Geri

04/11/21

Zəfər şəhidi - Şəhid Cəsarət Xaliq oğlu Səfərov


Bu gün - noyabrın 4-ü Lənkəran Dövlət Universitetinin (LDU) tələbəsi Cəsarət Xaliq oğlu Səfərovun İkinci Qarabağ savaşında qəhrəmanlıqla döyüşərək şəhadət zirvəsinə yüksəldiyi gündür.

Cəsarət Xaliq oğlu Səfərov 2001-ci il iyun ayının 27-sində Bakı şəhəri, Suraxanı rayonunda anadan olub. Hələ orta məktəbdə oxuduğu illərdə Cəsarət təlim-tərbiyəsi, vətənpərvərliyi ilə hər zaman seçilib və nümunəvi şagird kimi müəllimlərin sevimlisi olub.

Cəsarət Səfərov 2018-ci ildə Lənkəran Dövlət Universitetinin “Aqrar və mühəndislik” fakültəsinin qiyabi təhsilalma forması üzrə Aqronomluq ixtisasına qəbul olunub. 2019-cu ildə təhsilini dondurub, iyul ayında Gəncəyə, hərbi xidmətə yollanan Cəsarət 2020-ci ilin 27 sentyabrında İkinci Qarabağ savaşı başlananda aktiv döyüşlərə qatılır. O, Füzuli, Zəngilan, Qubadlı və Xocavəndin alınması uğrunda gedən döyüşlərdə iştirak edir, cəsurluğu, igidliyi ilə seçilir. Son dəfə ailəsi noyabrın 3-ü Cəsarətlə əlaqə saxlayır. Noyabrın 4-ü Laçın istiqamətində gedən döyüşlərdə Cəsarətin qəhrəmanlıqla həlak olduğu, şəhidlik zirvəsinə yüksəldiyi xəbəri gəlir. C.Səfərovun nəşi 45 gün sonra, dekabrın 19-u ailəsinə təhvil verilir və II Fəxri Xiyabanda torpağa tapşırılır.

Vətən müharibəsi şəhidi Cəsarət Səfərov şəhadətindən sonra “Laçının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” , “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.

Allah rəhmət eləsin!

Zəfər şəhidi - Şəhid Cəsarət  Xaliq  oğlu  Səfərov


Mənbə:
Paylaş: