Geri

05/11/21

Zəfər şəhidi - Vüsal Kamran oğlu Kazımov


Lənkəran Dövlət Universitetinin (LDU) fəxr və qürur duyduğu şəhid məzunlarından biri də Vüsal Kamran oğlu Kazımovdur. Vüsal Kazımov 1990-cı il dekabrın 17-si Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olmuş, rayonun Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbində təhsil almışdır. Lənkəran Dövlət Universtitetinin Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasını fərqlənmə ilə bitirmişdir.

2017-ci ildən Lənkəran Dövlət Universtitetinin qiyabi şöbəsində İqtisadiyyat və idarəetmə fakültəsinin "Mühasibat uçotu və audit" ixtisası üzrə bakalavriat səviyyədə təhsil almışdır. Təhsili ilə bərabər Lənkəran şəhər gənclər və idman idarəsinin nəzdində UGİM-in direktoru vəzifəsində çalışmışdır.

Vüsal Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli əməliyyatında, Cəbrayıl uğrunda döyüşlərdə, Xocavənd rayonunun işğaldan azad olunmasında və Şuşanın azad edilməsində iştirak etmişdir. Sonuncu dəfə 26 oktyabrda ailəsi ilə əlaqə saxlamışdır. Şuşanın azad edilməsində şəhid olmuşdur. 29 noyabr 2020-ci il tarixində Lənkəran rayon Yuxarı Nüvədi kəndində böyük izdihamla dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən baş leytenant Kazımov Vüsal Kamran oğlu ölümündən sonra "Vətən uğrunda" medalı , Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı , Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

İki qız övladı yadigar qaldı...

Allah rəhmət eləsin!

Zəfər şəhidi - Vüsal Kamran oğlu Kazımov


Mənbə:
Paylaş: