacaq, inkişaf və uğurlarını birlikdə təmin edəcəklər.

Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!

Zaur Məmmədov

Lənkəran Dövlət Universitetinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri

Şuşa Bəyannaməsinin təhsil və mədəniyyətimizin inkişafında rolu


Mənbə:
Paylaş: