Geri

25/06/21

LDU-da olimpiada qaliblərinin mükafatlandırılma mərasimi keçirilib


Lənkəran Dövlət Universitetində (LDU) 26 mart 2021-ci il tarixdə onlayn qaydada keçirilmiş olimpiada qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Xatırladaq ki, LDU-da riyaziyyat, fizika, kimya, informatika, biologiya və coğrafiya fənləri üzrə artıq 5 ildir ki, “Zona fənn olimpiadası” təşkil edilir. Bu dəfəki fənn olimpiadasında Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Neftçala rayonlarının orta ümumtəhsil məktəblərinin IX, X, XI sinif şagirdləri, LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kolleci, Astara Pedaqoji Kolleci və Masallı Dövlət Regional Kollecinin tələbələri daxil olmaqla 300-ə yaxın namizəd onlayn qaydada iştirak edib.

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov olimpiada qaliblərini qazandıqları uğurlara görə təbrik edib və bu nailiyyəti elm yolunda onların ilk addımı kimi dəyərləndirib. COVİD-19 pandemiyasının davam etdiyi hazırkı şəraitdə keçirilən onlayn olimpiadanı universitetin elmi uğuru və bu sahəyə diqqəti adlandıran universitet rəsmisi bilik yarışmasına həvəslə qatılan və qalib olmağı bacaran yeniyetmələri LDU-nun tələbələri sırasında görmək arzusunuda olduğunu deyib. N.İbrahimov son illərdə tədrisin təşkili , elmi tədqiqatların aparılması, tələbələr üçün əlverişli dərs şəraitinin yaradılması istiqamətində görülən işlərdən söz açaraq bu xəttin davamlı olacağını bildirib.

Rektor 44 gün davam edən və Azərbaycan Ordusunun Zəfəri ilə başa çatan müharibədə universitet məzunlarının, tələbələrinin, bütövlükdə Azərbaycan gəncliyinin fəal iştirakından da söz açıb.Bu müharibədə gəncliyin rolunu yüksək dəyərləndirən professor Natiq İbrahimov bildirib ki, azad edilmiş ərazilərin yenidən dirçəldilməsinə də gənclər öz töhfələrini verməlidirlər. “Yeni texnologiyaların yaradıcıları siz olmalısınız, onların tədbiqini siz həyata keçirməlisiniz. Ölkəmizin sabahı, elmi –texniki tərəqqisi sizdən asılıdır. Bu gün ölkəmizdə ixtisasını dərindən bilən mütəxxəssilərə, yaradıcı gənclərə böyük ehtiyac duyulur.Mən sizə elmin çətin yollarında uğurlar arzulayıram” -Natiq İbrahimov deyib.

Rektor olimpiada qaliblərinə universitetin diplom, kubok və qiymətli hədiyyələrini təqdim edib.

Sonda xatirə şəkilləri çəkilib.

LDU-da olimpiada qaliblərinin mükafatlandırılma mərasimi keçirilib


Mənbə:
Paylaş: